Tibet yaylası
Kunlun və Himalay dağları arasında dünyanın ən böyük (sahəsi 2 mln. Km2) və yüksək (orta yüksəkliyi 4000-4500 m) Tibet dağlıq yaylası yerləşir. Tibet dağlıq yaylası relyefinin əsas formaları yüksək düzənliklər, dağarası çökəklər və sıra dağlardır. Şərq və cənubda bu formalarla bərabər dərin çay dərələri də vardır. Tibet yaylasında düzənliklərin dəniz səviyyəsindən yüksəkliyi şərqdə 4000-4200 m, qərbdə 4500-5000 m-dir. Bu düzənliklər üzərində hündürlüyü 6000-7000 m-dən artıq olan sıra dağlar ucalır. Bunlardan ən mühümləri qərbdə Ladak, Panqonq, ortada Alin-Qanqri (7315 m), cənubda Kaylas, Nyencen-Tanqla, şərqdə Tanqla, Dalay-Lama və s.-dir.
Tibet ərazisində qırışıqlıq hərəkətləri hələ paleozoyda olmuşdur. Lakin bu zaman dəniz ərazini tamamilə tərk etmir. Yura və tabaşir dövründə hələ Tibet ərazisinin geniş bir hissəsi dəniz suları altında idi. Ərazinin cox hissəsi də həmin dövrlərin çöküntülərindən ibarətdir.
Daha qədim kristallik və metamorfik süxurlar yaylanın cox yüksəyə qalxmış qərb, cənub, şimal, qismən də orta və şərq dağlıq sahəsində üzə çıxır. Üçüncü dövr (paleogen) çöküntüləri yalnız cənub və cənub-şərqdə və teknotik çökəklərdə müşahidə edilir. Mezozoyda Tibetin geniş əraziləri qırışıqlı tektonik hərəkətlərə məruz qalır. Paleogen və Miosendə ərazi dəniz səviyyəsindən az yüksələn təpəli düzənli gedir. Burada sürətli qalxma hərəkətləri Pliosen və IV dövrdə olmuşdur. Bu qisa geoloji vaxt ərzində Tibet yaylası 4000-5000 m, buradakı sıra dağlar isə daha çox yüksəkliyə qalxmışdır. Tibet yaylası və onu əhatə edən dağlar ucaldıqca iqlim də tədricən quraqlaşır, kontinentallığı artır. Tibet landşaftının ən əlamətdar ünsürlərindən biri göllərdir. Bunların qədim sahil xətti müasir səviyyədən 100-200 m yüksəklikdə yerləşir. Bəzi çökəklərin dibində şoranlar yerləşir. Bu onu göstərir ki, keçmişdə ərazinin iqlimi daha rütubətli olmuşdur.
Tibetin iqlimi cox sərin və qurudur. İyul ayının orta temperaturu +100 –dən aşağıdır.
Asiyanın bir çox böyük çayları öz mənbəyini Tibet yaylasının şərq və cənub hissələrində hündür dağlarda yerləşən qar və buzlaqlardan alır. Şərqi Tibetdə Xuanxe və Yantsızı, cənub-şərqdə Saluin, Mekonq çaylarının, cənubi Tibetdə isə Hind və Brahmaputranın yuxarı axarları yerləşir. Həmin çaylar və onların qolları əvvəlcə geniş tektonik çökəklərdə dayaz və terraslı dərələrdə axır, yaylanın kənarlarına yaxınlaşdıqca öz dərələrini çox dərinləşdirirlər. Tibetdə göllər çoxdur. Namtso, Kukunor, Sellinq və s. Ən böyük göl Namtsodur (sahəsi 1800 km2 –dir), dəniz səviyyəsindən 4627 m yüksəkdir. Təzyiqli isti və soyuq yeraltı bulaqları vardır.
Tibetin bitki örtüyü olduqca kasıbdır. Dağ tundrası geniş yer tutur. Düzənlik çökəklərdə dağ-səhra bitkiləri, bəzən dağ alp-çəmən bitkiləri yayılmışdır. Cənubda və şərqdə ağac bitkilərinə 3500-3600 m yüksəkdə belə rast gəlinir. Tibet yaylasından qərbdə Mərkəzi Asiyanın dağlıq sahəsi –Qaraqorum dağları yerləşir. Arxey və paleozoyun kristallik və metamorfik süxurlarından ibarət olan bu dağlar III və IV dövrdə çox intensiv qalxma hərəkətləri keçirmişdir. Qaraqorum yüksəkliyinə görə yalnız Himalaydan biraz geri qalır. Dağların orta yüksəkliyi isə Himalayda olduğundan çoxdur (6500 m). Bir sıra zirvələrin hündürlüyü 8 min m-dən artıqdır. Ən yüksək zirvə Coqoridir (8611 m). Qaraqorum dağlarında qar xətti çox yüksəkdə yerləşir (şimal yamacda 5900 m, cənub yamacda 4700 m). Qaraqorumda çox böyük buzlaqlar vardır. Buzlaqların uzunluğu 60-70 km-ə çatır, buzlaq dili dəniz səviyyəsindən 3000 m yüksəkdə qurtarır.
Dostları ilə paylaş: |