Digər xərclərə (təhsil müəssisələrinə çəkilən birbaşa xərclər istisna olmaqla) dövlət idarəetmə orqanlarının mərkəzi, regional və yerli səviyyədə təhsil sahəsinin idarə edilməsinə, eləcə də yoxlama, nəzarət, təhsil qrafiklərinin hazırlanmasına çəkilən xərclər aiddir.
Təhsil sahəsinə transfertlər (köçürmələr) iki növə ayrılır: müxtəlif səviyyəli hakimiyyət orqanları arasında transfertlər və ayrı-ayrı ev təsərrüfatlarına və hüquqi şəxslərə transfertlər (köçürmələr).
Müxtəlif səviyyəli hakimiyyət orqanları arasında transfertlər (köçürmələr) dedikdə, yuxarı səviyyəli hakimiyyət orqanları tərəfindən aşağı səviyyəli hakimiyyət orqanlarına edilən köçürmələrin xalis məbləği başa düşülür. Məsələn, mərkəzi hakimiyyət orqanı tərəfindən regional orqanlara köçürülən vəsaitin məbləği, regionlardan mərkəzə köçürülən vəsaitin məbləği çıxılmaqla təhsil sahəsi üzrə mərkəzdən regionlara transfertlərin ümumi məbləğinə bərabər olmalıdır.
Müvafiq regional orqanlardan keçərək mərkəzi hakimiyyət orqanları tərəfindən yerli hakimiyyət orqanlarına köçürülən vəsaitlər regional deyil, məhz mərkəzi hakimiyyət orqanlarının transfertləri hesab edilir.
Ayrı-ayrı ev təsərrüfatlarına və hüquqi şəxslərə təhsilə görə transfertlər (köçürmələr) və ödəmələr dedikdə, təhsil alanlara və onların ailələrinə, eləcə də hüquqi şəxslərə edilən transfertlər başa düşülür.
Ayrı-ayrı ev təsərrüfatlarına transfertlər təhsil alanlara və onların ailələrinə dövlət müavinətləri, təqaüdlər, digər qrantlar və istiqrazlar şəklində edilən maliyyə yardımlarıdır. Onlar aşağıdakı xərcləri əhatə edir:
-
Təhsil alanların ictimai nəqliyyatdan pulsuz və ya güzəştli şərtlərlə istifadə etməsi üçün xüsusi subsidiyalar;
-
Təhsil alanların statusu ilə əlaqədar olaraq, onların ailələrinə əlavə ödənişlərin və uşaqlarına müavinətlərin verilməsi.
Təhsil üzrə dövlət tərəfindən təqdim edilən müavinətlər, təqaüdlər və borclar həmin xərcləri bütövlükdə və ya qismən təmin edən hakimiyyət orqanlarının səviyyəsinə deyil, məhz onları təhsil alanlara təqdim edən hakimiyyət orqanlarının səviyyəsinə aid edilir. Məsələn, təhsil alan regional hakimiyyət orqanından borc alır. Borca verilən həmin məbləği isə sonradan mərkəzi hakimiyyət orqanı regional orqanına bütövlükdə və ya qismən ödəyir və borc regional hakimiyyət orqanları tərəfindən verilən borclara aid edilir.
Ayrı-ayrı hüquqi şəxslərə transfertlər (köçürmələr) və ödəmələrə müxtəlif müəssisələrə və qeyri-kommersiya təşkilatlarına, o cümlədən dini təşkilatlara verilən subsidiyalar aid edilir. Təhsil alanı qida və yaşayış yeri ilə təmin edən müəssisə və təşkilatlara ayrılan subsidiyalar da bu cür transfertlərdəndir.
Müxtəlif səviyyəli hakimiyyət orqanları arasında həyata keçirilən transfertlər (köçürmələr) dövlət xərclərinin ümumi məbləğinə daxil edilmir. Çünki, onlar dövlət sektoru çərçivəsində həyata keçirilən daxili pul köçürmələri olduğundan, təhsil üzrə dövlət xərclərinin ümumi məbləğinə təsir etmir.
Dostları ilə paylaş: |