Elmi–tədqiqat işlərinin səmərəliyi iş zamanın azaldılması, maşın və avtomatik qurğuların sürətlərinin artırılması, buraxılan məhsulun maya dəyərinin aşağı salınması, məmulun keyfiyyətinin artırılması, iş şəraitinin və ətraf mühitin yaxşılaşdırılması kimi göstəricilərlə şərtlənən, məh- suldarlığın artmasında özünü əks etdirir [3, 24, 25].
Qeyd olunan parametr heç də həmişə kəmiyyətlə ölçülə bilmir. Məsələn, əmək şəraitinin yaxşılaşdırılması və ya yeni inkişaf etdirilmiş tədris metodikasının məktəblərdə tətbiqinin səmərəliyini yalnız keyfiyyət göstəri- ciləri ilə qiymətləndirmək olar.
Tədqiqatların səmərəliyini qiymətləndirmək üçün müxtəlif meyarlardan
istifadə edirlər. Fundamental tədqiqatlarda əsas səciyyəvi göstərici kimi onların aktuallığı, nəzəri yeniliyi, konseptuallığı, təsdiq olunabilmə qabiliy- yəti, perspektivliyi və nəticələrin praktikaya tətbiqi öndə durduğu halda, tətbiq xarakterli elmi işlərdə ilk növbədə onun praktiki aktuallığı və vacibliyi, praktiki tətbiqolunma imkanları əsas götürülür. Fundamental elmlərdə alınmış yeniliklər yalnız bir neçə ildən sonra öz səmərəsini verir. Onların nəticələri sənayenin bir çox sahələrində tətbiq tapır, hətta tətbiqi əvvəlcədən gözlənilməyən sahələrdə də. Burada yalnız keyfiyyət meyarları əsasında qiymətləndirmə aparıla bilir: nəticələrin bir çox sənaye sahələrində tətbiqinin mümkünlüyü, daha aktual tədqiqatların prinsipial inkişafına təkan verən yeniliyin kəşfi, dünya elminin inkişafına töhfə verən fundamental monoqrafiyaların yazılması. Bu halda elmi işlər üçün əsas yenilik aktuallıq və səmərəlik sayılır (şəkil 1.3).
İqtisadi səmərəlik istehsalda canlı və maşın əməyinin ölçülməsi sayəsində əldə olunan maya dəyəri ilə ifadə olunur. Eyni zamanda elmi texniki səmərəlik elm və texnikanın inkişafının əsas bünövrəsi olan yeni elmi biliklərin artmasını xarakterizə edir. Sosial səmərəlik insanların həyat səviyyəsinin, səhiyyənin inkişafı, mədəniyyət, elm və təhsil, ekoloji şəraitin yaxılaşması və s. şəklində özünü büruzə verir [26].
Elmi–tədqiqat işlərinin səmərəliyinin qiymətləndirilməsində elmi mərkəzlərin fəaliyyətilə bağlı bütün kompleks işlərin (elmi işlərin icrası, tələbə və doktorantlara rəhbərlik, ixtira və patent araşdırmaları, nəticələrin çapı) nəzərə alınması vacibdir. Burada ali məktəbin elmi potensialı böyük rol oynayır. Ali məktəbin və elm mərkəzlərinin elmi potensialı elmi kadrların strukturu, məlumat və material–texniki təminatından asılı olduğu qədər də, elm sisteminin optimal təşkilindən və bütün strukturların çevik qarşılıqlı işləyə bilməsini təmin edən mühitdən asılıdır [15, 27].
Elmi mərkəzlərdə fəaliyyətin səmərəliyinin bir mənalı şəkildə qiymətləndirilə bilinməməsi probleminin iki əsas aspekti vardır. Birincisi yuxarıda qeyd edildiyi kimi iqtisadi xarakter daşıyır: tədqiqat nəticələrinin istehsala tətbiqi. İkinci aspekt koqnitiv səmərəlik adlanır. Koqnitiv səmərəlik əsas işi müşaiyət edən proses nəticəsində formalaşır: yeni elmi kitabların və dərsliklərin yazılması, elmi məqalələrin dərci, qazanılan biliklərə əsaslanan yeni mühazirələrin oxunması, konfrans və seminarların
təşkili, tələbələrin elmi işlərə cəlb olunması. Bütün bunlar ali məktəbin bir elm mərkəzi kimi elmi potensialının təsvir olunmasına imkan verir. Məlumdur ki, elmin tədris prosesinə və mütəxəssislərin hazırlığı prosesinə təsirini kəmiyyətlə ifadə etmək olmur. Ancaq bunu müsbət amil kimi nəzərə almamaq mümkün deyil. Təcrübə göstərir ki, ali məktəblərdə elmi– tədqiqat prosesinə cəlb olunan gənclər istehsalatda qarşılarına çıxan texniki və sosial problemləri qısa zamanda uğurla həll edirlər. Elə ali məktəbdə aparılan elmi–tədqiqat işlərinin səmərəliyinin dəyərləndirilməsinin məzmunu da bundan ibarətdir (şəkil 1.3).