Mühazirə 1 Torpaq ehtiyatlarının idarə edilməsi


Torpaqların meliorativ yaxşılaşdırılması



Yüklə 34,32 Kb.
səhifə2/4
tarix30.04.2023
ölçüsü34,32 Kb.
#104983
növüMühazirə
1   2   3   4
Mühazirə 1

Torpaqların meliorativ yaxşılaşdırılması
Professor M.R.Abduyev “Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması” əsərində bu ərazinin torpaqlarının şorlaşmasına, şorakətləşməsinə səbəb olan əsas amilləri aşağıdakı kimi qruplaşdırır:
 Kür-Araz ovalığı, o cümlədən Mil düzü vaxtı ilə dəniz suları altında olaraq Xəzərin qərb körfəzini təşkil etmişdir. Ərazinin dəniz sularından azad olması düzənliyin torpaqlarında asan həll ola bilən duzların toplanmasına səbəb olmuşdur. Abduyev hesablamalar nəticəsində müəyyən etmişdir ki, Kür-Araz ovalığının sıfır horizontalından aşağıda yerləşən sahəsində Xəzər dənizi sularının sonuncu çəkilməsindən sonra olan təsiri nəticəsində 74 mlrd. ton duz toplanmışdır. Bu miqdardan 101 mln. tonu Mil düzünün hesabına düşür.
Dəniz tamamilə geri çəkilən zaman həmin sahədə böyük laqunlar əmələ gəlmişdir. Belə laqunlara indi də Mil düzündə təsadüf etmək olur. Bunlardan ən böyüyü şor suyu olan Sarısu gölü hesab edilir. Bu laqunların təsvir etdiyimiz ərazi torpaqlarının şorlaşmasına təsiri böyükdür.
 Çox qədim zamanlardan başlamış indiyə kimi davam edən geokimyəvi axıntıların da Mil düzü torpaqlarının şorlaşmasında rolu vardır. Bu məhlullarda duzların miqdarı çox olduğundan onlar düzənliyin torpaqlarının şorlaşmasının qədim dəniz çöküntüləri kimi əsas fonunu təşkil edir.
 Məlum olduğu kimi, hər hansı düzənlik sahənin torpaqlarının və qrunt suyunun kimyəvi tərkibi və şorluğu müəyyən dərəcədə həmin sahəni əhatə edən dağlıq hissənin çöküntülərinin kimyəvi tərkibi ilə də sıx əlaqədardır. Belə ki, bu dağlarda olan çöküntülər, o cümlədən duzlu çöküntülər xarici təsirin nəticəsində aşınma prosesinə məruz qalaraq səthi və yeraltı axınlar vasitəsi ilə düzənlik sahəyə gətirilir. Mil düzündə mövcud olan səthi axınların əsasını çay suları və delüvial-prolüvial sular təşkil edir. Müəyyən edilmişdir ki, öz sularını Araz çayından götürən təkcə keçmiş Orcenikidze adına kanal vasitəsilə Mil düzünə ildə 174000 ton duz gətirilir. Bundan əlavə, ərazidə delüvial-prolüvial axınlar vasitəsi ilə də külli miqdarda duz gətirilir.
 Mil düzü torpaqlarının şorlaşmasına yüksək dərəcədə təsir edən amillərdən biri də ərazidə mövcud olan qrunt sularıdır. Bu suların torpaqların şorlaşmasına olan təsiri əsasən onların böhran səviyyəsindən, yəni dərinliyindən asılıdır. Müəyyən olunmuşdur ki, Mil düzü torpaqları üçün qrunt sularının böhran səviyyəsi 1,3-1,8 m. dərinlik hesab edilir. Bu, o deməkdir ki, qrunt sularının səviyyəsi yerin səthindən həmin dərinlikdə olduqda, onlar səthi buxarlanmaya məruz qalır və torpağın üst qatlarını şorlaşdırır.
Mil düzündə qrunt suları ərazinin relyef, geomorfoloji quruluşu və maillik dərəcəsindən asılı olaraq müxtəlif dərinlikdə yerləşmişdir. Mil düzündə qrunt suları bir çox hallarda torpaqları şorlaşdıra biləcək dərinlikdə yerləşmişdir.
 Torpaqların şorlaşmasında qrunt sularının təsiri eyni zamanda həmin suların minerallaşma dərəcəsindən də çox asılıdır. Bu halda qrunt sularının minerallaşmasının böhran dərəcəsi əsas götürülür. Qrunt sularının böhran minerallaşma dərəcəsi ümumiyyətlə hər litr suda 2-3 q hesab edilir. Azərbaycan şəraiti üçün bu rəqəm hər litr suda 5-6 q-a qədər qəbul edilə bilər. Mil düzü torpaqları üçün qrunt sularının böhran minerallaşma dərəcəsi hər litr suda 1-10 qramdır.
Qrunt sularının minerallaşması göstərilən dərəcədən yüksək olduqda, onların böhran səviyyəsində torpaqlarda şorlaşma prosesi gedir. Həmin suların minerallaşma dərəcəsi böhran dərəcədən az olduqda, qrunt suları çox dayaz yerləşdikdə, onlar belə torpaqların şorlaşmasına təsir göstərə bilmir.
 Torpaqların üst qatlarının şorlaşmasında torpaq və qruntda qədimdən qalmış duzların miqrasiyasının da rolu olduqca böyükdür. Bu halda torpaqda olan ilkin şorlaşma fonunda süni suvarmanın rolu xüsusilə nəzər diqqəti cəlb edir. Yuxarıda qeyd etdik ki, ərazi torpaqlarının alt qatları yüksək dərəcədə şorlaşmışdır. Bir sıra hallarda bu qatların susızdırma qabiliyyəti çox zəifdir. Ona görə də torpaqların suvarılması zamanı onlara hopmuş su çox da dərin qatlara keçməyərək torpağın orta qatlarında toplanır və burada olan duzları həll edərək asılı vəziyyətdə saxlayır. Beləliklə, torpaqda duzlu məhlul yaranır. İsti vaxtlarda səthi buxarlanma təsiri nəticəsində həmin məhlullar torpağın üst qatlarına qalxaraq onların təkrar şorlaşmasına səbəb olur. Bu hal suvarma qaydalarının pozulması nəticəsində artıq su itkisinə yol verilən zaman xüsusilə baş verir.
 Duzların torpaq profilindəki dövranında diffuziya prosesinin də rolu böyükdür. Duzların diffuziyası dedikdə, onların kəsafətinin torpaq məhlulunda bərabərləşməsi nəzərdə tutulur. Düzənliyin torpaqlarında duzların diffuziyası prosesinin getməsi üçün bəzi hallarda əlverişli şərait vardır. Bu prosesin getməsindəki əlverişli şərait dedikdə, biz torpaqların mexaniki tərkibinin ağır, susızdırma qabiliyyətinin zəif, su və duz ehtiyatının torpaqların bu və ya başqa qatlarında müxtəlif olmasını nəzərdə tuturuq.
Bu vəziyyət ərazinin dağətəyi zonasının suvarılmayan hissəsində aydın ifadə olunmuşdur. Burada torpaqların əksəri ağır mexaniki tərkibli olub, duzların çox hissəsi onların alt qatlarında toplanmışdır. Torpağın bu qatlarında nəmlik az, üst laylarında isə nisbətən çoxdur. Ona görə də ilk növbədə torpaqda olan rütubət onun alt qatlarına diffuziya yolu ilə hərəkət edir və sonra orada olan duzların torpağın üst qatına qalxmasına səbəb olur. Beləliklə, mütəmadi olaraq torpağın alt və üst qatlarında nəmlik və duzların diffuziyası, başqa sözlə, bərabərləşməsi prosesi gedir. Bu isə torpağın alt qatlarında olan duzların hesabına onun üst qatlarının şorlaşmasına səbəb olur. Bu proses torpaqda rütubətin miqdarı artdıqca daha da kəskinləşir.
 Duzların torpaq profilində miqrasiyasında fəal amillərdən biri də onların bioloji dövranıdır. Bildiyimiz kimi, bitkilər qidalandıqları mühitdən kökləri vasitəsi ilə bir sıra maddələri mənimsəyərək, onları öz gövdə, budaq və yarpaqlarında toplayır və ömrünü başa vurduqdan sonra həmin maddələri yenidən yaşamış olduğu torpağa qaytarır.
Duzların bioloji dövranında bitkilərin həyat fəaliyyətinin bilavasitə təsiri onların məhvindən sonra toplanan duzların miqdarına nisbətən daha böyükdür. Məlumdur ki, bitkilər torpaqdan bu və ya başqa qida maddəsini suda həll olmuş formada su ilə birlikdə qəbul edir. Bu halda onlar qidalandıqları torpaq qatının nəmliyini transpirasiya yolu ilə buxarlandıraraq, orada olan maddələrin, o cümlədən bitkilər üçün zərərli olan duzların kəsafətini artırır və nəticədə həmin duzların çöküntü şəklində orada toplanmasına səbəb olur. Beləliklə, bitkilərin kök sistemi çox yayılan qatda duzların daha çox toplanması müşahidə edilir.
Professor Abduyev sonda belə qənaətə gəlir ki, bu amillərin hər biri torpaqların şorlaşmasında düzənliyin geomorfoloji şəraitindən asılı olaraq ərazinin bu və ya başqa hissəsində üstün rol oynayır. Belə ki, dağətəyi zonanın yuxarı hissəsinin torpaqlarının şorlaşması əsasən səthi axınların təsirilə keçirsə, aşağı hissədə buna suvarma daha çox təsir göstərir. Kürün qədim deltası və çayların gətirmə konusları rayonlarında isə torpaqların şorlaşması əsasən qrunt sularının təsiri nəticəsində baş verir. Bütün bunlara baxmayaraq torpaqların şorlaşmasında göstərilən amillərin təsirini heç də bütün hallarda bu qaydada bir-birindən təcrid olunmuş formada göstərmək olmaz. Bu geomorfoloji rayonlar bir-biri ilə müəyyən əlaqədə olduqları üçün, sözsüz ki, həmin sahələrin torpaqlarının şorlaşmasına təsir edən amillərin arasında da müəyyən əlaqə, yaxud qarşılıqlı təsir olmamış deyildir.
Abduyevə görə, şorlaşmış torpaqların duzlardan azad edilib sağlamlaşdırılmasında ancaq kollektor-drenaj şəbəkələrinin tikilməsi ilə kifayətlənmək olmaz. Kollektor-drenaj şəbəkələri torpaqların sağlamlaşdırılmasında, sözsüz ki, ən vacib tədbirlərdəndir, ancaq bunlar təklikdə heç vaxt torpaqların əsaslı meliorasiyasını təmin edə bilməz. Bundan ötrü kollektor-drenaj şəbəkəsinin tikilişi ilə bərabər meliorativ tədbirlər kompleksinin birgə tətbiqi lazımdır. Kompleks meliorativ tədbirlər dedikdə, biz torpaqları sağlamlaşdırılacaq ərazinin əsaslı surətdə hamarlanması, torpaqların yuyulması, onların yuyulmadan sonra mənimsəyici və kənd təsərrüfatı bitkiləri altında istifadə edilməsi, düzgün suvarma qaydalarının və yüksək mədəni əkinçiliyin tətbiqi kimi vacib məsələlərin ardıcıl olaraq həyata keçirilməsini nəzərdə tuturuq. Bu halda torpaqların müəyyən olunmuş su normaları ilə yuyulması məsələsi əsas həlledici tədbirlərdən hesab olunur.
Professor Abduyev bu əsərində daha sonra qeyd edir ki, meliorativ tədbirlərin daha da yaxşı təsir göstərməsi üçün ərazidə kollektor-drenaj şəbəkəsinin lazımi qaydada saxlanılması, onların vaxtaşırı təmizlənməsi, yarımçıq drenlərin tikilib başa çatdırılması əsas şərtdir. Sahələrin əsaslı surətdə hamarlanması, şoran torpaqların yuyulması, yumadan sonra onların nisbətən duzadavamlı mənimsəyici və kənd təsərrüfatı bitkiləri altında istifadə edilməsi ən vacib şərtlərdəndir. Suvarma və aqrotexnika qaydalarına düzgün əməl edilməsini də unutmaq olmaz. Bütün bunlar Mil düzü torpaqlarının daha sürətlə yaxşılaşmasına, əkin sahələrinin çoxalmasına və kənd təsərrüfatı bitkiləri məhsuldarlığının artmasına ən yaxşı amildir.
Azərbaycan Respublikası ərazisinin 60%-ni dağ və dağətəyi rayonlar təşkil edir. Ona görə də, ölkəmizdə torpaqlardan səmərəli istifadənin əsas istiqamətlərindən biri eroziyaya qarşı tədbirlər sisteminin һəyata keçirilməsidir.

Yüklə 34,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin