Yanma prosesinin xüsusiyyətləri və fiziki-kimyəvi əsasları
Yanma prosesi, dar mənada, maddələrin oksigenlə kimyəvi birləşmə reaksiyasına deyilir. Demək olar ki, bütün maddələr bu və ya digər dərəcədə oksidləşməyə məruz qalırlar. Bəzən, kiçik sürətlə gedən oksidləşmə proseslərinə yavaş yanma prosesləri deyilir. Geniş mənada, istiliyin və işığın ayrılması ilə gedən, tez baş verə bilən bütün kimyəvi reaksiyalar yanma prosesinə aid edilir. Bu nöqteyi-nəzərdən, maddələr ancaq oksigendə deyil, digər mühitlərdə də yana bilər. Məsələn, bəzi metallar xlorda, natrium oksid karbon qazında, barıt isə ətraf mühit maddələrinin iştirakı olmadan yanırlar. Yanma prosesi, hər şeydən əvvəl, maddələrin çevrilməsi ilə müşayiət olunduğundan kimyəvi proses hesab olunur. Kimyəvi proses istilik enerjisinin ötürülməsi, diffuziya kimi fiziki proseslərə tabe olur. Bundan başqa, kimyəvi çevrilmə zamanı yanma məhsulları da alınır. Bütün bunlar onu göstərir ki, yanma prosesinə ümumi şəkildə sürəti, fiziki və kimyəvi hadisələrin intensivliyi və onların qarşılıqlı təsir xüsusiyyətləri ilə müəyyən olunan mürəkkəb fiziki-kimyəvi proses kimi baxmaq lazımdır.
Dostları ilə paylaş: |