Ekzogen mənşəli (aşınma) çatlar - Yer qabığının üst qatındakı süxurlar üçün səciyyəvidir. Bu çatlar aşınma zonasında temperatur amilinin təsiri, yəni fiziki (süxurların istidən qızıb soyuması, suyun donması-əriməsi), həmçinin kimyəvi aşınma nəticəsində yaranan çatlardır. Bu amillərdən süxurda suyun donması və açılması daha intensiv çat yaranmasına səbəb olur. Yerin dərinliyinə doğru temperaturun süxurlara təsirinin müəyyən bir qanunauyğunluqla baş verməsini (temperaturun gü-ndəlik və illik dəyişmə zonası) nəzərə alsaq intensiv çatlılıq və bol sululuq zonası 2-3 m, nisbətən zəif çatlılıq zonası 30-40 m dərinlik intervalında yerləşəcək. Daha dərin qatlara doğru aşınma çatları, onunla bərabər süxurların sululuğu azalır. Kəskin iqlim şəraiti və temperaturun dəyişmə amplitudasından asılı olaraq aşınma mənşəli çatlar bəzən 100 m, xüsusilə karbonatlı süxurlarda 200 m və daha çox dərinliyədək yayılır. Aşınma çatları ərazinin relyefindən də asılıdır, belə ki, dik yamaclarda çat daha çox olur.