Elmin təcrübə bazasının statistikası. Qeyd edildiyi kimi, təcrübə işləri yeni məhsul nümunələrinin hazırlanması, işlənməsi və texnologiyaların təkmilləşdirilməsi məqsədi üçün aparılır və xüsusi (qeyri-standart) avadanlıqların, aparatların, cihazların, qurğuların, stend və maketlərin hazırlanması, təmiri və xidməti üçün eksperimental işlər yerinə yetirilir. Təcrübə bazalarının vəziyyəti və istifadəsi elmi-tədqiqat və işləmələrin nəticələrinin təcrübədə yoxlanmasını həyata keçirmək qabiliyyətini xarakterizə edir. Bu funksiyanın realizasiyası innovasiya prosesinin bütün mərhələlərinin təcrübə, sınaq istehsalı ilə əlaqəsini müəyyən edir. Təcrübə bazası ilə təminatın zəifliyi bir çox tədqiqatların nəticəsinin sınaqdan keçmədiyi üçün istehsalata tətbiqini çətinləşdirir. Təcrübə bazalarının fəaliyyətinin nəticəsinin qiymətləndirilməsi üçün onların yerinə yetirdikləri işlərin həcmi (istehsal olunmuş məhsul), o cümlədən təcrübə-eksperimental işlər, kütləvi məhsul istehsalı, elmi təşkilatın təcrübə bazasının avadanlığının təmiri və xidməti göstəricilərindən istifadə edilir. Elmin təcrübə bazasından istifadəni təyin edən ümumiləşdirici göstərici, tədqiqatlar və işləmələr məqsədi ilə yerinə yetirilmiş işlərin həcminin təcrübə bazasının yerinə yetirdiyi ümumi işlərdə payıdır.