Maddi məsuliyyət. Əmək məcəlləsinin 191-ci maddəsinə müvafiq əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işə götürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə Əmək məcəlləsinə və ya müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqdan vurduqları ziyana görə maddi məsuliyyət yaranır.
a) ziyanın həqiqətən vurulduğu aşkar olunduqda
b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda
c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda
Vurulan ziyanın ödənilməsinin təmin edilməsi şərtləri Əmək məcəlləsinin 194-cü maddəsində nəzərdə tutulmuşdur. Yəni, ziyan vurmaqla təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.
Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.
İşə götürən işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıdığı hallar Əmək məcəlləsinin 195-ci maddəsində, işçiyə dəyən maddi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi qaydası 196-cı maddədə nəzərdə tutulmuşdur.
Əmək məcəlləsinin 197-ci maddəsinə uyğun işçiyə dəymiş maddi ziyanın ödənilməsinə baxılma qaydası göstərilmişdir. İcra ona vurulmuş maddi ziyanın məbləğinin ödənilməsi barədə işə götürənə ərizə ilə müraciət etməlidir. İşə götürən işçinin ərizəsində göstərdiyi iddiasını araşdırmalı və 15 gün müddətində müvafiq qərar qəbul edərək ona yazılı cavab verməlidir.
İşçi bütövlükdə və ya qismən işə götürənin qərarı ilə razılaşmadıqda, habelə müəyyən edilmiş müddət ərzində ona yazılı cavab verilmədikdə dəyən ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.
Əmək məcəlləsinin 200-cü maddəsinə görə tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işə götürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır.
İşə götürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işə götürənin əmri ilə həyata keçirilir.
Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edərsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.
Dostları ilə paylaş: |