4.Ali məktəbin kollegial orqanları Ali məktəbin idarə edilməsində inzibati rəhbərliklə yanaşı kolleqial orqanlar da həlledici rol oynayır. Ali məktəbin kollegial orqanlarına rektorluq, ali məktəbin Elmi Şurası, fakültə elmi şuraları, elmi-metodik şuralar daxildir. “Təhsil haqqında Azərbaycan Respublikası Qanunu”nda göstərildiyi kimi (maddə 30), dövlət təhsil müəssisəsinin ali idarəetmə orqanı elmi və pedaqoji şuralardır. Ali məktəbin rektoru Elmi Şuranın qəbul etdiyi qərarlar əsasında əmr və sərəncamlar verir. Rektor ali təhsil müəssisəsinin Elmi Şurasında, dekanlar isə fakültə elmi şuraları qarşısında hesabat verirlər. Ali məktəbin Elmi Şurası Təhsil Nazirinin əmri ilə təsdiq edilmiş «Ali məktəbin Elmi Şurası haqqında Əsasnamə» üzrə fəaliyyət göstərir. Elmi Şuranın tərkibinə rektor (sədr), prorektorlar, dekanlar, fakültə elmi şuralarında ali məktəbin Elmi Şurasına seçilmiş kafedra müdirləri, elmi katib, ali məktəbin tərkibində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının direktorları, idarə və şöbə müdirləri, azad həmkarlar birliyinin və tələbə gənclər təşkilatının sədrləri daxildir.
Ali məktəbin Elmi Şurası geniş səlahiyyətlərə malikdir. O, ali məktəb həyatının ən vacib məsələlərini müzakirə edib, müvafiq qərarlar qəbul edir. Bu məsələlərə aşağıdakılar daxildir:
-Elmi Şura ali təhsil müəssisəsinin Nizamnaməsini qəbul edir, lazım gəldikdə orada dəyişikliklər aparır;
-hər il ali məktəbin fəaliyyəti haqqında rəhbərliyin hesabatını, vaxtaşırı olaraq fakültə dekanlarının fakültədə tədris, elmi-tədqiqat və tərbiyə işləri barədə hesabatlarını dinləyir;
-fakültələrin, kafedraların və ali təhsil müəssisəsinin digər struktur bölmələrinin yaradılması, ləğvi, yenidən təşkili məsələlərini həll edir;
-kafedra müdirlərinin, professorların, baş elmi işçilərin seçkisini keçirir və zəruri olduqda onların tutduqları vəzifələrdən vaxtından əvvəl azad olunmaları məsələlərinə baxır;
-təhsil müəssisəsi əməkdaşlarını elmi adlara, mükafat və təltiflərə təqdim edir;
-ali təhsil müəssisəsinin maliyyə və təsirrüfat fəaliyyətinin nəticələrini müzakirə edir və s.
Elmi Şuranın qərarları rektorun əmri ilə təsdiq olunduqdan sonra qüvvəyə minir. Ali məktəbin Elmi Şurası ilə yanaşı fakültələrdə fakültə elmi şuraları fəaliyyət göstərir. Fakültə elmi şuraları fakültəyə ümumi rəhbərliyi həyata keçirir. Elmi Şuranın tərkibinə dekan (sədr), dekan müavinləri, fakültə tərkibində fəəaliyyət göstərən kafedraların müdirləri, elmi katib, kafedra iclaslarında fakültə elmi şurası üzvliyinə seçilmiş təcrübəli müəllimlər, fakültə azad həmkarlar və tələbə gənclər təşkilatlarının nümayəndələri daxil olurlar. Fakültə elmi şuraları Təhsil Nazirinin əmri ilə təsdiq olunmuş «Ali məktəbin fakültə elmi şurası haqqında Əsasnamə» üzrə fəaliyyət göstərir. Fakültə elmi şuraları müəyyən səlahiyyətlərə malikdir; fakültənin tədris-tərbiyə, elmi fəaliyyəti ilə bağlı bir çox məsələləri həll edir, müvafiq qərarlar qəbul edir.
Fakültə elmi şuralarının həll etdiyi başlısa məsələlər aşağıdakılardan ibarətdir:
-fakültədə tədris-metodik, elmi-tədqiqat işlərinin, istehsalat və pedaqoji təcrübələrin, habelə imtahanların yekunlarının müzakirəsi;
-fakültə dekanının seçkisi, professor-müəllim heyətinin boş yerlərə seçkilərinin keçirilməsi;
-fakültənin professor-müəllim heyətinə müvafiq elmi adların verilməsi üçün ali məktəbin Elmi Şurasına müraciət edilməsi;
-kafedraların tədris-metodik və elmi işləri ilə bağlı hesabatlarının müzakirəsi;
-fakültə məzunlarından doktoranturaya qəbul olunmaq üçün namizədlərin təqdim edilməsi;
-fakültədə, onun nəzdində olan kafedralarda maddi-texniki təchizatla bağlı məsələlərin müzakirəsi və müvafiq qərarların qəbul edilməsi və s.
Fakültə Elmi Şurasının sədri-dekan şuranın qərarlarının icrasını müntəzəm yoxladır və icranın vəziyyəti barədə şura üzvlərinə məlumat verir. Ali məktəbin, oradakı tədris, elmi-metodik işlərin idarə olunmasında ali təhsil müəssisəsində və fakültələrdə yaradılan elmi-metodik şuralar da mühüm rol oynayır. Bu şuraya nüfuzlu alimlər, pedaqoji-metodik cəhətdən hazırlıqlı, təcrübəli müəllimlər daxildir. Elmi-Metodik Şuranın üzvləri kafedra iclaslarında irəli sürülür. Fakültə elmi-metodik şuralarının sədrləri pedaqogika, psixologiya, metodika sahəsində yaxşı hazırlığı olan səriştəli alimlərdən seçilir. Onlar fakültə elmi şuralarının tərkibinə daxil olurlar. Elmi-metodik şuralar tədrisin elmi-metodik cəhətdən düzgün təşkilinə, ayrı-ayrı kafedralarda nümunəvi və açıq məşğələlərin keçirilməsinə, onların müzakirəsi və qiymətləndirilməsinə, mühazirə mətnlərinin və imtahan biletlərinin və ya test suallarının düzgün tərtibinə nəzarət edir, tədris prosesində qarşıya çıxan elmi-metodik problemlərin həllində, rektorluğa təkliflər hazırlanmasında fəal iştirak edirlər. Şura habelə elmi seminarlar, elmi-metodik konfranslar təşkil edir, tədris-metodik vəsaitlər, proqramlar və dərslikləri müzakirə edib onları nəşrə tövsiyə edir. Elmi-metodik şuralar professor-müəllim heyətinin öz elmi-pedaqoji səviyyəsini artırması, ixtisasartırma kurslarından keçmələri istiqamətində də fəal iş aparır. Ali məktəbə səmərəli rəhbərliyin həyata keçirilməsi bütün qüvvələrin-ali təhsil müəssisəsi rəhbərliyinin, kollegial orqanların, müəllim və tələbə təşkilatlarının qüvvələrini birləşdirməkdən, onların əməkdaşlığını təmin etməkdən çox asılıdır.