Nitq, yaxud verbal etiket. Nitq etiketi salamlamanın, tanışlığın, təbrikin, arzunun, təşəkkürün, üzr istəmənin, xahişin, dəvətin, məsləhətin, təklifin, təsəllinin, acımanın, başsağlığının, komplimentin, tərifin sözlə ifadə edilməsi düsturlarını nizamlayır. Nitq etiketinə həmçinin danışmaq tərzini (o cümlədən telefonla) və söhbət etmək bacarığını da aid edirlər.
Mimika və jestlər. Bir çox xalqlar özünün spesifik salamlaşma, vida, razılıq, inkar, təəccüb jestlərinə malikdirlər. Bu jestlər müxtəlif çalarlara malik ola bilərlər: bitərəf, təntənəli-mərasim, saymazyana-bayağı. Həmsöhbətə və söhbətin mövzusuna münasibət həmçinin mimika, gülüş, baxışların istiqaməti vasitəsilə ifadə edilə bilər.