3. Xaricdə ali təhsil sistemi Xaricdə ali təhsil, əsasən, universitetlərdə həyata keçirilir: tələbələrin böyük qismi aparıcı ali təhsil müəssisəsi kimi universitetlərdə təhsil alır. Bundan əlavə konkret ixtisaslar üzrə ali təhsili institutlarda, bəzi ölkələrdə (məsələn, ABŞ-da, İngiltərədə) ali kolleclərdə də (təhsil müddəti 4-5 il olur) almaq mümkündür. Kolleclər universitetlər nəzdində və ya müstəqil fəaliyyət göstərir. Məsələn, Oksford Universitetinin nəzdində 30-dan çox kollec fəaliyyət göstərir. Ali təhsil almağın nisbətən geniş yayılmış forması qiyabi təhsildir. İngiltərədə tələbələrin 50%-i bu formada təhsil alır. Bu hal təhsil haqqının yüksək olması ilə bağlıdır. Tələbələr təhsil haqqını ödəmək üçün işləmək məcburiyyətində qalırlar. Xarici ölkələrin böyük qismində dövlət ali məktəbləri ilə yanaşı, qeyri-dövlət 16 (özəl) təhsil müəssisələri də geniş yayılmışdır. Belə ali məktəblər ayrı-ayrı şəxslər, təhsil korporasiyaları, monopolist ittifaqlar və s. tərəfindən açılır. Məsələn, ABŞ-da ali məktəblərin yarıdan çoxu özəl məktəblər olub iri korporasiya və monopoliyaların fondu hesabına maliyyələşir. Yaponiyada bütün ali məktəblərin 72%-i bu cür fəaliyyət göstərir və ölkədəki tələbələrin 70%-dən çoxunu əhatə edir. Bəzi ölkələrdə isə ali təhsil müəssisələri, əsasən, dövlətə məxsusdur (İngiltərə). Bir çox ölkələrdə fərdi qaydada təhsil geniş yayılmışdır. Tələbələr özləri üçün fərdi tədris planı seçir və tyutor-müəllimin rəhbərliyi altında işləyirlər. Ali məktəbə qəbulu, bir qayda olaraq, ali təhsil müəssisələri özləri müsabiqə əsasında aparır. Qəbulda orta məktəbdə alınan ballar həlledici əhəmiyyət kəsb edir. Xaricdə ali məktəblər üçün ümumi cəhət tələbələrin mənimsəmələri üzərində sistemli nəzarət aparılmasından və təlim göstəricilərinin ciddi şəkildə hesaba alınmasından ibarətdir. Yoxlama, nəzarət həm universitetdaxili, həm də müvafiq qurumlar tərəfindən həyata keçirilir. Bəzi ölkələrdə (məsələn, Almaniyada) universitet məzunları iki il ixtisas üzrə işlədikdən sonra dövlət imtahanı verirlər. Bu dövrdə onlar praktik təcrübə qazanır, ali məktəb də həmin müddətdə onlara nəzəri və metodik köməklik göstərir. Universitetlərdə təhsilin keyfiyyətinə yuxarı qurumlar tərəfindən də nəzarət edilir. Bəzi ölkələrdə bu işi Təhsil Departamentləri, bəzilərində isə xüsusi qurumlar həyata keçirir. Məsələn, İngiltərədə ali məktəblərdə yoxlamanı Ali Təhsilin Keyfiyyəti Şurası təşkil edir. Ali Təhsilin Keyfiyyəti Şurası hər 5-6 ildən bir ali məktəbin son kursunun tələbələrinin mütəxəssis kimi hazırlıq səviyyəsini yoxlayır (akkreditasiya). Hər hansı ixtisas üzrə keyfiyyət səviyyəsi aşağı olarsa, bu halda həmin ixtisasa maliyyə vəsaiti (başqa sözlə, tələbə qəbulu) dayandırılır. Son illər xarici ölkələrdə, xüsusən Avropa ölkələrində təhsil, o cümlədən ali təhsil sahəsində inteqrasiya prosesi güclənməkdədir. Avropa Şurasına daxil olan ölkələrin böyük əksəriyyəti (90%-dən çoxu) Boloniya prosesinə qoşulmuşdur. Boloniya prosesinin şərtlərinə uyğun olaraq ali təhsildə islahatlar aparılır. İslahatla bağlı Avropa Şurasının Təhsil və Ali Təhsil-Tədqiqat Komitələrinin proqramları hazırlanmışdır. Boloniya prosesinə qoşulan ölkələr bu proqramların həyata keçirilməsində fəal iştirak edir. Həmin proqramların reallaşdırılması Avropa ali təhsil zonası yaratmağa, universitet məzunlarının Avropa ölkələrində işə düzəlmə imkanlarını genişləndirməyə, diplomların və elmi dərəcələrin qarşılıqlı tanınmasına xidmət edəcəkdir.