Kimya, neft-kimya kompleksi
Kimya sənayesi hər bir ölkənin iqtisadiyyatının müasirləşdirilməsini, ETT-nin nailiyyətlərindən istifadəetmə səviyyəsinin dərəcəsini göstərən etibarlı indikatordur. Onun məhsullarından - plastik kütlələrdən, şüşədən maşınqayırma; gübrələrdən, kimyəvi zəhərləyici maddələrdən kənd təsərrüfatı; motor yanacağından, sürtkü yağlarından, sintetik yanacaqdan, nəqliyyat, habelə tikinti sənayesi istifadə edir.
Təsərrüfatı xammallarla, digər materiallarla təchiz edən, başqa istehsalların tullantılarını emal edən kimya sənayesinin özü elektrik enerjisinə, ayrı-ayrı növ avadanlıqlara, nəqliyyata möhtacdır. Energetika və maşınqayırma kimi, o da xalq təsərrüfatının demək olar ki, bütün sahələri ilə bilavasitə əlaqədə olub, onların inkişafına və daha düzgün yerləşdirilməsinə güclü təsir göstərir. Onun bir sıra xüsusiyyətləri vardır. Belə ki, o, bir çox keyfiyyətlərə görə natural məhsullardan keyfiyyətli olan yeni növ məhsullar yaradır. Belə məhsulların ayrı-ayrı sahələrə tətbiqi insanların əməyinə, eləcə də kənd təsərrüfatı xammallarına qənaət etmiş olur. Natural ipəyə nisbətən kapron istehsalına insanların əmək məsrəfləri xeyli miqdarda azalır. Digər tərəfdən, kimya sənayesinin kombinələşmə baxımından böyük imkanları mövcuddur. Daha doğrusu, kömür, neft, qaz, şist, torf və başqa yanacaq növlərindən həm elektrik enerji, həm də çox qiymətli kimyəvi məhsullar sayılan benzin, parafin əldə etmək məqsədi ilə istifadə olunması enerji-kimya kombinatlarının yaradılmasına imkan yaradır. Kimyanı başqa təsərrüfat sahələri ilə kombinələşdirdikdə koks-kimya, neft-kimya, meşə-kimya, şist-kimya kimi istehsal sahələri yaranır. Deyilənlərlə yanaşı kimya sənayesinin çox böyük xammal və yanacaq bazaları mövcuddur. Belə ki, kimya müxtəlif mineral sərvətlərdən, oduncaqdan, sudan, havadan, çox böyük istehsal tullantılarından geniş surətdə istifadə edir. Lakin kimya sənayesi üçün neftin emalından alınan yeni-yeni məhsullar, kokslaşdırılmış kömür əsas və başlıca xammal sayılır.
Müasir kimyanın 200-dən artıq strukrunda 1,0 milyondan çox sayda assortiment alınır.
Kimya sənayesində müxtəlif xammallardan istifadə edilməsi, kombinələşdirmə imkanlarının hədsiz ölçüdə olması kimya müəssisələrini hər yerdə yaratmağa imkan verir. Lakin kimya istehsalları çox elektrik enerjisi və su işlətdiyindən, başlıcası isə ərazinin sanitariya-gigiyena şəraitinə hədsiz mənfi təsir göstərdiyindən müəssisələrin hər yerdə tikilməsi məqsədəuyğun sayılmır.
Kimya sənayesi mineral xammal hasil edən mədən kimyasından; duzların, turşuların, mineral gübrələrin əldə edilməsinə yardımçı olan əsas kimyadan; karbohidrogen xammallarını, yarımfabrikatlar istehsalını zəruriləşdirən üzvi sintez kimyasından; plastik kütlələr, kauçuk, müxtəlif liflərin əldə edilməsinə kömək edən polimerlər kimyasından; avtomobil şinləri, polietilen plyonkalarının hazırlanmasını yaradan polimer materiallarının emalı kimyasından, habelə parfyumeriya, kosmetika, farmasebtika məhsulları verən zərif kimyadan ibarətdir.
Əsas kimyanın ən aparıcı məhsulları mineral gübrələr və müxtəlif turşular istehsalıdır. Kükürd turşusunu daşımaq çətin olduğundan onun müəssisələri istehlak rayonlarında yerləşdirilir. Kükürd turşusunu bəzən metallurgiya kombinatlarında da əldə edirlər. Burada xammal əlvan metalların əridilməsi zamanı ayrılan kükürdlü qazlar sayılır.
Kükürd turşusu istehsalı XX əsrin son illərində 120 mln tonu keçmişdir. Bu sahədə ABŞ, Kanada, Meksika, Yaponiya, Fransa, Polşa, Türkmənistan, AFR, İspaniya, RF, Ukrayna, Çin, Braziliya tanınırlar.
Dostları ilə paylaş: |