XI Mühazirə Tələbə şəxsiyyətinin inkişafı və tərbiyəsi Plan:
1. Şəxsiyyət və onun inkişafı anlayışı, bu haqda nəzəriyyələr
2. Şəxsiyyətin inkişafında bioloji və sosial amillərin rolu
3. Tələbə şəxsiyyəti və onun xüsusiyyətləri
4. Tələbə şəxsiyyətinin inkişafının pedaqoji-psixoloji şərtləri
1. Şəxsiyyət və onun inkişafı anlayışı, bu haqda nəzəriyyələr Şəxsiyyətin inkişafı və tərbiyəsi pedaqogikanın tədqiqat sahəsinin mühüm bir istiqamətini təşkil edir. Şəxsiyyət kimə deyilir? Şəxsiyyətin inkişafı necə baş verir? Tələbə şəxsiyyətinin səciyyəvi cəhətləri hansılardır? Bu sualların düzgün həlli problemin mahiyyətini başa düşməyə, gənclərlə tərbiyə işini düzgün qurmağa kömək edə bilər. Hər şeydən əvvəl, fərd, şəxsiyyət və fərdiyyət anlayışlarını nəzərdən keçirək. Fərd – təbii bioloji varlıqdır, ayrıca götürülmüş insandır. İnsan fərd kimi doğulur, sonradan müxtəlif amillərin təsiri ilə şəxsiyyətə çevrilir. Şəxsiyyət dedikdə, sosial keyfiyyətlərə, mənlik hissinə malik olan şüurlu və fəal fərd başa düşülür. Fərdin cəmiyyətdə şəxsiyyətə çevrilməsi çoxcəhətli və mürəkkəb prosesdir. Burada iki proses dialektik şəkildə üzləşir: sosiallaşma və fərdiləşmə. Sosiallaşma (ictimailəşmə) insanın cəmiyyətdə başqa adamlarla, sosial qruplarla ictimai münasibətlərə daxil olaraq sosial təcrübəyə yiyələnməsi prosesidir. Fərdiləşmə isə bu prosesdə insanın müstəqillik, nisbi avtonomluq kəsb etməsində, özünəməxsus (təkrarolunmaz) keyfiyyətlərində, həyat tərzində, daxili aləminin, psixi proseslərinin formalaşmasında ifadə olunur. Hər bir şəxsiyyət həm də fərdiyyətdir. Fərdiyyət özünəməxsus, təkrarolunmaz xüsusiyyətləri ilə başqalarından fərqlənən şəxsiyyət deməkdir. Gözoxşayan, ətirli çəmənlik rəngarəng çiçəkləri ilə gözəl olduğu kimi, cəmiyyət də çox müxtəlif fərdiyyətləri ilə gözəldir. İnsan şəxsiyyət və fərdiyyət kimi daim inkişaf edir. İnkişaf – dəyişmə, bir keyfiyyət halından başqasına keçid deməkdir. Şəxsiyyətin inkişafı dedikdə, insanın müəyyən keyfiyyətlərə (zehni, psixi, mənəvi və s.) yiyələnməsi və ozünü təkmilləşdirməsi başa düşülür. Şəxsiyyət birdən-birə inkişaf edib formalaşmır; o, müəyyən səviyyələrdən keçir (aşağı, orta, yüksək, ideal səviyyə). Psixoloqlar 3-5 yaşlı uşaqların da şəxsiyyətin müəyyən keyfiyyətlərinə malik olduqlarını qeyd edirlər. Şəxsiyyətin inkişafına dair iki baxış mövcuddur: metafizik və dialektik baxış.