Əsas vəsaitin aktiv hissəsinin keyfiyyət qiymətləndirilməsi. Belə təhlil üçün əsas vəsaitin hərəkəti (yeniləşməsi və sıradan çıxması), köhnəlməsi, yaş strukturu, xarici və avtomatik avadanlıqlar, onların dünya standartlarına uyğun texniki səviyyəsi haqqında məlumatlardan istifadə edilir. Ölkənin elmi potensialının qaldırılması üçün tədqiqatlarda və işləmələrdə istifadə edilən əsas vəsaitlərin aktiv hissəsinin bərpasına xüsusi fikir verilməlidir. Elm sahəsinə investisiyaların cəlb edilməsi ilə əsas vəsaitlərin yeniləşdirilməsi və istismardan çıxması arasındakı fərqi aradan qaldırmaq olar. Xüsusən də əsas vəsaitlərin fiziki köhnəlməsi, onun keyfiyyəti tədqiqatların nəticələrinə birbaşa təsir göstərir. Ona görə avadanlığın texniki səviyyəsinin təhlili üçün statistik müşahidələr aparılmalıdır. Bu müşahidələrdə əsas vəsaitin aktiv hissəsinin təhlili üçün məlumatlar toplanmalıdır. Bura əsasən aşağıdakı məlumatlar daxildir:
vacib layihələrin tədqiqində istifadə olunan elmi-tədqiqat və eksperimental qurğular;
dünya tədqiqat və müşahidələr sisteminə daxil olan elmi obyektlər.
Elmi cihaz və avadanlıqların texniki səviyyəsinin hərtərəfli təhlili üçün çoxölçülü təhlil metodlarından istifadə edilir. İlk növbədə texniki səviyyəsinə görə avadanlıqların klaster təhlili aparılır, yüksək texniki səviyyəli avadanlıqlar ayrılıqda təhlil edilir. Klasterlər (qruplar) üzrə orta qiymətlər məcmunun orta qiyməti ilə müqayisə edilir. Sektor, elm sahəsi, region, ölkə üzrə elmi təşkilatın avadanlıqlarının texniki səviyyə əmsalları hesablanır. Avadanlıqların texniki səviyyə əmsalının elmi təşkilatın fəaliyyətinə təsiri korelyasiya-reqressiya təhlili vasitəsi ilə qiymətləndirilir. Belə təhlillər elmi tədqiqatlara investisiyaların ayrılmasının statistik əsaslandırılmasını təmin edir.