İş yerinə görə təlimat. İşə qəbul edilən işçi giriş təlimatı aldıqdan sonra nəzarət vərəqəsi ilə nəzərdə tutulan iş yerinə göndərilir. İş yerinə görə (peşə üzrə) təlimat növünü laboratoriya müdiri, emalatxana müdiri və başqaları iş yerinə təzə gələn işçilərə işin (peşənin) xüsusiyyətinə uyğun keçir. İş yerinə görə təlimatlandırma zamanı işçiyə aid olan məsələlər ətraflı başa salınır. İş yerinə görə təlimatın keçilmə müddəti işin xüsusiyyətinə uyğun müəyyən edilir.
Təlimatlandırma zamanı işçilərə aşağıdakı məsələləri başa salmaq və öyrətmək nəzərdə tutulur:
1. İş yerinin (maşın, mexanizm, avadanlıq və s.) quruluşu, iş prinsipi, işdə baş verə biləcək təhlükəli hallar və təhlükənin aradan qaldırılma yolları.
2. İş yerinin təmiz və səliqəli saxlanılması.
3. Fərdi mühafızə vasitələri və qoruyucu quruluşlardan istifadə etmək qaydaları.
4. Bədbəxt hadisələrdən zərərçəkənlərə ilk yardım qaydaları.
5. İş yerində tələb olunan təhlükəsizlik, sanitariya-gigiyena, yanğın təhlükəsizliyi qaydaları.
İş yerinə görə təlimat keçildikdən sonra təlimatların keçirilməsi barədə jurnalda qeydə alınır. İş yerində təlimatın sənədləşdirildiyi jurnal işçinin işlədiyi müəssisədə saxlanılır.
İş yerinə görə təlimat, əsasən işçi bir iş yerindən digər iş yerinə keçirilərkən, istehsalat təcrübəsinə gəlmiş şagird və tələbələrlə, yeni iş yerinə yetirən işçilərlə, tikinti-quraşdırma işləri aparanlarla və s. keçilir. Bütün hallarda təlimatın keçirilməsi yuxarıda göstərilən xüsusi jurnalda qeydə alınır.
Təkrar təlimat. Bütün işçilərin əmək mühafızəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, əməyin gigiyenası, yanğın təhlükəsizliyi barədə mövcud qayda və təhlükəsiz iş üsullarını, habelə təlimatları hansı səviyyədə bilməsini müəyyən etmək üçündür. Bu məqsədlə ildə iki dəfədən az olmayaraq bütün işçilər təkrar təlimat növünü keçməlidirlər. Təkrar təlimat mövsümi işlərə uyğun, yaxud müəssisə yeni iş pririsipli maşınlar, kimyəvi preparatlar aldıqda həmin işlərə görə uyğun sahənin baş mütəxəssisi tərəfindən keçirilir. Təkrar təlimat zamanı işçilərə daha təhlükəsiz iş üsullarını təmin edən məsələlərə fikir vermək, onların mükəmməl nəzəri və praktiki biliyə malik olmasına çalışmaq lazımdır.
Uyğun sahənin baş mütəxəssisi işçilərə təkrar təlimat zamanı, əsasən aşağıdakı məsələləri başa salmalıdır:
1. Görüləcək işin məzmunu, həmin işə uyğun təhlükəsiz iş üsulları.
2. Görüləcək işlərə uyğun tələb olunan təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi qaydaları.
3. Fərdi mühafızə və qoruyucu vasitələrdən düzgün istifadə etmək və onları sınaqdan keçirmə qaydaları.
4. İş yerinin düzgün təşkil edilməsi.
5. Zərər çəkmiş şəxsə həkimə qədər ilk yardım qaydaları.
6. Maşın və mexanizmlərin istismar qaydalarına düzgün əməl olunması və s.
Təkrar təlimatı keçməkdə məqsəd fərdi və qrup halında eyni ixtisaslı işçilərin təsdiq edilmiş proqram əsasında əmək mühafizəsi sahəsində norma və qaydaları bilmək səviyyəsini artırmaqdan ibarətdir.
Təkrar təlimat öyrədilib qurtardıqdan sonra əməyin mühafızəsinə görə qüvvədə olan “Təlimatların öyrədilməsi barədə qeydiyyatlar” jurnalında sənədləşdirilib qeydi aparılır. Jurnalın forması iş yerinə görə təlimat növündə göstərilmişdir.
Dostları ilə paylaş: |