4. Tələbə şəxsiyyətinin inkişafının pedaqoji-psixoloji şərtləri Tələbə şəxsiyyətinin inkişafında nəzərdən keçirilən ümumi amillərlə yanaşı, pedaqoji prosesə xas olan bir sıra spesifik amillər də mühüm rol oynayır. Belə amillərə daxildir: - tələbənin şəxsi fəallığı;
- təlim-tərbiyə prosesinin düzgün təşkili;
- pedaqoji ünsiyyətin düzgün qurulması;
- tələbə kollektivinin təsiri; - zehni biliklərin dərindən mənimsənilməsi;
- tələbənin özünütəhsilə, mütaliəyə cəlb edilməsi;
- bəşəri və milli dəyərlərin mənimsədilməsi;
- tələbələrin vaxt büdcəsinin səmərəli təşkili;
- ali məktəb müəlliminin şəxsi nümunəsi və s.
Şəxsiyyətin fəallığı – tələbənin ümumi və psixi inkişafının vacib şərtidir. Şəxsiyyət fəaliyyət prosesində formalaşır. Fəaliyyət özlüyündə insanın ətraf aləmə fəal münasibətinin formasıdır. Tələbə təhsildə, əməkdə, yaradıcılıqda, ictimai işlərdə nə qədər çox fəallıq göstərərsə, bir o qədər həmin sahələrdə uğur qazana bilər. Şəxsiyyətin keyfiyyəti – möhkəm dayanıqlı motivlərlə dayanıqlı davranış formasının vəhdətinə əsaslanır. Eyni bir davranış forması (məsələn, təlimə səylə yanaşmaq) motivdən asılı olaraq müxtəlif keyfiyyət çaları kəsb edə bilər: tələbə borc hissinin təsiri ilə və ya müəllimin tərifini (yaxud yaxşı qiymət) qazanmaq naminə təlimə səy göstərə bilər. Bunlar zahirən eyni forma olsa da, əslində şəxsiyyətin müxtəlif keyfiyyətlərini ifadə edir. Təlim-tərbiyə işinin müvəffəqiyyəti tələbənin şəxsi fəallığı ilə bilavasitə bağlıdır. Tələbələrin yüksək səviyyədə təşkil olunmuş məqsədyönlü fəaliyyəti uğurlu tərbiyənin də vacib şərtidir. Tələbə əmək, idman, elmi-texniki, bədii və ictimai-siyasi fəaliyyət prosesinə cəlb edilməklə şəxsiyyətin vacib keyfiyyətlərinə yiyələnir, ictimai təcrübə qazanır, həyatı və insan münasibətlərini öyrənir, mənəvi cəhətdən zənginləşir, gələcək mütəxəssis kimi bir çox cəhətdən formalaşır.
Tələbə şəxsiyyətinin formalaşmasına təsir edən amillər sırasında ünsiyyətin, xüsusən pedaqoji ünsiyyətin düzgün qurulması böyük əhəmiyyət kəsb edir. Tələbə şəxsiyyəti, fəaliyyətin bir sahəsi kimi, həm də ünsiyyət prosesində formalaşır. Demokratik üslubda qurulan pedaqoji ünsiyyətin tərbiyəvi təsiri daha güclüdür. Müəllim-tələbə münasibətləri əməkdaşlıq prinsipinə uyğun qurulmalıdır: müəllim tələbəyə şəxsiyyət kimi, gələcək mütəxəssis kimi baxmalı, etibar etməli, qayğı və diqqətlə, hörmət və tələbkarlıqla yanaşmalı, yüksək pedaqoji məharət, müsbət nümunə göstərməli, hər işdə ədalətli olmalıdır. Tələbə gənclərin şəxsiyyətinin inkişafında tələbə kollektivi də güclü təsir göstərir: kollektiv tələbələrdə qarşılıqlı münasibətlərin, kollektivçilik hissinin formalaşmasına, şəxsi və ictimai maraqların uzlaşdırılmasına imkan verir. Kollektivin ictimai rəyi, qəti tələbi böyük tərbiyə gücünə malikdir. Tələbələr kollektivin rəyinə həssaslıqla yanaşır və ona ciddi reaksiya verirlər, onunla hesablaşırlar. Buna görə də tələbə qruplarında sağlam ictimai rəyin formalaşmasına, onun ayrı-ayrı neqativ hallara qarşı yönəldilməsinə, haqqın, düzlüyün, ədalətin müdafiəsinə, kollektivdə səmimi münasibətlərin yaranmasına yönəltmək çox vacibdir. Gənclərin zehni, ideya-mənəvi tərbiyəsinə təsir edən amillər sırasında tələbələrin elmi biliklərə, bəşəri və milli dəyərlərə dərindən yiyələnməsi, müntəzəm şəkildə özünütəhsillə, mütaliə ilə məşğul olması önəmli yer tutur. Elmlərə, bəşəri və milli dəyərlərə yiyələndikcə gənclər zehni və mənəvi cəhətdən zənginləşir. Özünütəhsil və onun ən mühüm yolu olan müstəqil mütaliə gənclərin həm zehninə, həm də mənəvi aləminə güclü təsir edir: özünütəhsil və özünütərbiyə kitabdan başlanır; bunsuz insanı mənəvi boşluq gözləyir. Tələbə bu halda mədəni adamın ən yüksək səadətindən – kitabla ünsiyyətdə olmaq, intelektual və estetik zövq almaq səadətindən məhrum olur. Burada başlıca qüvvə – müəllimdir; tələbələrdə biliyə, kitaba həvəs atəşini yandıran ilk qığılcım – müəllimin dərin biliyi, erudisiyası, mütaliəsi, görüş dairəsi, mədəniyyəti və şəxsi ziyalı nümunəsi