Sənət sənət üçündür “Sənət sənət üçündür” bir sıra estetik konsepsiyaların şərti adıdır. Bu konsepsiyaların ümumi əlaməti onların bədii yaradıcılığı özünüyetərli hesab etmələri ilə bağlıdır. Bu konsepsiyanın tərəfdarları belə hesab edirlər ki, bədii yaradıcılıq siyasətdən, ictimai tələbdən, tərbiyə problemlərindən asılı deyil. Lakin mahiyyət etibarilə müxtəlif şəraitlərdə “sənət sənət üçündür” konsepsiyaları öz sosial və ideoloji mənbələri baxımından, həmçinin özlərinin obyektiv mənalarına görə müxtəlifdirlər. Çox “sənət sənət üçündür” konsepsiyaları müəyyən ədəbi məktəblərin və cərəyanların həddindən artıq utilitar məqsədlərdən, yəni gerçəklikdə qarşıya çıxan problemləri birbaşa həll etmək niyyəti ilə, həmçinin incəsənəti və ədəbiyyatı hakimiyyətə yaxud sosial təlimə tabe etmək cəhdlərinə qarşı reaksiya kimi meydana gəlir. Bu cür hallarda “sənət sənət üçündür” konsepsiyası ədəbiyyatı ona mahiyyəti etibarilə düşmən olan qüvvələrdən qorumaq məqsədi güdür. İncəsənət və ədəbiyyat bununla öz spesifikalarını, müstəqilliklərini qoruyub saxlamağa çalışırlar. Lakin bəzi hallarda bu konsepsiya incəsənətin nəyin bahasına olursa-olsun gerçəkliyə rəğmən gözəllik dünyasını yaratmaq cəhdini ifadə edir. Bu bəzi sənətkarlarda belə bir fikir formalaşdırır ki, incəsənət öz-özlüyündə hər bir şeyə qadirdir və xariqələr yarada bilər. Lakin əslində bu və ya digər sənətkarın təmiz incəsənət nümunəsi yaratmaq cəhdi uydurmadan başqa bir şey deyildir. Bu və ya digər incəsənət faktının “təmiz” incəsənət elan olunması diqqətlə araşdırılanda mistifikasiya olmasını büruzə verir və çox zaman bu və ya digər səbəbə görə oxucu kütlələrinin qəbul etmədikləri tendensiyalara yaxud ideyaları dolayı ilə müdafiə yaxud vəsf etmək məqsədi güdür. “Sənət sənət üçündür” ideyasının əlamətlərini artıq qədim yunan mədəniyyətinin düşkünlük dövründə müşahidə etmək olar. Yeni dövrdə “sənət sənət üçündür” konsepsiyası XIX əsr realistlərinin, məsələn, Floberin yaradıcılığında özünü büruzə verir.
Ədəbiyyatda impressionizm İmpressionizm termini fransız dilindəki “impression” (təəssürat) sözündəndir və ilk dəfə ədəbiyyatda yox, təsviri incəsənətdə meydana gəlmişdir. İlk dəfə bu terminə tədqiqatçılar təəssüratı ön plana çəkən sənətkarları ələ salmaq üçün istehza məqamında işlədirdilər. Lakin rəssamların özləri belə hesab etdilər ki, bu söz tamamilə yararlıdır və həqiqətən də onların çəkdikləri rəsm əsərlərinin mahiyyətini ifadə edir.
İmpressionizm XIX əsrin sonu XX əsrin əvvəllərində formalaşmış bədii istiqamətdir. Bu konsepsiyaya görə emosional baxımdan dünyaya açıq şəxsiyyət günəş işığına bürünmüş dünyanı görmək və təcəssüm etmək iqtidarındadır. Bu baxımdan impressionizm gerçəkliyin qavranılmasının yeni tipini kəşf etdi. Tipikliyi və ümümiliyi ön plana çəkən realistlərdən fərqli olaraq impresionistlər bütün diqqətlərini ayrı-ayrı əşyalara və fərdlərə verirdilər; onlar belə hesab edirdilər ki, gerçəkliyin həqiqəti ayrı-ayrı şəxslərin dünyanı öz subyektiv təəssüratları əsasında dərk etmələri və qavramları əsasında açıqlanar.
Ədəbiyyatda impressionizm fransız romançısı və novella ustası Gi do Mopassonun və şair Pol Verlenin əsərlərində öz əksini tapmışdır. Belə ki, Verlen lirik mimatürlər yaratmış onları bir-birinə təəssürat məntiqi əsasında birləşdirməyə cəhd göstərmişdir. Onun əsərlərində süjet əlaqələri müşahidə olunmur. Müəllif bu əsərlərində poetik yaxud musiqi əsərinin motiv, rolunu oynaya bilən müəyyən əhval-ruhiyyə ifadə etməyə çalışmışdır. Fransız yazıçıları Qonkur qardaşları öz “gündəliklərində” impressionizmin təkcə təsviri incəsənətdə deyil, söz sənətində özünü büruzə verə bilməsini mümkün hesab edir.
İmpressionizm Fransada təşəkkül tapmasına baxmayaraq qısa zaman ərzində faktiki olaraq bütün Qərbi Avropa incəsənətində və ədəbiyyatlarında yayılmışdır. Tədqiqatçılar onun izlərini Knut Qamsunun (Norveç), Kellermanın (Almaniya), Quqo fon Qofmanstalın əsərlərində üzə çıxarırlar.