Yanma prosesində iştirak edən maddələrin təsnifatı
Texnogen fəaliyyət prosesində istifadə və ya istehsal olunan maddələri texnogen maddələr deyilir. Yanma nəzəriyyəsində öyrənilən texnogen maddələrin tərkiblərində yanan və yanmayan maddələr ola bilər. İlkin maddələr aqreqat hallarına görə aşağıdakı qruplara ayrılır:
qazlar;
mayelər;
bərk maddələr.
Yanar qazlara aşağıdakılar aiddir:
tərkibində kimyəvi aktiv elementlər olan, eyni yanar molekullardan ibarət bəsit qazlar;
yanan və yanmayan molekullardan ibarət olan qaz qarışıqları;
yanan və yanmayan maye və ya bərk hissəciklərə malik olan qaz qarışıqları.
Yanar mayelərə aşağıdakılar aiddir:
tərkibində kimyəvi aktiv elementlər olan eyni yanar molekullardan ibarət olan sadə mayelər;
yanan və yanmayan molekullardan ibarət olan maye qarışıqlar və ya məhlullar;
yanan və yanmayan maye və ya bərk hissəciklərə malik olan maye qarışıqlar və məhlullar;
qaz-maye qarışıqları – yanan və yanmayan qaz qarışıqlarına malik olan maye qarışıqlar.
Yanar bərk maddələrin aşağıdakı növləri vardır:
sadə tərkibli bərk maddələr – tərkibində kimyəvi aktiv elementləri olan eyni yanar molekul və ya hissəciklərdən ibarət sadə amorf və ya kristallik bərk maddələr;
mürəkkəb tərkibli bərk maddələr – yanan və yanmayan molekul və ya hissəciklərdən ibarət olan qarışıqlar və məhlullar;
bərk məsaməli maddələr – yanan və yanmayan qazlarla doldurulmuş mürəkkəb tərkibli bərk maddələr;
bərk maddə layı – bərk maddə parçalarından ibarət mürəkkəb tərkibli, ara sahələri yanan və yanmayan qazlarla doldurulmuş bərk maddələr;
aerozollar – hava mühitində asılqan vəziyyətdə olan, kiçik ölçülü bərk maddə hissəcikləridir.