Cəmiyyətin inkişafında elmin rolu Elm anlayışı, elmi biliklərin əldə olunması ilə bağlı olan yaradıcılıq fəaliyyətini əhatə edən: insan, idarə və təşkilatlar, cihaz və avadanlıqlar,elmi–tədqiqat işləri kimi təşkiledicilərdən ibarətdir. Elmlə məşğul olan insanın əsas məqsədi bir tərəfdən obyektiv bilikləri əldə etməkdən, digər tərəfdən onları nəzəri cəhətdən sistemləşdirməkdən ibarətdir. Ümumilikdə, elm – insanların mənəvi fəaliyyəti olub, təbiət, cəmiyyət haqqında biliklərin əldə olunması, həmçinin real faktlar və onlar arasında mövcud olan qarşılıqlı əlaqə əsasında həqiqətin öyrənilməsi və yeni qanunauyğunluqların aşkara çıxarılmasından ibarətdir.
Tarixi inkişafın gedişində elm cəmiyyətin istehsal gücünə çevirilərək, texniki proqresin əsas sütununu təşkil edir. Müasir texniki tərəqqi əsrində insanlar öz həyatlarında elmin rolunu və dəyərini daha aydın anlayırlar. Çağdaş cəmiyyətdə biliklərin mövcud sahələrində elmi–tədqiqat işlərinin aparılmasına, ətraf mühit haqqında daha çox məlumatın əldə edilməsinə, maddi rifahın yüksəldiməsinə xidmət edən yeni texnologiyaların yaradılmasına daha çox fikir verilir.
Elmin əsas məqsədi həqiqətin nəzəri olaraq qanunauyğunluqlarla təsvirindən ibarətdir. Elm yarandığı gündən bu tərəfə cəmiyyətin, düşüncənin və təbiətin bütün hadisələrinin mövcud tərəflərini aşkar etməyə xidmət edib. Onun əsas məqsədi kimi aşağıdakıları göstərmək olar:
- Cəmiyyətin, idrakın və təbiətdə hərəkət qanunlarının aşkarlan-
ması;
- Faktların yığılması, analizi və ümumiləşdirilməsi;
- Əldə olunan məlumatların sistemləşdirilməsi;
- Hadisələrin və proseslərin səbəbinin izahı;
- Hadisə və proseslərin proqnozlaşdırılması;
- Əldə olunan biliklərin praktiki tətbiqinin istiqamətləndirilməsi.
Heç də istənilən biliyə „elmi bilik“ adını vermək olmaz. Məsələn, əgər bilik yalnız sadə müşahidə yolu ilə aşkarlanıbsa, onda o hələ elmi bilik deyil. Insanların həyatında böyük rol oynamağına baxmayaraq belə biliklər müşahidə edilən hadisənin nədən və necə baş verdiyini izah etməyə, onun axınını qabaqcadan deməyə imkan vermir. Elmi biliyin düzgünlüyü təkcə onun məntiqi ardıcıllığı ilə deyil, həmçinin onun imkan daxilində praktiki sınağı ilə müəyyən olunur. Araşdırılan qanunauyğunluqlar elmi cəhətdən sərt abstraklaşdırılmış anlayışlar və sxemlər şəklində izah edilir.
Avropada elmin vətəni Qədim Yunanıstan sayılır. Orada insanlar ilk dəfə olaraq ətraf mühitin heç də onların hiss edərək anladıqları kimi olmadığı qənaətinə gəliblər. Yunanlar ilk dəfə olaraq təbiət hadisələrinin öyrənilməsində „hiss etməklə öyrənməkdən“ abstrak biliklərə keçərək ətrafda baş verən əsas faktların qanunauyğunluqlarını öyrənməyə cəhd etmişlər.
Orta əsrlərdə elm teologiyanın təsiri altına düşür və onun inkişafı ləngiyir. Sonralar N.Kopernikin, Q.Qalileyin, C.Brunonun etdikləri kəşflər sayəsində elm yenidən təkamül alaraq insanlarn gündəlik həyatında önəmli rol oynamağa başlayır. XVII əsrdən başlayaraq Avropada elm bir ictimai qurum kimi formalaşır: elmi cəmiyyətlər və akademiyalar yaranır, elmi dərgilər çap olunur, „alim“ anlayışı geniş yayılır. XIX–XX əsrdə elmin yeni təşkil forması meydana gəlir: elmi laboratoriyalar, institutlar və mərkəzlər bilavasitə elmi problemlərin araşdırılması ilə məşğul olurlar. Bu dövrdən başlayaraq elm istehsalın inkişafına önəmli təsir edir, onun mənəvi dayağına çevrilir.
Fəlsəfə, elmin müxtəlif sahələri arasında vacib əlaqələndirici rol oynayaraq dünyanın elmi təsvirini, eləcə də riyaziyyat, məntiq və kibernetika kimi ayrı–ayrı elmi fənləri ümumiləşdirərək elm anlayışını vahid üsullarla təchiz edir. Elmi, kompleks amillərin (nəzəriyyə, metodologiya, tədqiqat metodikası və texnikası) əldə olunan nəticələrin tətbiqindən ibarət sistem kimi təsəvvür etmək olar. Elmə əgər idrakın obyekt və subyektin qarşılıqlı təsiri kimi baxsaq, onda görərik ki, buradasöhb ət elmin konkret araşdırdığı obyektdən gedir. Məsələn, maliyyələşdirmə nəzəriyyəsinin obyekti maliyyələrin yaranma və inkişaf qanunauyğunluqları, onların əsası, təyinatı və işləməsindən ibarətdir; subyekti isə konkret maliyyə işçisi, mütəxəssis, tədqiqatçı, elmi təşkilat, elmi fəaliyyət, reallığın qanunauyğunluqlarını aşkara çıxarmaq üçün tətbiq olunan üsullardan ibarətdir.
Müasir elm bir neçə yüzilliklər öncə mövcud olandan kəskin fərqlənir. Daimi tərəqqi nəticəsində onun cəmiyyətlə qarşılıqlı əlaqəsi inkişaf edərək tam yeni müstəviyə qədəm qoymuşdur. Müasir elmə konseptual nöqteyi nəzərdən həm bilik, həm fəaliyyət, həm də bir sosial qurum kimi baxılır. Bilik onun özünəməxsus „substansı“ rolunu oynadığı halda, sosial qurum elm adamlarının birləşdirilməsi və onların birgə fəaliyyətinin təşkilinə xidmət edir. Bu qurumlar daxilində çalışan elm adamları maddi istehsal və mənəvi fəaliyyətdən fərqli olaraq bilik istehsalı ilə səciyyələnən yaradıcılığın xüsusi forması ilə məşğul olurlar. Maddi istehsalda bilik ideal vasitə kimi tətbiq edildiyi halda, elmi fəaliyyətdə ona əsas tədqiqat mənbəyi kimi baxılır. Nəticələri əvvəlcədən məlum olan işlərdən fərqli olaraq, elmi fəaliyyətin son nəticəsini qabaqcadan dəyərləndirmək mümkün deyil, çünki bu nəticələr özü-özlüyündə yenidirlər. Buna görə də, elmə həmişə digər fəaliyyət sahələrində inqilaba təkan verici bir qüvvə kimi baxılır. Elmi fəaliyyət sistemli xarakter daşıyır. O, yalnız biliyi əldə edib, onu müxtəlif üsullarla registrasiya etmir, həmçinin onu mövcud hipotez, qanun və nəzəriyyələrin köməyi ilə izah edir. Elmi fəaliyyətin bu üstün cəhəti alınan nəticələrin sistematik, ardıcıl və nəzarət olunan xarakterlərini sərt sübutetmə və əsaslandırmanın köməyi ilə daha yaxşı başa düşməyə şərait yaradır. Bununla bərabər bu fəaliyyəti çoxlu sayda hipotezlər, uydurmalar, ehtimallar müşaiyət edir. Ona görə də, elmi fəaliyyətlə məşğul olan işçilərin metodoloji cəhətdən hazırlanması, onların elmi mədəniyyəti, daimi təkmilləşdirilmələri, elmin qanunlarını və prinsiplərini düzgün tətbiq etmələri önəmlidir.
Elm cəmiyyətlə daima qarşılıqlı münasibətdə olaraq müəyyən təsirə malik qalır. Antik dövrdən fərqli olaraq müasir cəmiyyətin inkişafı çox vaxt elmi tədqiqatların mövzularını müəyyənləşdirir (məsələn, bəşəriyyətin xərçəng xəstəliyindən qurtulması üçün əlacın axtarılması). Aparılan elmi işlərin vəziyyətinə cəmiyyətdə mövcud olan texniki bazanın təsiri böyükdür. Fundamental elmlərin məqsədli aparılması praktiki elmlərin də ardıcıl inkişafına stimul verir. Cəmiyyət müəyyən elmi problemlərin çözülməsini birbaşa sifariş etsə də, elmin inkişafı özünəməxsus yolla davam edir. Məsələn, elm ehtiyatının inkişafı adlanan anlayış mövcuddur. Bu ehtiyat mövcud olmadan elm heç bir problemi həll etmək iqtidarında deyil. Elmin inkişaf prosesi öz əksini təkcə müsbət elmi biliklərin toplanmasında tapmır. O, həmçinin elmin bütün strukturunu əhatə edir. Hər bir tarixi mərhələdə elmi fəaliyyət müəyyən idrak formalarının toplumundan –izahetmənin üsulları, prinsipləri və sxemlərindən istifadə edir. Məsələn, antik dövr düşünmə tərzi üçün yalnız müşahidə yolu ilə biliyin əldə olunması səciyyəvi idi. Müasir dövrün elmi isə daha çox sınaqlara və dərindən araşdırılan problemin daha kiçik elementlərə bölünməsinə əsaslanan analitik yanaşmaya söykənir. Müasir elmi araşdırma bütövlüyə can atır və tədqiqat obyektinin hər tərəfli əhatə olunmasına cəhd edir. Hər bir elmi düşüncə tərzinin strukturu təsdiq olunduqdan sonra idrakın ekstensiv inkişafına, onun yeni sahələrə yayılmasına yol açır. Çox vaxt mövcud üsullarla izah oluna bilməyən elmi biliklərin toplanması elmin daha yeni, daha intensiv inkişaf yollarının axtarılmasını şərtləndirir ki, bu da öz növ bəsində elmi inqilablara səbəb olur. Nəticədə elmin əsas struktur təşkiledicilərinin radikal olaraq dəyişdirilməsi, idrakın yeni forması, elmin kateqoriya və üsulları meydana gəlir.