Mühazirə 1
Kinematikanin əsasları. Bərabərsürətli və dəyişənsürətli hərəkət. Əyrixətli hərəkət. Fırlanma hərəkətinin kinematikası. Nyuton qanunları. İmpulsun saxlanması qanunu.
Plan
İrəliləmə hərəkətinin kinematikası.
Əyrixətli hərəkət. Tangensial və normal təcil.
Fırlanma hərəkətinin kinematikası.
Nyuton qanunları.
İmpulsun saxlanması qanunu.
İrəliləmə hərəkətinin kinematikası
Mexaniki hərəkət. Hesablama sistemi. Trayektoriya.
Yol. Yerdəyişmə
Təbiət hadisələrini öyrənən elmlərdən biri fizikadır.
Fizika (fyuzis – yunanca təbiət deməkdir) – təbiətin ən ümumi qanunauyğunluqlarını, bizi əhatə edən maddi aləmin quruluş və xassələrini öyrənən elmdir.
Ümumi fizika kursu mexanika, molekulyar fizika və termodinamika, elektrik və maqnetizm, optika, atom və nüvə fizikasından ibarət olub, adətən göstərilən ardıcıllıqla öyrənilir.
Mexanika materiyanin ən sadə hərəkət formasıni - mexaniki hərəkəti öyrənir.
Mexanikanın üç növü var: klassik mexanika, relyativistik mexanika, kvant mexanikası.
Klassik mexanika – ölçüləri atom və molekulların ölçülərindən çox-çox böyük, sürəti işıq sürətindən çox-çox kiçik olan cisimlərin hərəkət və qarşılıqlı təsiri haqqında elmdir.
Relyativistik mexanika – sürəti işığın vakuumda yayılma sürəti ilə müqayisə olunan cisimlərin mexanikasıdır.
Kvant mexanikası – Mikrozərrəciklərin hərəkətini öyrənir( ayrı-ayrı atomlar və elementar zərrəciklər).
Klassik mexanikanın üç tərkib hissəsi var: kinematika, dinamika və statika.
Kinematika – cismin və ya cisimlər sisteminin hərəkətini, bu hərəkəti doğuran səbəbləri nəzərə almadan öyrənir.
Dinamika – cisimlərin hərəkətini, bu hərəkəti doğuran bu və ya digər səbəblərlə birlikdə öyrənir.
Statika – cisimlərin tarazlıq şərtlərini öyrənir.
Mexaniki hərəkət – zaman keçdikcə cismin fəzada başqa cisimlərə nəzərən vəziyyətinin dəyişməsidir.
Mexanikanın əsas məsələsi–istənilən anda cismin fəzada vəziyyətinin təyin edilməsidir. Bu məqsəd üçün mexanikada sadələşdirilmiş – ideallaşdırılmış model olan maddi nöqtə anlayışından istifadə olunur:
Maddi nöqtə - verilmiş hərəkət şəraitdə ölçüləri nəzərə alınmayan cismə deyilir.
Cismin hərəkəti hər hansı nisbi sükunətdə olan digər cismə nəzərən öyrənilərsə, həmin cisim hesablama cismi adlanır.
Hesablama sistemi – hesablama cismi, onunla bağlı koordinat sistemi və vaxtı ölçən cihaz birlikdə hesablama sistemi adlanır.
Maddi nöqtə düzxətli hərəkət edirsə, onun vəziyyəti bir koordinat, müstəvidə hərəkət edirsə, iki koordinat, fəzada hərəkət edirsə, üç koordinat (şəkil 1) ilə təyin edilir.
Maddi nöqtənin fəzada vəziyyəti radius vektorla da təyin edilə bilir.
Radius vektor – koordinat başlanğıcını maddi nöqtə ilə birləşdirən vektordur və ilə işarə olunur.
Maddi nöqtənin hərəkəti zamanı onun koordinatları zaman keçdikcə dəyişir. Ümumi halda onun hərəkəti üç skalyar tənliklə
x = x(t)
y = y(t)
z = z(t)
və ya onlara ekvivalent olan r = r(t) vektorial tənliklə təyin edilir.
Trayektoriya – hərəkət edən maddi nöqtənin verilən hesablama sisteminə nəzərən cızdığı arasıkəsilməz xəttə trayektoriya deyilir.
Trayektoriyanın formasına görə hərəkətlər düzxətli və əyrixətli olur.
Yol – Müəyyən zaman fasiləsində maddi nöqtənin cızdığı hərəkət trayektoriyasının uzunluğuna gedilən yol deyilir.
Yol müsbət skalyar kəmiyyət olub, BS – də vahidi metrdir.
Yerdəyişmə - maddi nöqtənin başlanğıc vəziyyətini son vəziyyəti ilə birləşdirən vektordur.
Dostları ilə paylaş: |