Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 209,22 Kb.
səhifə10/80
tarix05.05.2023
ölçüsü209,22 Kb.
#108280
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   80
Ali mekteb Pedaqoqikasi

2. Təhsil Qanunu.
Təhsil sisteminin prinsipləri və quruluşu Azərbaycan Respublikasında təhsil sistemi Təhsil Qanunu ilə idarə və tənzim olunur. Təhsil Qanunu vətəndaşların təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsi şərtlərini müəyyən edir. Təhsil Qanunu 19 iyun 2009-cu ildə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul olunmuş, 5 sentyabr 2009-cu ildə qüvvəyə minmişdir. Təhsil Qanunu 6 fəsildən ibarətdir.
“Ümumi müddəalar” adlanan I fəsildə əsas anlayışlar, təhsil hüququna dövlət təminatı, təhsil sahəsində dövlət standartları, tədris dili kimi məsələlər öz əksini tapmışdır.
II fəsildə Azərbaycan Respublikasının təhsil sistemi şərh olunur. Burada təhsil sisteminin quruluşu, təhsildə keyfiyyət səviyyəsi, təhsilin məzmunu və təşkilinə dair ümumi tələblər, təhsilin formaları, təhsil müəssisələri, təhsilin pillələri və s. məsələlərdən bəhs edilir.
III fəsil təhsilin idarə olunmasına, təhsil subyektlərinin hüquqları, vəzifələri və sosial müdafiəsinə,
IV fəsil təhsil iqtisadiyyatı və təhsil müəssisələrində sahibkarlıq fəaliyyətinə, V fəsil təhsil sahəsində beynəlxalq əlaqələrə, IV fəsil keçid və yekun müddəalarına həsr olunmuşdur. Təhsil Qanununda təhsil sisteminin əsas prinsipləri öz əksini tapmışdır. Respublikamızın təhsil sistemi bu prinsiplərə əsaslanır. Həmin prinsipləri qısaca nəzərdən keçirək:
1. Humanistlik prinsipi – insan hüquqları və azadlıqlarının, sağlamlıq və təhlükəsizliyinin, milli və bəşəri dəyərlərin prioritet (üstün) sahə kimi qəbul edilməsini, insanlara münasibətdə tolerantlıq və dözümlülük göstərilməsini nəzərdə tutur. Bu prinsipə görə, təhsil-tərbiyə işinin mərkəzində insan, onun maraq və qabiliyyətləri, inkişafı durmalı, hər şey ona xidmət etməlidir. Necə deyərlər, tələbə (şagird) müəllim üçün yox, müəllim tələbə (şagird) üçündür. Təhsilalanların zehni, mənəvi və s. cəhətdən inkişafına qayğı göstərmək bütövlükdə təhsil sisteminin, hər bir müəllimin başlıca vəzifəsidir.
2. Demokratiklik prinsipi – təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsini; təhsilin dövlət və ictimai əsaslarda idarə edilməsini; bu prosesdə təhsilalanların səlahiyyət və azadlıqlarının genişləndirilməsini; təhsil müəssisələrinin muxtariyyatının artırılmasını nəzərdə tutur. Demokratiklik habelə təhsilalanların özünüidarəsinin genişləndirilməsində, vəzifələrin seçki yolu ilə tutulmasında, qərarların təkbaşına yox, kollegial şəkildə qəbul edilməsində, müəllim-tələbə (şagird) münasibətlərinin demokratik üslubda qurulmasında ifadə olunur.
3. Bərabərlik prinsipi – bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil alması üçün imkanlar yaradılmasını və təhsil hüquqlarının təmin edilməsini nəzərdə tutur.
4. Millilik və dünyəvilik prinsipi – milli və bəşəri dəyərlərə əsaslanan dünyəvi təhsil sisteminin yaradılmasında və inkişaf etdirilməsində ifadə olunur.
5. Keyfiyyətlilik prinsipi – təhsilin mövcud standartlara, normalara, habelə cəmiyyətin tələblərinə, dövlətin və şəxsiyyətin maraqlarına uyğun qurulmasını nəzərdə tutur.
6. Səmərəlilik prinsipi – təhsildə və elmi yaradıcılıqda müasir metodlar tətbiq etməklə səmərəli nəticələr əldə etməyi nəzərdə tutur.
7. Fasiləsizlik, vəhdətlik, daimilik prinsipi – təhsilin fasiləsiz olmasında, təhsil pillələri arasında əlaqə, vəhdət gözlənilməsində və təhsilin bütün həyat boyu davam etməsində ifadə olunur.
8. Varislik prinsipi – təhsil sahəsində əldə olunmuş bilik və təcrübənin növbəti nəslə, təhsilin bir pilləsindən digərinə ötürülməsini nəzərdə tutur.
9.Liberallaşma prinsipi – təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığını genişləndirməkdə özünü göstərir. Başqa sözlə, təhsil müəssisələri, təhsil prosesi ictimaiyyət üçün açıq olmalı, ictimaiyyət, ayrı-ayrı vətəndaşlar təhsil prosesində, onun problemlərinin həllində yaxından iştirak etmək imkanı qazanmalıdırlar.
10. İnteqrasiya prinsipi – milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli qovuşmasında, uyğunlaşmasında və qoşulmasında ifadə olunur.
Respublikamızın təhsil sistemi göstərilən prinsiplərə uyğun qurulur və fəaliyyət göstərir. Təhsil sisteminin quruluşu təhsil qanununda öz əksini tapmışdır. Qanunda təhsil müəssisələrinin tipləri, hər tipin növləri müəyyən edilmişdir:
1. Məktəbəqədər təhsil müəssisələri: körpələr evi, körpələr evi – uşaq bağçası, uşaq bağçası, xüsusi uşaq bağçası. Məktəbəqədər təhsil 3 yaşdan başlayır. 5 yaşından uşaqların məktəbə hazırlığı zəruri sayılır. Belə hazırlıq uşaq bağçalarında, məktəbdə və ailədə həyata keçirilə bilər.
2. Ümumtəhsil məktəbləri: ibtidai (I-IV siniflər); ümumi orta (V-IX siniflər) və tam orta təhsil (X-XI siniflər) ümumi təhsil pillələrini əhatə edir. Buraya habelə ümumtəhsil internat və xüsusi internat məktəbləri, istedadlı uşaqlar üçün məktəblər, gimnaziyalar, liseylər və digər ümumtəhsil müəssisələri daxildir. Gimnaziya, əsasən, humanitar təmayüllü orta ümumtəhsil məktəbidir. Lisey istedadlı şagirdlər üçün müvafiq təmayüllər üzrə təhsil xidməti göstərən ümumtəhsil müəssisəsidir. Respublikamızda ümumi orta təhsil (I-IX siniflər) icbaridir. Tam orta təhsil (XXI siniflər) təmayüllər üzrə qurulur (humanitar, texniki, təbiət və s.).
3. Məktəbdənkanar təhsil müəssisələri: uşaq-gənclər məktəbləri (idman, şahmat və s.), uşaq yaradıcılıq mərkəzləri (texniki, bədii yaradıcılıq, ekoloji tərbiyə, turizm və diyarşünaslıq, estetik tərbiyə mərkəzləri), məktəbdənkənar iş mərkəzləri və s.
4. İlk peşə-ixtisas təhsili müəssisələri: peşə məktəbləri, peşə liseyləri.
5. Orta ixtisas təhsili müəssisələri: texnikumlar, kolleclər. Kollec – orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsidir.
6. Ali təhsil müəssisələri: universitetlər, akademiyalar, institutlar və s. Universitet – geniş spektrli, yüksək ixtisaslı mütəxəssislər hazırlayan çoxprofilli aparıcı ali təhsil müəssisəsidir. Akademiya müəyyən sahə üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlayan ali təhsil müəssisəsidir. İnstitut – müstəqil və ya universitetin struktur bölməsi kimi konkret ixtisaslar üzrə mütəxəssislər hazırlayan ali təhsil müəssisəsidir. Ali təhsil müəssisələrində mütəxəssis hazırlığı 3 səviyyədə aparılır: - Bakalavriat – başa çatmış ali təhsil pilləsi olmaqla məzunlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. - Magistratura – dərin hazırlıqlı mütəxəssislər yetişdirən ali təhsil pilləsidir, məzunlara “magistr” ali peşə-ixtisas dərəcəsi verilir. Onun bakalavr pilləsindən fərqi ondadır ki, magistrlər ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. - Doktorantura – ali təhsilin ən yüksək səviyyəsi olmaqla məzunlara “doktor” elmi dərəcəsi verilir. Doktorantura iki pillədən ibarətdir: birinci pilləni başa vuranlara “fəlsəfə doktoru” (elm sahələri göstərilməklə), ikinci pilləni bitirənlərə “elmlər doktoru” (elm sahələri göstərilməklə) elmi dərəcəsi verilir. Ali məktəblərdə çalışan professor-müəllim heyətinə elmi-pedaqoji fəaliyyət sahəsində əldə etdikləri nəticələrə görə müsabiqə və seçki yolu ilə müxtəlif elmi adlar verilir: dosent, professor, baş elmi işçi (laboratoriyada elmi-tədqiqat işi aparanlara). Əlavə təhsil müəssisələri: universitetlər, institutlar, elm-təhsil mərkəzləri və s. Nəzərdən keçirilən təhsil müəssisələri Təhsil Qanunu bazasında hazırlanmış öz Nizamnamələri əsasında fəaliyyət göstərir.


Yüklə 209,22 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin