III mühazirə Ali təhsil sistemi Plan:
1. Təhsil sistemi anlayışı. Azərbaycanda ali təhsilin inkişafı.
2. Təhsil qanunu. Təhsil sisteminin prinsipləri və quruluşu.
3. Xaricdə ali təhsil sistemi
4. Ali təhsil sahəsində inteqrasiya. Boloniya prosesi
1. Təhsil sistemi anlayışı. Azərbaycanda ali təhsilin inkişafı mütəxəssis hazırlığı təhsil sistemi vasitəsilə həyata keçirilir. Təhsil sistemi dedikdə ölkə daxilində olan bütün təhsil-tərbiyə müəssisələrinin məcmusu başa düşülür. Təhsil sistemi üstqurum hadisəsi olub, bazisə – cəmiyyətin iqtisadi-ictimai münasibətlər sisteminə xidmət edir və ona qüvvətli təsir göstərir. Cəmiyyətin inkişafı, ilk növbədə, onun üzvlərinin təhsil səviyyəsi ilə şərtlənir. Yaxşı təhsil almış yüksək ixtisaslı mütəxəssislər cəmiyyətin bütün sahələrində – iqtisadiyyat, elm və texnika, təhsil və mədəniyyət, təbabət, inşaat, sənaye və kənd təsərrüfatı, dövlət qulluğu, hərbi quruculuq və s. sahələrdə uğurla və yaradıcılıqla çalışıb, həmin sahələrin inkişafına kömək göstərə bilərlər. Buna görə də təhsil, elm cəmiyyətin strateji vəzifəsi sayılır və inkişaf etmiş ölkələrdə ona birinci dərəcəli əhəmiyyət verilir. Cəmiyyətin, dövlətin gücü hər şeydən əvvəl, təhsillə, elmlə bağlıdır. Dahi Nizaminin dediyi kimi:
Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz.
Həyat göstərir ki, dövlətin, millətin tərəqqi yolu təhsildən, elmdən keçir: “Heç bir millət qılıncla, tüfənglə irəli getmir; hansı millət qabağa gedib tərəqqi edirsə, o ancaq təhsilin, elmin gücünə xoşbəxt olur” (N.Nərimanov). Bunu tarixi təcrübə də sübut edir: II Dünya müharibəsində məğlub olmuş Yaponiya və Almaniya kimi dövlətlər təhsilin, elmin, yeni texnologiyaların inkişafı, ümumiyyətlə, insan kapitalının inkişafı sayəsində qısa tarixi dövrdə dünyada inkişaf etmiş dövlətlər sırasına çıxa bildilər. İqtisadi cəhətdən qüdrətli dövlət təhsilin və elmin sürətli inkişafına təkan verir, cəmiyyətdə təhsilin və elmin, təhsil və elm adamlarının nüfuzunun yüksəlməsinə hər vasitə ilə kömək göstərir, yaradıcı mütəxəssisləri, elm adamlarını hər cəhətdən (ilk növbədə maddi cəhətdən) stimullaşdırır. İnkişaf etmiş ölkələrə dünyanın hər yerindən “beyin axını”da bununla bağlıdır. Təhsil sistemi cəmiyyətin tələbatı, ictimai-iqtisadi, sosial-mədəni inkişafı ilə şərtləndiyi və onunla bağlı olaraq dəyişdiyi üçün müxtəlif ölkələrin təhsil sistemləri bir-birindən fərqlənir. Eyni cəmiyyətin müxtəlif inkişaf dövrlərində də inkişafın xarakterindən asılı olaraq təhsil sistemi dəyişir. Bununla bağlı Azərbaycanda ali təhsilin inkişafına qısaca nəzər salaq. Azərbaycanda ali təhsilin tarixi çox qədim olub, X əsrə təsadüf edir. Bu dövrdə islam dininin təsiri ilə iki pilləli – orta və ali təhsil verən mədrəsələr yaranmağa başlayır. İlk mədrəsələr Təbrizdə, Bağdadda, Dəməşqdə yaranmışdır (Beyhəqiyyə, Sədiyyə, Nizamiyyə mədrəsələri). Azərbaycan ərazisində ilk mədrəsələr Marağada, Naxçıvanda, Şamaxı və Gəncə şəhərlərində fəaliyyət göstərmişdir. XII əsrdə mədrəsə təhsili almış bir çox mütəfəkkirlər yetişmişdir (Əbül Üla Gəncəvi, Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Fələki Şirvani, Xaqani Şirvani, Xətib Təbrizi və b.). Onların bir çoxu mədrəsə və akademiyalarda müəllimlik etmişlər. XVII əsrdə mədrəsələrin şəbəkəsi xeyli genişlənir. Səfəvilər sülaləsi şiəliyi yaymaq üçün iri mədrəsələr açırdı. Təbrizdə 47, Şamaxıda 7 belə mədrəsə olmuşdur. XIX əsrin əvvəllərində (1813-1828) Şimali Azərbaycan Rusiyanın tərkibinə daxil edildikdən sonra ənənəvi məktəb və mədrəsələrlə yanaşı, yeni tip məktəblər – qəza məktəbləri, müsəlman məktəbləri, rus-tatar (müsəlman – İ.M.) məktəbləri də fəaliyyət göstərirdi. Məktəblər üçün müəllim kadrları hazırlığına başlandı. 1876-cı ildə Gürcüstanın Qori şəhərində Zaqafqaziya Müəllimlər Seminariyası təsis edildi. Bu işdə görkəmli maarifçi M.F.Axundzadənin böyük xidmətləri olmuşdur. Üç ildən sonra – 1879-cu ildə Seminariya nəzdində Azərbaycan şöbəsi yaradıldı, 1918-ci ilin noyabrında Qazaxa köçürüldü və müstəqil Seminariya kimi (Qazax Müəllimlər Seminariyası) fəaliyyətə başladı. Seminariyanın məzunları içərisində C.Məmmədquluzadə, S.S.Axundov, N.Nərimanov, R.B.Əfəndiyev, F.B.Köçərli, Ü.Hacıbəyli, M.Maqomayev və b. kimi tanınmış elm, ədəbiyyat, incəsənət, dövlət xadimləri, pedaqoqlar vardır. Azərbaycanda təhsil, o cümlədən ali təhsilin inkişafında ADR-in (1918-1920) böyük xidmətləri olmuşdur. ADR milli kadrların hazırlanmasına xüsusi diqqət yetirmişdir: yüzlərlə gənc təhsil almaq üçün xarici ölkələrin tanınmış ali məktəblərinə göndərildi. 1919-cu il noyabrın 15-də Bakı Dövlət Universiteti iki fakültə ilə (tibb və tarix-filologiya) fəaliyyətə başladı. 1921-ci ildə Azərbaycan Politexnik İnstitutu, Azərbaycan Dövlət Pedaqoji İnstitutu, Qadın Məktəbəqədər Tərbiyə İnstitutu (sonralar Azərbaycan Dövlət Pedaqoji İnstitutuna birləşdirildi), Şərqdə ilk Konservatoriya, Ali Rəssamlıq Məktəbi açıldı. 1926-cı ildə Azərbaycanda 5 mindən çox tələbəsi olan 5 ali məktəb fəaliyyət göstərirdi. 1929-cu ildə Gəncədə Kənd Təsərrüfatı İnstitutu açıldı. 1928-ci ildən Azərbaycan üçün Rusiyanın ali məktəblərində də kadrlar hazırlanmağa başlanmışdı. 30-cu illərdə respublikada ali məktəblərin şəbəkəsi bir qədər də genişlənir. Azərbaycan Dövlət Universiteti ləğv edilərək onun fakültələri bazasında 1930-cu ildə Tibb İnstitutu, Sovet Quruculuğu və Hüquq İnstitutu açıldı. 1934-cü ildə Azərbaycan Dövlət Universiteti bərpa olundu. 1935-ci ildə ADPİ yanında Müəllimlər İnstitutu açıldı. 1941 – 1945-ci illər müharibəsindən sonrakı dövrdə yeni ali məktəblər yaradıldı: 1945-ci ildə Bakıda Teatr İnstitutu, 1948-ci ildə Pedaqoji Xarici Dillər İnstitutu, 1950-ci ildə Politexnik İnstitutu, 1952-ci ildə Rus Dili və Ədəbiyyatı İnstitutu, 1981- ci ildə Gəncə Texnologiya İnstitutu təsis olundu. 1991-ci ildə Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli təhsil konsepsiyası hazırlandı, Təhsil Qanunu qəbul edildi. 1992/93-cü dərs ilində ali və orta ixtisas məktəblərinə qəbul test üsulu ilə həyata keçirildi.
XXI yüzilliyin başlanğıcında təhsil sistemində, o cümlədən ali təhsildə islahatlara başlandı. Dövlət təhsil müəssisələri ilə yanaşı qeyri-dövlət (özəl) ali məktəblər də yaradıldı. 2000-ci ilin əvvəlində Azərbaycanda 18 qeyri-dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərirdi. Müstəqilliyin ilk illərində keçid dövrü ilə əlaqədar ali təhsil müəssisələrində müəyyən çətinliklər olsa da, sonrakı illərdə respublikanın iqtisadi inkişafı ilə bağlı vəziyyət yaxşılaşdı: ali məktəblərin maddi bazası möhkəmləndi, tədris binalarında təmir-tikinti, abadlıq işləri aparıldı, yeni tədris korpusları inşa edildi, tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin maddi durumunun yaxşılaşdırılması üçün tədbirlər həyata keçirildi. Ali məktəblərin bir çoxu yüksək göstəricilər əldə etdi.