II Mühazirə Ali məktəb pedaqogikasının təşəkkülü və formalaşması Plan:
Ali məktəb pedaqogikasının təşəkkülü
Azərbaycanda ali məktəb pedaqogikasının inkişafı
Elmi dərəcələr və adların verilmə tarixi
Azərbaycanda elmi dərəcələrin və elmi adların verilməsi
1.Ali məktəb pedaqogikasının təşəkkülü Elmlərin hələ az diferensiasiya etdiyi dövrdə təhsil xarakter və məzmununa görə ümumi səciyyə daşıyırdı. Təhsilin məzmunu fəlsəfə, teologiya (yunanca theologia; then.s - Allah deməkdir) və yeddi sərbəst sənətdə ifadə olunduğundan dinləyicilər həmin sahələr üzrə eyni hazırlıq mərhələləri keçirdi. Orta əsrlərdə yaranan ilk universitetlər ümumi təhsil- ensiklopedik biliklər vermək məqsədilə yaradılırdı (studium generale). Zaman keçdikcə elm inkişaf edir, təkmilləşir, genişlənir, dərinləşir, müxtəlif istiqamətlərə şaxələnir və diferensiasiya prosesləri baş verirdi. Beləliklə, bir nəfərin bütün elm sahələrinə yiyələnməsi qeyri-mümkün işə çevrilirdi. Digər tərəfdən, orta əsrlərdə şəhərlərin böyüməsi, mədəniyyətin inkişafı yeni sosial tələbatlar doğurdu. Kilsənin öz dini məqsədlərini uğurla həyata keçirməsi üçün yüksək təhsil görmüş keşişlərə ehtiyacı artdı. Kilsənin hakim dairələrdə mübahisəli məsələləri həll etməyə qabil olan hüquqşünaslara, siyasətçilərə tələbatı meydana gəldi. Əhali içərisində yayılmış müxtəlif xəstəliklərin müalicəsi üçün həkim hazırlığına ehtiyac yarandı. Bu tələbat nəticəsində orta əsrlərdə universitet təhsili üç əsas istiqamət üzrə müəyyənləşdirildi: ilahiyyat, tibb və hüquq (hüquq fakültəsi bir çox hallarda kanonik, yəni «kilsə hüququ» fakültəsi adlanırdı). Bu, ali təhsildə ixtisaslaşmanın başlanması demək idi. Ali təhsil sahəsində sonrakı ixtisaslaşma cəmiyyətin tələbləri əsasında elmin inkişafı ilə vəhdətdə baş verdi. Ali təhsilin inkişaf dinamikası bu gün də həmin istiqamət üzrə davam etməkdədir. Elmin və texnikanın tərəqqisinə rəğmən ixtisasların da sayı artır, yeni tipli ali təhsil müəssisələri yaranır. Universitetlər isə, həmişə olduğu kimi, indi də «elm məbədi» rolunu oynayır, elmin yeni sahələrinin yaranmasına təkan verir, bununla əlaqədar olaraq yeni ixtisaslar və ixtisaslaşma istiqamətləri müəyyənləşir, hətta ali təhsilin yeni sahələri təşəkkül tapır. Fakültativlər, tələbələrin seçiminə əsaslanan alternativ kurslar tədris edilir. Bir sözlə, universitetlər elmi-tədqiqat, tədris, ixtisas hazırlığı mərkəzinə çevrilərək, ölkənin ictimai-siyasi, iqtisadi-mədəni həyatına qüvvətli təsir edir. Təbii ki, ali təhsilin inkişafı ali məktəb pedaqogikasına ehtiyac doğurdu. Çünki dəqiq elmi-nəzəri əsaslar olmadan ali təhsilin sonrakı inkişafına nail olmaq mümkün deyildi. Ümumi pedaqogikanın sahələrindən biri olan tələbə şəxsiyyətinin inkişafı və ali təhsil müəssisəsində peşə-ixtisas hazırlığı problemlərini öyrənməklə məşğul olan ali məktəb pedaqogikası məqsədyönlü inkişaf yolu keçmişdir. M.F.Kvintiliandan başlayaraq qədim dünyanın klassik pedaqoqları öz əsərlərində ali məktəbdə təlimin təşkili formaları kimi mühazirə və disputlardan geniş istifadə etmişlər. Bu cəhətdən XI- XII əsrlərdə Avropada fəaliyyətə başlayan Bolonya, Oksfort, Paris, Praqa və başqa universitetlərin təcrübəsi diqqətəlayiqdir. Zaman keçdikcə ali məktəblərin fəaliyyət parametrlərini müəyyən edən əsasnamə və nizamnamələri yazılmış, həmin sənədlərdə ali təhsilin bir sıra nəzəri və praktik məsələləri ümumiləşdirilmişdir.