Əmək mühafizəsi qaydalarının pozulmasına görə məsuliyyətlər
Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri Əmək məcəlləsinin 186-cı maddəsinə uyğun nəzərdə tutulur. Belə ki, işə götürən və işçi normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə ohdəlikləri icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
İşçi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisə daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər.
a) töhmət vermək
b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək
c) kollektiv müqavilədə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının
25% -i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək və s.
Əmək məcəlləsinin 310-cu maddəsinə görə istər işçilər, istərsədə işə götürənlər, istərsə də başqa fiziki şəxslər əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qayda ilə məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyalarını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
İnzibati məsuliyyət. Əmək məcəlləsinin 312-ci maddəsinə müvafiq əmək qanunvericiliyini pozan işçi, işəgötürən və digər fiziki şəxslər, inzibati hüquq pozmalar haqqında nəzərdə tutulmuş hallarda və müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər.
İnzibati məsuliyyət vəzifəli şəxsin müəyyən edilmiş qaydada cərimə olunmasıdır. Dövlət əmək müfəttişləri, həmkarlar ittifaqının texniki əmək müfəttişləri, Dövlətdağnəzarət, sanitariya nəzarəti orqanları inzibati qaydada cərimə etmək hüququna malikdirlər.
Dövlət nəzarəti orqanları əməyin mühafizəsi qaydalarının pozulmasına görə qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə cərimə edə bilərlər. Cərimə olunmuş vəzifəli şəxs on gün müddətində xalq məhkəməsinə şikayət edə bilər. Məhkəmənin şikayətlər barədə hökmü qətidir və bu hökmdən şikayət verilə bilməz.
Əmək qanunvericiliyinə görə inzibati məsuliyyətə yalnız istehsalatda sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına cavabdeh olan vəzifəli şəxslər kimi müəssisə rəhbərliyi, sahə rəhbərəri, baş mütəxəssislər, iş icraçıları, briqadirlər və başqaları cəlb olunurlar.
İnzibati cəzalar əməyin mühafizə qaydalarının pozulması faktı aşkara çıxarılan vaxtdan bir ay keçənə qədər verilə bilər.
Cinayət məsuliyyəti. Əmək məcəlləsinin 313-cü maddəsinə görə müvafiq ictimai – təhlükəli əməlləri ilə qanunvericiliklə müəyyən edilmiş əməyin mühafizəsi qaydalarını və ya işçilərin, işə götürənlərin hüquqlarını və qanuni mənafelərini, habelə Əmək məcəlləsinin tələblərini hər hansı formada kobud şəkildə pozan şəxslər Azərbaycan Respublikasının Cinayət məcəlləsində nəzərdə tutulmuş hallarda və müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə cəlb edilirlər.
Əmək qanunvericiliyinin qəsdən pozulmasında, işçilərin qeyri-qanuni işdən çıxarılmasında, qeyri-qanuni işdən çıxarılmış işçilərin işə qaytarılması haqqında məhkəmənin qərarı pozulduqda, işə qəbulun inkar edilməsində, hamilə qadınların və yaxud südəmər uşağı olan qadınların işdən qanunsuz azad edilməsində rəhbər və s. işçilər cinayət məsuliyyətinə cəlb olunurlar.
Əməyin mühafizəsi qaydalarının pozulması ilə bədbəxt hadisələr yarandıqda, yaxud yarana bilərsə, habelə ağır nəticəli hallar baş verdikdə vəzifəli şəxslər cinayət məsuliyyəti daşıyırlar. Cinayət məsuliyyətində təqsirkar vəzifəli şəxslərə cəza formaları müəyyən edilir: cərimə, işdən çıxarmaq, bir ilə qədər azadlıqdan məhrum edilmə, islah-əmək işlərinə cəlb edilmə, vəzifədən kənar edilmə.
Əməyin mühafizəsi qaydalarının pozulması işçinin zədələnməsinə və ya əmək qabiliyyətinin itirilməsinə səbəb olmuşdursa, üç ilə qədər azadlıqdan məhrum edilmə və ya bir ilə qədər islah əmək cəzası verilir. Əməyin mühafizəsi tələblərinin pozulması ölüm və bir neçə şəxsin ağır zədələnməsi ilə nəticələnmişdirsə, beş ilə qədər azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulur.
Vəzifəsi olmayan şəxsin əmək mühafizəsi qaydalarını pozması nəticəsində işçi bədbəxt hadisəyə düçar olmuşdursa, həmin şəxs müqəssir kimi cinayət məsuliyyətinə cəlb edilə bilər.
Dostları ilə paylaş: |