1.3. Rotasiya üsulu ilə seçməni müəyyən edən bəzi amillər
Müəyyən müddət ərzində məlumatların yekunlaşdırılması zamanı kəsişməyən seçmələr daha səmərəli olur. (Buna görə dövrlər kəsişməyən alt dövrlərə bölürlər). Xüsusi qrupların tətbiqi zamanı kəsişən seçmələr üçün də qiymətləndirmələrin dəqiqliyini artırmaq olar. Kəsişən son vahidlər qrupu üçün belə üstünlük bəzən əhəmiyyətli ola bilər. Ancaq kəsişən seçmələr üçün dövrdən dövrə dəyişikliklərin qiymətləndirilməsi çox əhəmiyyətli olur. Şübhəsiz, ümumi dəyişikliklərin nəzərə alınması üçün qrup müayinədə olduğu kimi dövrdən dövrə eyni vahidlər müayinə olunmalıdır.
Kəsişmə dərəcəsi, həmçinin rotasiya sxemi dəyişikliklərin nəzərə alındığı dövr və ya dövrlərin uzunluğundan da asılıdır. Daha sadə seçmə müayinənin qonşu dövrləri arasında dəyişikliklər qeydiyyatda hesablanmışdır, belə ki, bu dövrlər üçün kəsişmə dərəcəsi maksimum olur. Daha mürəkkəb sxemlər bir-birindən uzaq olan dövrlər üçün seçmələrin daha çox kəsişməsinə aparır.
Rotasiya üsulu ilə seçilmə zamanı, şübhəsiz, maliyyə və təşkilati amillərə diqqət etmək lazımdır. Seçmə vahidlərinin əvəz olunması xərclərin artmasına səbəb olur. Seçmə üçün materialların hazırlanması xərcləri, sorğu aparanların yerlərinin dəyişdirilməsi, yeni respondentlərin aşkar edilməsi və onlarla əlaqə yaradılması xərcləri artırır. Göstərilən xərclər ilkin seçmə vahidlərinin və ya seçmənin digər yüksək səviyyəsində vahidlərin dəyişdirilməsi (əvəz olunması) zamanı daha çox olur. Statistik səmərəlilik və respondentlərin statistik yükünün azaldılması nöqteyi-nəzərindən vahidləri daha aşağı səviyyələrdə əvəz etmək məqsədəuyğundur. Bu səbəbdən rotasiya, adətən, son vahidlər səviyyəsində daha tez-tez olur, ilkin seçmə vahidləri səviyyəsində daha az olur və ya heç olmur.
Seçmədə vahidlərin saxlanılması respondentlərin artmasına, cavabların tam alınmamasına və məlumatların keyfiyyətinin azalmasına səbəb ola bilir. Müəyyən edilmişdir ki, fərq əvvəllər bir və ya bir neçə dəfə istifadə olunmuş alt seçmələrlə birinci dəfə istifadə olunan alt seçmələrin müqayisəsi zamanı daha aydın aşkar edilir. Respondentlərin məqsədəuyğun təkrar sorğulanma tədbirləri müayinənin aparılmasının sosial-mədəni şərtlərindən (mühitindən), müayinənin təyinatından və məzmunundan, müayinəni aparan təşkilatın xarakterindən və cəlb edilmiş sorğu aparanların hazırlığından asılıdır. İnkişaf etməkdə olan ölkələrin çoxunda, xüsusilə kənd yerlərində əhali statistik müayinəni aparan rəsmi və ya ictimai təşkilatlarla çox vaxt həvəslə əməkdaşlıq edir. Ancaq belə əməkdaşlığı təminatlı hesab etmək olmaz. Problemlər dövrdən dövrə alınmış cavabların, hətta eyni şəxsə aid informasiyanın dəyişmələri ilə əlaqədar əmələ gələ bilər. Bu, xüsusilə, cavabları “etibarnamə üzrə” almağa icazə verilən zaman aydın aşkar olur.
Seçmə vahidlərinin saxlanılması zamanı digər problemlə də, məhz, respondentlərin olduğu yeri və oxşarlığını tapmağa (tədqiq etməyə) cəhd edərkən meydana çıxan çətinliklərlə də qarşılaşmaq olar. Bir sıra hallarda problemin kəskinliyini (gərginliyini) mövcud əhalinin, daha mobil ailələrin və fərdlərin əvəzinə daha stabil (sabit) struktur vahidlərinin (yaşayış vahidləri, girişlər və s.) seçilməsi yolu ilə bir qədər azaltmaq olar. Bu, dövrlər arasında vahidlərin (fərdlərin və ev təsərrüfatlarının) real kəsişməsini azaldır.
Kənarlaşdırılan vahidlərin əvəz edilməsi. Seçmə vahidlərinin dövrdən dövrə ərazi vahidlərinin rotasiyası (əvəz edilməsi) baş verən müayinəni nəzərdən keçirək. Müəyyən müddətdə kiçik qruplarda bütün ərazi vahidləri ”istifadə edilmiş” olar. Belə vəziyyətdə prosesi davam etdirmək üçün ya a) seçmədə olan ərazi vahidlərini təkrar istifadə etmək, ya da b) istifadə olunmuş qrupları əvvəllər müayinə olunmamış qruplarla əvəz etmək olar. Birinci variant sadə və ucuzdur, lakin bəzən bu variantı eyni respondentlərin dəfələrlə sorğulanması zamanı respondentlərin əlavə yüklənməsi və cavabların “kənarlaşması” ilə əlaqədar arzu edilməz hesab edirlər. İkinci variant kiçik vahidlərin tədrici kənarlaşdırılması nəticəsində seçmədir (əgər belə kənarlaşmaların qarşısını almaq üçün xüsusi əməliyyatlar tətbiq edilməmişsə).
Təcrübədə çox hallarda “təkrar olunmayan dəyişən ” əsasında qrup və ya ərazi seçiminə müraciət edirlər, bu metod isə, eyni məcmuya dəfələrlə tətbiq edilmək üçün nəzəri cəhətdən mürəkkəbdir. Daha sadəsi, kiçik qrupları kifayət dərəcədə böyük vahidlər şəklində qruplaşdırmaq, sonra isə bu böyük vahidləri seçmə və rotasiya üçün istifadə etməkdir.
Seçmə həcminə nəzarət. Daimi müayinələr üçün seçmə ilə əlaqədar bir məsələ seçmənin həcminin həmişə tələb olunan səviyyədə qalmasını təmin etmək zərurətidir. Sxem və qeyd olunmuş seçmə vahidləri uzun dövr ərzində dəyişməz qaldığı zaman öyrənilən məcmunun təbii artımı ilə əlaqədar olaraq seçmə həcminin avtomatik artırılma meyli müşahidə olunur. Seçmə məcmusunun həcminin sabit qalması üçün dövri olaraq seçimi korrektə etmək lazımdır. Sadə metod müvafiq sabit vuruq əsasında və hər dövr və ya dövrlər qrupu üçün yeni seçmə məcmusunun ölçüsünə görə ümumi seçmə məcmusunu azaltmaqdır.
Dostları ilə paylaş: |