Riyaziyyat tədrisi metodikasının digər elmlərlə əlaqəsi Riyaziyyat təlimi metodikası fəlsəfə, riyaziyyat, psixologiya, pedaqogika, məntiq, informatika, riyaziyyat tarixi və insan fiziologiyası kimi elmlərlə əlaqəlidir.
Fəlsəfə, xüsusən, onun tərkib hissəsi olan idrak nəzəriyyəsi metodik tədqiqatlarda və riyaziyyat təlimində istifadə olunur. Elmi idrak metodları-analogiya, ümumiləşdirmə, konkretləşdirmə, mücərrədləşdirmə və s. riyaziyyat təlimində də geniş istifadə olunur. Hətta ilk baxışda riyaziyyat təlimi metodikasından tamamilə uzaqda olan fəlsəfi müddəalar səciyyəvi riyazi fəaliyyətin əsasında durur. Fəlsəfənin “inkarı inkar qanunu” qurma məsələləri həllinə uyğundur.
Metodik problemlərin həllinə dialektik yanaşma riyazi təhsilin məqsədi və məzmunu arasındakı münasibəti müəyyən etməyə imkan verir. Fəaliyyətli yanaşma bilik böhranını aradan qaldırır. İnformasiya bilikləri fəaliyyət bilikləri tərəfindən inkar edilir. Biliklərin fəaliyyət konsepsiyası anlayışların formalaşması, isbat təlimi və məsələ həlli probleminin həllini hərəkətə gətirir.
Riyaziyyat təlimi metodikası öz problemlərinin həllində düzgün təfəkkür qanunlarını tədqiq edən məntiqə əsaslanır. “İfadə”, “teorem”, “isbat”, “tənlik”, “çıxarış qaydası” kimi anlayışlar məntiqi anlayışlardır. Lakin nəzərə almaq lazımdır ki, məntiqdə və riyaziyyat təlimi metodikasında istifadə edilən eyni terminlər müxtəlif məzmunlu anlayışları işarə edə bilər. Məsələn, məntiqdə isbat anlayışına ənənəvi olaraq sonlu nəzəri təkliflər ardıcıllığı kimi baxılır. Bu təkliflərin hər biri ya aksiomdur, ya da hər hansı çıxarış qaydası üzrə əvvəlki təklifdən alınır. Lakin riyaziyyat təlimi metodikasında bu fenomenin başqa mənası vardır.
Riyaziyyat təlimi metodikasının pedaqogika ilə, xüsusən, didaktika ilə əlaqəsi daha mürəkkəbdir. Didaktikada təlimi səciyyələndirən əsas münasibət “tədris-öyrənmə”dirsə, metodikada tədris-“tədris material-öyrənmə”dir. Didaktikanın əsas münasibəti metodikanın əsas münasibətindən onunla fərqlənir ki, ümumdidaktik qanunauyğunluqlar birbaşa metodikaya köçürülə bilməz. Qeyd etmək lazımdır ki, eyni bir qanunauyğunluğun müxtəlif tədris metodikalarına təsirinin öz xüsusiyyəti olacaqdır. Öz növbəsində tədris materiallarının məzmununa nəzərən invariant olan metodik qanunauyğunluq ümumdidaktik qanunauyğunluq statusu ala bilər. Deyilənlər tərbiyə qanunlarına da aiddir. Bu baxış daha mürəkkəbdir. Məlumdur ki, tərbiyə nəzəriyyəsinə əqli tərbiyə, estetik tərbiyə və i.a. daxildir. Onların hər birinin öz qanunları vardır ki, metodik analoqlar, burada pedaqoji qanunauyğunluqlardan fərqli ola bilər. Çətinlik ondan ibarətdir ki, metodikada bütün bu nəzəriyyələr sintez olunmalıdır. Bu isə metodik qanunauyğunluğun ayrılması problemini mürəkkəbləşdirir.
Analoji olaraq, anlayışın məzmunu didaktikada və metodikada fərqli ola bilər. Məsələn, didaktikada təlim metodları təhsil məqsədlərinin əldə edilməsinə istiqamətlənən müəllim və şagirdlərin fəaliyyət üsullarıdır. Metodikada isə təlim metodları idrak və tərbiyə məsələlərinin həllinə istiqamətlənən tədris materialının və müəllimlə şagirdlərin qarşılıqlı əlaqəli fəaliyyət üsullarıdır.
Riyaziyyat təlimi metodikası seçilən materialı yalnız məntiqi əsaslandırmır, o həm də yaddaş, təfəkkür, diqqət və i.a. qanunauyğunluqlarından, yaş qrupunun fərdi xüsusiyyətlərindən istifadə edərək onu bu və ya digər sinfin şagirdlərinin xüsusiyyətlərini uyğunlaşdırır. Deməli, riyaziyyat psixologiya ilə əlaqəlidir. Şagirdə diqqətin güclənməsi, onun inkişafı, özünüdərk etməsi, həyatda öz yerini axtarması və tapması bacarığının tərbiyəsi ilə səciyyələnən şəxsə istiqamətlənən təhsilin daxil edilməsi ilə əlaqədar psixologiyanın riyaziyyat təlimi metodikasına təsiri güclənir.
Orta riyazi təhsilin məzmununa riyazi anlayışlar, teoremlər, aksiomlar daxil olduğundan-riyaziyyat təlimi metodikası riyaziyyatla və riyaziyyat tarixi ilə əlaqəlidir. Metodika özünün məzmununu riyaziyyatdan götürür, riyaziyyat tarixi isə tədris fənninin qurulmasında bu və ya digər riyazi faktların kəşfi və əsaslandırılmasında baş verən çətinlikləri nəzərə almağa kömək edir. Riyaziyyatın inkişafı riyaziyyat təlimi metodikasına təsir göstərir. Yeni yanaşmaların, riyazi ideyaların meydana gəlməsi məktəb riyazi təhsilinin məzmununda dəyişmələrə səbəb olur. Lakin, təcrübənin göstərdiyi kimi, metodikada yeni riyazi konsepsiyaların nəzərə alınmasına çox ehtiyatla yanaşmaq lazımdır.
Son vaxtlar informasiyaların alınması, saxlanılması, çevrilməsi, ötürülməsi və istifadə edilməsini öyrənən informatikanın inkişafı ilə əlaqədar onun riyaziyyat təlimi metodikasına təsiri güclənir. Bir tərəfdən, bu təsir müəyyən təfəkkür tərzinin formalaşması, bir dildən digər dilə çevrilmə təlimi, kompüterdən istifadə edilməsi ilə əlaqədar bir sıra problemlər yaradır, digər tərəfdən isə-metodika riyaziyyat təlimi səmərəsinin yüksəldilməsinə xidmət edən yeni səmərəli vasitə və hətta informasiya texnologiyaları alır. Riyaziyyat təlimi metodikası öz tədqiqatlarında
fiziologiyanın dəlilləri və sübutlarının nəzərə almaya bilməz.