Bəs Yazıdakı Bəzi Orijinal Xüsusiyyətləri Nə Zaman Saxlamalı?
Parafraz edərkən, hərdən müəllifin sözlərini ilkin mənbədə - orijinalda olduğu kimi saxlamaq zərurəti yarana bilər. Misal üçün, siz yəqin müşahidə etdiniz ki, biz müəllifin “məhsul və xidmətlərin istehsalında” ifadəsini olduğu kimi saxladıq, çünki bu ifadəni başqa sözlərlə yenidən ifadə etmək çətin idi. Hər halda, sitat gətirilən parçadakı dırnaq işarələrindən də göründüyü kimi, həmin sözlərin müəllifin olması bəllidir, eyni zamanda müəllifin adı, yazının nəşr ili və sitatın gətirildiyi səhifə nömrəsi də verilmişdir.
Sitatlardan istifadədən savayı, bəzi frazalar ilkin mənbədə olduğu kimi saxlanılmışdır. Məsələn, “fiziki kapital” və “insan kapitalı”. Bunun səbəbi odur ki, bu frazalar müəyyən bir sahə - iqtisadiyyat sahəsində qəbul edilmiş frazalardır və müəllifin özünəməxsus ifadə formaları deyil. Daha önəmlisi isə budur ki, “fiziki kapital” və “insan kapitalı” dəyişilə bilməyəcək məfhum adlarıdır. Eləcə də, “məhsullar və xidmətlər” ifadəsini də saxladıq, çünki bu ifadə akademik mühitdən kənar bir çox başqa kontekstlərdə də ümumi şəkildə işlədilən, qəbul edilmiş ifadədir. Bu frazaları işlədərkən dırnaq işarələrinə ehtiyac yaranmaya bilər, lakin əgər buna əmin deyilsinizsə, ehtiyatlı olmaq – mənbəni göstərmək və dırnaq işarələrini vermək ən yaxşı yoldur. Amma yenə də, çalışın ideyanı öz sözlərinizlə verəsiniz.
Müəllif ideyalarını öz SÖZLƏRİNİZLƏ verə bilmək - sizin akademik mühitdə elmi yazılar yazarkən ən çox istifadə edəcəyiniz BACARIQdır.
Müəllif ideyalarını öz sözlərinizlə demək metodları
Başqalarının ideyalarını öz sözlərinizlə parafraz etmə bacarığını inkişaf etdirmək üçün ən yaxşı yol akademik yazıda işlədə biləcəyiniz söz bazanızı inkişaf etdirməkdir. Bunlara müxtəlif qruplara bölünmüş fellər siyahısı daxildir və bu fellər yazınıza inteqrasiya edilə bilər. Bu sözlər müəllifin ideyalarını yekunlaşdırmaqda və digər müəlliflərin də sözlərini lazımi şəkildə parafraz etməkdə sizə yardımçı ola bilər. Bu siyahıdakı fellər qrupuna öz sözlərinizi də əlavə edə bilərsiniz: şərh vermək, qeyd etmək, işarə etmək, istinad etmək, nəql etmək; fərz etmək, xəbər vermək, nəzəriyyələşdirmək, konseptuallaşdırmaq, anlamaq, nümayiş etdirmək, və s. Daha geniş siyahı üçün Əlavə 2-yə baxa bilərsiniz.
Dostları ilə paylaş: |