Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


Ali məktəb pedaqogikasının metodoloji əsasları, digər elmlərlə əlaqəsi



Yüklə 209,22 Kb.
səhifə3/80
tarix05.05.2023
ölçüsü209,22 Kb.
#108280
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   80
Ali mekteb Pedaqoqikasi

3.Ali məktəb pedaqogikasının metodoloji əsasları, digər elmlərlə əlaqəsi
Pedaqogika, o cümlədən ali məktəb pedaqogikası tədqiqat işində müəyyən metodoloji ideya və baxışlara, nəzəriyyələrə istinad edir. Pedaqogikanın metodoloji əsası dedikdə, elmin nüvəsini təşkil edən və onun inkişafına güclü təsir göstərən mühüm fəlsəfi müddəalar, ideya və prinsiplər sistemi başa düşülür. Metodoloji müddəa və prinsiplər alimin tədqiqat mövqeyini, tədqiqatın istiqamətini müəyyən edir, onun səmərə və keyfiyyətini yüksəltməyə imkan verir. Ali məktəb pedaqogikasının metodoloji müddəaları arasında pedaqoji məsələlərin öyrənilməsinə dialektik yanaşma prinsipi, idrak nəzəriyyəsi (qnoseologiya) ümumi, fundamental səciyyə daşıyır, pedaqoji tədqiqatların strategiyasını müəyyənləşdirməyə kömək göstərir.
Dialektik yanaşma prinsipi pedaqoji fakt, hadisə və prosesləri hərtərəfli öyrənməyi, dəyişmə və inkişaf halında götürməyi, onlar arasında qarşılıqlı əlaqələri və daxili ziddiyyətləri aşkara çıxarmağı, inkişafın hərəkətverici qüvvələrini müəyyənləşdirməyi nəzərdə tutur.
Pedaqoji tədqiqatda ümumi metodoloji prinsiplə yanaşı, xüsusi metodoloji prinsiplərə də istinad edilir: sistemli-struktur yanaşma prinsipi, fəaliyyət prinsipi, şəxsiyyət baxımından yanaşma prinsipi.
Sistemli-struktur yanaşma prinsipi pedaqoji məsələlərin həllinin bütün mümkün vasitə, metod, forma və amillərini qarşılıqlı vəhdətdə, bir tam halında nəzərdə keçirməyi tələb edir.
Pedaqoji tədqiqatlarda fəaliyyət prinsipi fəaliyyətin bütövlükdə öyrənilməsini, onun ayrı-ayrı ünsürlərinin (fəaliyyətin məqsədi, motivi, icrası, tənzimlənməsi, nəzarət və nəticələrin təhlili) vəhdətdə götürülməsini nəzərdə tutur.
Pedaqoji tədqiqatlarda şəxsiyyət baxımından yanaşma prinsipi şəxsiyyətin pedaqoji prosesdə obyekt və subyekt kimi götürülməsini, onun ahəngdar inkişafını, kollektiv və şəxsiyyətin qarşılıqlı əlaqəsini, təlim-tərbiyə işində şəxsiyyətin tələbat, maraq və daxili fəallığından, şəxsi mövqeyindən çıxış etməyi nəzərdə tutur.
Pedaqogikanın metodologiyası onun digər elmlərə əlaqəsində də özünü göstərir. Ali məktəb pedaqogikası bir çox elmlərə sıx bağlıdır: fəlsəfə, etika, estetika, psixologiya, anatomiya və fiziologiya, genetika, kibernetika, iqtisadi nəzəriyyə və s.
Fəlsəfə başqa elm sahələrində olduğu kimi, ali məktəb pedaqogikasının da nəzəri-metodoloji əsasını təşkil edir. Fəlsəfə pedaqogikanı metodoloji ideya və baxışlarla, mənəvi-estetik dəyərlərlə, pedaqoji anlayış və kateqoriyaların, qanun, prinsip və metodların fəlsəfi duyumu ilə zənginləşdirir.
Ali məktəb pedaqogikası psixologiya elmi ilə daha çox bağlıdır. Tələbə gənclərin psixi proseslərini, şəxsiyyət kimi inkişaf qanunlarını nəzərə almaqla pedaqogika təlim-tərbiyə işini, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məsələlərini daha uğurla həll etmək imkanı qazanır. Ali məktəb pedaqogikası psixologiyanın müxtəlif sahələri və digər elmlərlə əlaqəlidir. Çünki tələbə gənc bir çox elm sahələrinin obyekti kimi çıxış edir.
Ali məktəb pedaqogikası:
- Pedaqoji psixologiya ilə (pedaqoji təsirlərlə tələbə psixikasında baş verən dəyişiklikləri, bilik, bacarıq və vərdişlərin mənimsənilməsinin, insan münasibətləri və davranış motivlərinin formalaşmasının qanunauyğunluqlarını və psixoloji mexanizmlərini öyrənir);
- Yaş psixologiyası ilə (yaşla bağlı psixi dəyişmələri öyrənir); - Sosial psixologiya ilə (tələbələrin bir-birilə və müəllimlərlə qarşılıqlı münasibətlərini, kollektiv münasibətləri öyrənir);
- Sosiologiya ilə (sosial münasibətləri, tələbələrin sosial tərkibi, müəllimlərin sosial statusu və rolu, peşələrə bələdləşmə və s. məsələləri öyrənir);
- Kibernetika ilə (mürəkkəb dinamik sistemlərdə idarəetmə prosesini, informasiyaların ötürülməsi və mənimsənilməsi mexanizmlərini öyrənir);
Ali məktəb pedaqogikası birbaşa və dolayısı ilə, demək olar ki, bütün elm sahələri ilə əlaqədardır. Ayrı-ayrı elmlərlə bağlı olan fənlər (dil, ədəbiyyat, tarix, fizika, riyaziyyat, kimya, biologiya, coğrafiya və b.) və onların tədrisi məsələləri pedaqogikanın bir qolu olan metodikanın tədqiqat mövzusunu təşkil edir. Pedaqogikanın başqa elm sahələri ilə əlaqəsi qarşılıqlı səciyyə daşıyır və yeni elm sahələrinin yaranması üçün əsas verir. Məsələn, belə əlaqə sayəsində təhsil və tərbiyə fəlsəfəsi, pedaqoji psixologiya, psixopedaqogika, təhsil iqtisadiyyatı, təhsil menecmenti və s. elm sahələri yaranmışdır.


Yüklə 209,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin