Somatik hüceyrələrin hibridləşməsi. Genetik mühəndisliyin problemlərindən biri somatik hüceyrələrin hibridləşməsidir. İlk dəfə olaraq 1960-cı ildə orqanizmdən kənar hüceyrələrin hibridləşməsinin mümkünlüyünü C.Barski müəyyən etmişdir.
1965-ci ildə Q.Xarris müəyyən etmişdir ki, somatik hüceyrələrin hibridləşmə effekti, onları, inaktivləşmiş Senday paraqripoz virusu ilə emal etdikdə artır. Hazırda müxtəlif növlərin və təsnifat nöqteyi-nəzərdən uzaq orqanizmlərin hüceyrələrinin birləşməsi üçün xüsusi üsullar işlənib hazırlanmış və müvəffəqiyyətlə istifadə olunur. Məsələn, insan hüceyrələri siçanın, iri buynuzlu heyvanın, toyuğun, ağcaqanadın və hətta bitkilərdən – yerkökü, tütün hüceyrələri ilə birləşə bilər.
Əgər yaxın növlərin hüceyrələri birləşirsə, onda hibrid hüceyrə mitotik bölünə bilər. Bölünmə zamanı bir növün xromosomları eliminasiya edir. Məsələn, insan-siçan hibrid hüceyrələrində insan xromosomları eliminasiyaya uğrayır. Sitogenetik analizdən istifadə etməklə insanın 23 xromosomundan hansının hibrid hüceyrədə özünə yer tapdığını müəyyənləşdirmək mümkün olur. Selektiv mühitdə onları becərərək hansı genlərin həmin xromosomda lokalizə olunduğunu müəyyən edirlər. Bu üsulla hazırda 2000-nə qədər gen insan xromosomlarında lokalizə olunmuşdur.
Allofen heyvanların alınması Ayrı-ayrı valideynlərin hüceyrələrindən alınan və müxtəlif toxumalardan ibarət olan ximer orqanizmlər allofen orqanizmlər adlanır. B.Mins qara və ağ rəngdə olan siçanların blastulalarını qarışdıraraq allofen siçanlar almışdır.
Sonrakı tədqiqatlarda digər əlamətlərə görə də, məsələn quyruqların uzunluğuna, qulaqların böyüklüyünə, gözün rənginə və s. görə siçanların blastomerlərini birləşdirmişlər.
Allofen nəsil almaq üçün siçanların mayalanmış yumurta hüceyrəsində səkkiz blastomer mərhələsində olan embrionları pronaza fermenti vasitəsilə bir-birindən ayırırlar. İki və ondan artıq embrionların blastomerlərini xüsusi qidalı mühitdə bir-biri ilə kombinə edib, vahid embrionun kompleksini yaradaraq implantasiya üçün hormonal hazır olan siçanın balalığına daxil edirlər. Doğulan siçanlar mozaik şəkildə olur və bütün valideynlərin əlamətlərini özlərində daşıyırlar.
Siçanlar üzərində işlənilən üsul son illərdə allofen qoyunların alınmasında da istifadə olunur.