Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


Sosial amillərin rolunu şişirdən nəzəriyyələr



Yüklə 209,22 Kb.
səhifə74/80
tarix05.05.2023
ölçüsü209,22 Kb.
#108280
növüMühazirə
1   ...   70   71   72   73   74   75   76   77   ...   80
Ali mekteb Pedaqoqikasi

Sosial amillərin rolunu şişirdən nəzəriyyələr (“Ağ lövhə”, “Azad tərbiyə” və b.) insanı ağ (təmiz) lövhəyə bənzədir, şəxsiyyətin formalaşmasını ancaq sosial amillərlə – tərbiyə və mühitin təsiri ilə izah edirlər. Guya insan doğularkən özü ilə heç nə gətirmir, təmiz lövhə kimi dünyaya gəlir; həyatda bu lövhənin üstündə nə istəsən yazmaq olar. İrsiyyət və mühitin rolunu şişirdən nəzəriyyələr (“Konvergensiya”, “İstedadlılıq”, “İki amil” nəzəriyyələri, “Pedalogiya” və b.) şəxsiyyətin inkişafını iki amillə – irsiyyət və mühitlə izah edirlər. Nəzərdən keçirilən hər üç istiqamət birtərəfli və yanlış olub, şəxsiyyətin inkişafında onun fəal rolunu inkar edir. Bioloji və sosial amilləri, eləcə də insanın şəxsi fəallığını bir-birinə qarşı qoymaq olmaz. Yalnız bu amillərin dialektik vəhdəti şəxsiyyətin inkişafı problemini elmi-metodoloji əsasda başa düşməyə və həll etməyə imkan verir.
Dialektik nəzəriyyə məhz bu mövqedə durur. Bu nəzəriyyəyə görə, şəxsiyyətin inkişafında irsiyyət amili müəyyənedici, sosial amillər və insanın fəallığı isə həlledici rol oynayır. Dialektik nəzəriyyə şəxsiyyətin inkişafında onun şəxsi fəallığının rolunu da qəbul edir. İnsan mühitin və tərbiyənin passiv obyekti deyildir; o mühitə və tərbiyəyə, habelə irsi imkanlarının reallaşmasına fəal təsir göstərə bilər. Şəxsiyyətin inkişafında təhsil və tərbiyə ilə yanaşı, insanın özünütəhsili və özünütərbiyəsi də mühüm şərtdir. İnsanın bir şəxsiyyət kimi formalaşmasında bioloji və sosial amillərin rolunu bitkinin inkişafı ilə müqayisə etsək, irsiyyəti toxuma, mühiti onun inkişafı üçün zəruri olan münbit torpağa və iqlimə, tərbiyəni isə bağbanın işinə bənzətmək olar (“Tərbiyə” ərəbcə “bəsləmək”, “yetişdirmək” deməkdir).
2. Şəxsiyyətin inkişafında bioloji və sosial amillərin rolu
İnsan şəxsiyyəti bir çox amillərin təsiri və qarşılıqlı fəaliyyətinin nəticəsi kimi formalaşır. Bu prosesdə bioloji və sosial amillərin özünəməxsus rolu vardır. Bioloji amilin rolu. İnsan bioloji varlıq kimi doğulur, buna görə də irsiyyət qanunu ona öz təsirini göstərir. İrsən fiziki əlamətlər (sifət quruluşu, gözün və saçın rəngi və s.), habelə fizioloji əlamətlər (sinir sisteminin tipi, hiss orqanları, baş beynin xüsusiyyətləri, sinir hüceyrələrinin miqdarı və s.) nəsildən-nəslə keçir. Bütün bunlar gələcəkdə insanın xüsusiyyətlərinin, qabiliyyətlərinin, o cümlədən zehni qabiliyyətlərinin inkişafı üçün zəmin yaradan təbii imkanlardır. Bu imkanlar orqanizmin inkişafı üçün ilkin şərtlərdir, lakin şəxsiyyətin formalaşması üçün həlledici amillər deyildir. İnsanın inkişafının sosial şəraitindən asılı olaraq irsi imkanlar şəxsiyyətin müvafiq qabiliyyətlərinin və psixi keyfiyyətlərinin inkişafı üçün əlverişli zəmin ola bilər və ya heç üzə çıxmaya da bilər. Hər şey insanın düşdüyü şəraitdən, sosial mühitdən, aldığı təhsil və tərbiyədən asılıdır. İrsi informasiyaların daşıyıcıları genlərdir. Genlərlə hazır qabiliyyətlər ötürülürmü? Bəzi empirik faktlar əsasında qabiliyyətlərin irsən keçməsi haqda müəyyən rəylər irəli sürülür. Məsələn, dünya şöhrətli bəstəkarlardan Ü.Hacıbəylinin 4 nəslinin öyrənilməsi əsasında bu nəsillərdə çoxlu musiqiçi olduğu müəyyən edilmişdir. Lakin bu fikri təkzib edən digər faktlar da vardır. Belə ki, A.S.Puşkinin 256 nəvə, nəticə və kötükcəsi içərisində heç bir şair və yazıçı olmamışdır. İnsanın təbii imkanları dəyişməz deyildir. Onlar həyat şəraitinin, tərbiyə və mühitin təsiri ilə dəyişə bilər. Mühitin rolu. İnsan bioloji varlıq olmaqla yanaşı, həm də sosial varlıqdır. O, müəyyən mühitdə doğulur və böyüyür. Buna görə də istər-istəməz həmin mühitin təsirinə məruz qalır. “Mühit” anlayışı məzmunca geniş olub, insana təsir göstərən xarici amillər sistemini – insanın həyat və fəaliyyəti üçün zəruri olan təbii və ictimai şəraiti əhatə edir. Mühit insana müsbət və ya mənfi təsir göstərə bilər. İnsanlar üçün yaradılan əlverişli mənzil-məişət şəraiti, mədəni-maarif, təhsil və sağlamlıq ocaqları, əmək və istirahət şəraiti, insanların bir-birini münasibətləri şəxsiyyətin inkişafına güclü təsir göstərən sosial mühit amillərinə daxildir. Mühit dedikdə, həm təbii-coğrafi, həm də sosial mühit başa düşülür. Təbii – coğrafi mühitə insanı əhatə edən atmosfer, biosfer, hidrosfer, habelə müxtəlif növ fiziki amillər, istilik, maqnit, kosmik təsirlər daxildir. İnsanın fiziki, əqli, estetik inkişafında hava, günəşi, su, iqlim, relyef, bioloji ritm təsirsiz qalmır. İnsanın şəxsiyyət kimi formalaşmasına sosial mühit daha çox təsir göstərir. Sosial mühit iki cürdür: mikro- və makromühit. Mikromühit insanı bilavasitə əhatə edən mühitdir (ailə, məktəb, əmək, məhəllə, yoldaşlıq mühiti). Makromühit isə cəmiyyət həyatıdır, geniş sosial mühitdir. İnsanın inkişafına hər iki mühit güclü təsir göstərir. Kiçik yaşlarda mikromühitin təsiri böyükdür. Körpəlikdən heyvan sürüsünə düşən uşaqların həmin heyvanın xüsusiyyətlərini götürməsi faktları məlumdur. Mikromühit geniş sosial mühitin tərkib hissəsidir. Cəmiyyətdə gedən proseslər ailədə, məktəbdə, əmək kollektivlərində də özünü göstərir. Cəmiyyətin demokratik xarakteri, hüququn aliliyi, ədalət prinsipləri şəxsiyyətin inkişafı üçün böyük əhəmiyyətə malikdir. Valideynlərdən biri məşhur fizik Pifaqordan soruşmuşdu: “Övladımı, tərbiyəli böyütmək üçün mən nə etməliyəm?” Böyük alim demişdi: “Əgər övladınız ədalətli cəmiyyətdə yaşayarsa, heç nədən narahat olmayın, əks halda verdiyiniz tərbiyənin də müsbət nəticəsi olmayacaq”. İnsan şəxsiyyətinin formalaşmasında mikro- və makromühitlə yanaşı mezamühit (etnomədəni amillər, yaşayış məskəninin tipi, kütləvi kommunikasiya vasitələri) də mühüm rol oynayır. Cəmiyyət həyatı, onun maddi və mənəvi sərvətli tərbiyə işində həlledici şərtdir. Şəxsiyyətin tələbatlarını, mənəvi sərvətlərini də cəmiyyət müəyyən edir. Mühitin insana təsirini mütləqləşdirmək olmaz; mühit insanın inkişafını öz-özünə, mexaniki surətdə müəyyən etmir. Mühitin təsirləri insanın özünün inkişaf səviyyəsindən, psixoloji xüsusiyyətlərindən asılı olaraq dəyişilir. Eyni mühitdə (ailədə, məhəllədə) yaşayan, eyni məktəbdə oxuyan bacı və qardaşların fərqli inkişafı bununla izah edilə bilər.

Yüklə 209,22 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin