Metafizik baxış inkişafa kəmiyyət dəyişməsi kimi baxır, onun mənbəyini (səbəbini) isə genetik proqramda axtarır. Dialektik baxış isə şəxsiyyətin inkişafına keyfiyyət dəyişməsi kimi yanaşır, inkişafın mənbəyini ziddiyyətlərin həlli prosesi ilə bağlayır. Dialektik baxışa görə, şəxsiyyətin inkişafının hərəkətverici qüvvəsini ziddiyyətlərin yaranması və həlli təşkil edir. Əksliklərin mübarizəsi, insanın psixikasında köhnə ilə yeninin arasındakı ziddiyyətlər həyati prosesdə – təlim və tərbiyənin gedişində yaranır və aradan qaldırılır. Şəxsiyyətin inkişafında həm xarici, həm də daxili ziddiyyətlər özünü göstərir. Əsas xarici ziddiyyət – cəmiyyətin və yaşlıların tələbləri ilə insanın mövcud inkişaf səviyyəsi, davranış forma və vasitələri arasındakı ziddiyyətlə bağlıdır. İnsan qarşıda duran tələbləri ödəmək üçün öz üzərində işləməli, yeni davranış formalarına yiyələnməlidir. Əsas daxili ziddiyyət – insanın tələbatları ilə imkanları arasındakı ziddiyyətdir. İnsan öz tələbatını (ehtiyacını) ödəmək üçün bütün imkanlarını (biliyini, bacarığını, iradi qüvvəsini və s.) səfərbərliyə alır və nəticədə tələbatını ödəyir. Bu prosesdə o, öz inkişafında irəliyə doğru müəyyən addım atır – bu və ya digər keyfiyyətə yiyələnir. Beləliklə, ziddiyyət həll olunur. Şəxsiyyət müxtəlif amillərin təsiri ilə formalaşır: irsiyyət, təlim, tərbiyə, təbii və sosial mühit, insanın özünün şəxsi fəallığı. Bəs, bu amillərdən hansı əsasdır, həlledicidir? Bu sualla əlaqədar şəxsiyyətin inkişafına dair müxtəlif nəzəriyyələr meydana gəlmişdir. Onları dörd qrupa ayırmaq olar: bioloji amillərin rolunu şişirdən, sosial amillərin rolunu şişirdən, hər iki amili birgə qəbul edən və bütün amilləri vəhdətdə götürən dialektik nəzəriyyələr.
Bioloji amillərin rolunu şişirdən nəzəriyyələr (“İrsiyyət”, “biogenetik”, “Praqmatizm”, “Freydizm”, “İrqçilik”, “Elita” və b.) şəxsiyyətin inkişafını ancaq bioloji amillərlə izah edir: guya şəxsiyyətin bütün xüsusiyyətləri – şüuru, xarakteri, qabiliyyətləri, göz və qulaq kimi, irsən hazır verilir.