Nəşrlər məqsdindən asılı olaraq çox sahəli olsalar da, bizi ilk növbədə elmi tədqiqat işlərinin təşkili, aparılması və qiymətləndirilməsi üçün lazımı biliklərin əldə edilməsinə imkan verən elmi ədəbiyyatlar maraqlandırır. Buraya elmi, tədris, sorğu və məlumat nəşrləri aiddir. Ədəbiyyat o vaxt elmi sayılır ki, o nəzəri və eksperimental tədqiqatların nəticələrini təsvir etsin. Elmi ədəbiyyatın aşağıdakı növləri vardır.
Monoqrafiya- bir problemin və ya mövzunun tam və hərtərəfli, bir və ya bir neçə müəllif tərəfindən araşdırılmasını əhatə edən elmi kitab nəşridir.
Dissertasiyanın avtoreferatı – elmi dərəcə almaq üçün müəllif tərəfindən hazırlanmış, aparılmış tədqiqatların məzmununu qısa referat şəklində təsvir edən, broşür şəklində çap olunan elmi nəşrdir.
Preprint – nəşrdən öncə, ilkin xarakterli material kimi çap olunur.
Elmi işlərin məcmuəsi – elmi idarələrin, təhsil ocaqlarının və ya cəmiy- yətlərin nəzdində icra olunan tədqiqat materiallarının toplandığı məcmuədir.
Elmi konfrans materialları – elmi konfransda təqdim olunan proqramın, çıxışların, təklif və həllərin toplandığı qeyri dövrü çap olunan məcmuədir.
Elmi-populyar nəşr – elm, mədəniyyət və texnika sahəsində nəzəri və ya eksperimental tədqiqatlar haqqında məlumatları daşıyan, qeyri-ixtisasçı mütəxəssislər üçün nəzərdə tutulan nəşrdir.
Elmi tədqiqat prosesində biliklərin əldə edilməsi üçün dərsliklərin də rolu bilik mənbələri kimi böyükdür. Dərsliyə aid nəşr tədris prosesinin müxtəlif səviyyələrində iştirak edən tələbələrə tədris üçün əlverişli formada tərtib olunmuş elmi və ya tətbiqi xarakterli bilikləri sistemləşdirilmiş şəkildə əhatə edən nəşrdir. Tədris üçün nəzərdə tutulan nəşrlərə aşağıdakıları aid edirlər.
Dərslik – tədris proqramına uyğun gələn və verilmiş nəşr formasında rəsmi təsdiq olunmuş, tədris fənnini sistematik təsvir edən nəşrdir.
Dərs vəsaiti – dərsliyi tamamlayan və ya onu qismən əvəz edən, aidiyyati orqanlar tərəfindən rəsmi təsdiq olunmuş tədris vəsaitidir.
Tədris-metodiki vəsait – verilmiş fənnin tədris metodikasına aid materialları
əhatə edən vəsaitdir.
Sorğu kitabları – elmi və ya tətbiqi xarakterli qısa məlumatlar daşıyı- cısıdır. O, kitabı tam oxumadan, qısa zamanda axtarılan termin və ya mövzu haqqında məlumat əldə etməyə xidmət edir. Sorğu kitablarına lüğət və ensikloediyaları aid edirlər.
Elmi ədəbiyyatlar qeyri dövri, dövri və ya davamlı olaraq fərqləndirilirlər. Qeyri-dövri nəşrlərə yalnız bir dəfə çap olunan və davamı olmayanları aid edirlər. Buraya kitablar, broşürlər, vərəqlər və s. daxildir. Kitab həcmi 48 səhifədən çox olan nəşrdir. Büroşüraların həcmi 4 və ya 48 səhifə arasında yerləşir. Vərəqlərdə isə yalnız 4 səhifəyə qədər məlumatlar çap olunur. Dövri nəşrlər xüsusi nəşr növü olub, müəyyən vaxt intervalında məzmununa görə təkrar olunmayan materialların vahid formada tərtib olunmuş şəkildə çapına xidmət edir. Dövri nəşrlərə jurnalları, qəzet və bülletenləri aid edirlər.
Qəzetlər – dövri olaraq qısa müddətdən bir çap olunaraq, aktual ictimai- siyasi, elmi-texniki, ədəbi və digər məsələlər haqqında rəsmi materialları əhatə edir. Qəzetlər adətən böyük vərəqlərdə çap olunur.
Jurnallarda ictimai-siyasi, elmi, istehsal və digər məsələlər haqqında məqalə və referatlar, həmçinin ədəbi-bədii əsərlər çap olunurlar.
Bülletenlər dövri və ya davamlı nəşr olub, onu buraxan idarənin maraq dairəsinə aid olan rəsmi materialların qısa şəkildə operativ çapına imkan verir. Adətən dövri bülletenlər daimi rubrikaya malikdirlər. Misal olaraq birjaların dövri orqanı kimi buraxılan birja bülletenlərini göstərmək olar. Bu bülletenlərdə dövri olaraq qiymətli kağızların qiymətləri, əmtəələrin birja qiymətləri, bağlanılan alqı-satqılar haqqında məlumatlar işıq üzü görür.
Ədəbiyyatınseçilməsi Elmi materialların axtarılması mənbələrin nəzərdən keçirilməsi ilə onların seçilməsi arasında böyük əqli əməyi əhatə edir. Tapılan ədəbiyyatlar nə qədər çox olarsa, bir o qədər də, çalışıb onların dəyər- ləndirilməsi və seçilməsinə vaxtında başlamaq lazımdır. Bir sözlə bu işə axtarış prosesi ilə paralel başlamaq lazımdır. Əldə olunan ədəbiyyat mənbələrinin sayından asılı olmayaraq, onların hər birini müəyyən meyarlar əsasında qiymətləndirmək gərəkdir. Bu qiymətləndirmənin dəqiqliyi tapılan mənbənin əlçatan olmasından, həmçinin vaxtdan asılıdır.
Tapılmış ədəbiyyat mənbələrinin dərhal oxunması əvəzinə onlara ilkin qiymətin verilməsi məsləhətdir. Bunun üçün ədəbiyyat qısa nəzərdən keçirilməli, analiz olunmalı və sonrakı tətbiq üçün seçilməlidir.
İlkin qiymətləndirmə biblioqrafiyanın tərtibi zamanı aparıla bilər. Kataloqlarda verilmiş qısa informasiyaları bu məqsədlə istifadə etmək mümkündür.
Tapılmış ədəbiyyatların bir çoxu elə yerindəcə (əgər bu kitabxanada baş verərsə) nəzərdən keçirilə bilər. Ədəbiyyatın sonrakı tətbiqi üçün isə xüsusi yoxlama siyahısından istifadə edilir [29]. Şərti kitab misalında bu siyahı belə görünür:
Sərlövhə,
Müəllif,
Seriyası,
Nəşriyyat,
Nəşrin sayı,
Çap ili,
Giriş sözü,
Mündəricat,
Ədəbiyyatların siyahısı.
Əgər ədəbiyyat sistematik kataloqlardan tapılıbsa, onda kitabın məzmununun açar sözə uyğun gəlməsi yoxlanılmalıdır. Kitabın içindəkilərin tədqiqat mövzusuna uyğun gəlib-gəlməməsi əsasında elə bu mərhələdə ilkin seçimi etmək mümkündür.
Kitabın müəllifi məlum olduqda kataloqlardan onun digər kitablarını axtarıb baxmaq yeni dəyərli materialların qazanılmasına aparıb çıxara bilir. Eyni zamanda müəllifin elmi fəaliyyət sahəsinə bütövlükdə nəzər salmaq mümkündür. Gələcəkdə həmin müəlliflə maraq dairəsində görüşmək də tədqiqatçının gələcək elmi fəaliyyətinin genişlənməsinə yardım etmiş olar.
Çap olunan və rəqəmsal yayılan çoxlu sayda elmi məcmuələr və kitablar müyyən mövzular ətrafında seriyalar şəklində işıq üzü görürlər. Adətən bir seriya daxilində çap olunan ədəbiyyatlar mövzu baxımından qohum olurlar. Yəni, eyni seriyadan olan kitablara da baxmaqla yeni biliklər qazanıla bilər. Elmi nəşriyyatlar öz reputasiyalarına çox fikir verirlər. Burada çap olunan kitab proqramları və oxucu kütləsi onlar üçün çox vacibdir. Bu baxımdan nəşriyyatlarda buraxılan elmi kitabların kataloqu əsasında onların praktiki və ya elmi təmayüllü olmasını aşkar etmək çətin deyil. Bu yolla əldə olunmuş mənbəni qiymətləndirmək mümkündür.
Kitabın çap ilini biblioqrafik kataloqla müqayisə etməklə tapılan mənbənin aktuallığını, həmçinin yeni nəşrini aşkarlamaq olar.
Giriş sözü tapılmış ədəbiyyatın analizi üçün çox önəmli məlumat daşıyıcısı kimi mütləq oxunmalıdır. Burada işin məqsədindən əlavə, onun maliyyəsi, səbəbiyyəti (dissertasiya, mühazirələr, məruzələr və s.) və nəzərdə tutulan oxucu kütləsi haqqında məlumatlar da yer alır.
Kitabın mündəricatı onun içindəki informasiyalar haqqında ilkin ümumi məlumatı, mətnin strukturu və bölmələrin başlıqlarını göstərir. Səhifələrin sayından asılı olaraq kitabda bu və ya digər mövzuya ayrılan həcmə əsasən işin ümumi elmi istiqamətini qiymətləndirmək olur. Mündəricatın dərindən analizi çox vaxt kitabın lazımsız mütaliəsini qənaət etməyə şərait yaradır.
İstifadə olunmuş ədəbiyyatların siyahısını öyrənməklə artıq əldə olunan mənbələri yoxlamağa, həmçinin mövzuyla bağlı yeni mənbələrin tapılmasına şərait yaranır. Ədəbiyyatların siyahısı müəllifin apardığı tədqiqat üçün mütaliə etdiyi mənbələri göstərməklə, digər tərəfdən onun işinin aktuallığını və elmi çəkisini qiymətləndirməyə şərait yaradır. Göstərilən ədəbiyyatlar tapılmış elmi işin həm də yaranma tarixcəsini göstərir. Məsələn, əgər müəllif yalnız son illərdəki mənbələrə istinad edərsə, onda onun əvvəllər məlum olan fundamental, hələ də aktual olan bilikləri nəzərə almaması ehtimalı artır. Siyahıda göstərilmiş ədəbiyyatlar və onların müəllifini öyrənməklə tədqiqatçı araşdırdığı mövzuya yaxın olan daha yeni mənbələr əldə edə bilər. Müxtəlif kitabların ədəbiyyat siyahılarını sistematik analiz etdikdə tədqiqat mövzusuna aid olan ədəbiyyatlar özlüyündə qruplaşmağa başlayırlar. Çünki, bu sahə üzrə məşğul olan mütəxəssislər çox vaxt eyni və ya oxşar mənbələrdən istifadə edirlər.
Yuxarıda təqdim olunan, ədəbiyyatı yoxlama ardıcıllığı həmçinin digər elmi nəşrlərə (referatlara, jurnal məqalələrinə, dissertasiyalara və s.) də tətbiq edilə bilər.
Ədəbiyyat mənbələrinin axtarışı kifayət qədər nəticə vermədikdə bu seçilmiş mövzunun hələ geniş araşdırılmamasına dəlalət edir. Əksinə ədəbiyyat çoxluq təşkil etdikdə bu mövzunun daha dəqiq baxılmasını tələb edir ki, gələcək tədqiqat prosesində təkrarlanmaya yol verilməsin.