Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


Tələbələrin müstəqil işi və elmi yaradıcılığı



Yüklə 209,22 Kb.
səhifə39/80
tarix05.05.2023
ölçüsü209,22 Kb.
#108280
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   80
Ali mekteb Pedaqoqikasi

4. Tələbələrin müstəqil işi və elmi yaradıcılığı
Tələbələrin müstəqil işi ali məktəbdə təlim prosesinin mühüm komponentini təşkil edir. Müasir həyat müstəqil və yaradıcı düşünən, dərin bilikli, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar tələb edir. Cəmiyyət üçün bu cür mütəxəssislərin formalaşmasında müstəqil işlərin rolu böyükdür. Müstəqil işi tələbələrin təlim-idrak fəaliyyətinin təşkili forması kimi səciyyələndirmək olar; bu halda tələbə qarşıya qoyulmuş didaktik vəzifəni müəllimin müdaxiləsi, bilavasitə köməyi olmadan yerinə yetirir. Təlimdə müstəqil işin mahiyyətini belə ifadə etmək olar: təlimdə müstəqil iş tələbinin qarşıya qoyulmuş təlim məqsədini dərk edərək (1), müəyyən təhriklə zehni və əməli fəallıq, səy göstərərək (2), zəruri bilikləri və səmərəli yolları seçib tətbiq etməklə (3), bilavasitə kömək olmadan öz gücü ilə yerinə yetirməsində (4), habelə özünə nəzarət və qiymətləndirmədə (5) təzahür edən təlim-idrak fəaliyyətinin təşkili formasıdır (6). Göründüyü kimi, müstəqil iş bir çox (6) xüsusiyyətlərə malikdir. Bu işlərə rəhbərlikdə həmin xüsusiyyətlər nəzərə alınmalı və təmin edilməlidir. Müstəqil işin icrasında tələbə nəyi və nə məqsədlə edəcəyini, necə, hansı yollarla (priyomlarla) edəcəyini bilməli, daxili təhriklə (motivasiya) fəallıq və səy göstərməli, özünə nəzarət etməli, səhvlərini tapıb düzəltməli, öz işini qiymətləndirməyi bacarmalıdır. Bu ünsürlərdən hər hansı birinin çatmaması müstəqil işin mahiyyətinə xələl gətirir və onun səmərəsinə mənfi təsir edir. Məsələn, hər hansı tapşırığın icrasında tələbədə müsbət motiv olarsa, lakin lazımi bilik və bacarıqlar çatmadığı halda o, işi müstəqil yerinə yetirə bilməz və əksinə, lazımi biliklərə malik olsa da müsbət motiv yaranmadıqda o, kənar kömək olmadan işin öhdəsindən gələ bilməz. Eləcə də tələbə işin məqsədini dərk etmədikdə, iradi səy göstərmədikdə, müstəqil iş priyomlarına yiyələnmədikdə həvəssiz işləyir, ya işə girişmir, ya da onu yarımçıq qoyur və s. Bunu nəzərə alaraq müəllim təlimdə tələbələrin müstəqil işinin bütün struktur ünsürlərinə yiyələnmələrinə, onlarda müstəqil iş bacarıqlarının formalaşmasına çalışmalıdır. Yalnız bu halda tələbə tam müstəqil fəaliyyət göstərə bilər. Təlimdə müstəqil işlərin növləri və tipləri çoxsahəli və rəngarəngdir. Pedaqoji ədəbiyyatda bu işlər müxtəlif məntiqi əsaslara görə təsnif edilir:
- müstəqil işin mənbələrinə görə: kitabla iş, əlavə mənbələr üzrə iş, məsələ həlli, çalışmalar üzrə iş, əyani materiallarla iş, əlavə cihazlarla iş, qrafik işlər və s.;
- tələbələrin əhatə dairəsinə görə: frontal, qrup, cüt və fərdi işlər;
- icra formasına görə: yazılı, şifahi, əməli, qrafik işlər;
- icra yerinə görə: auditoriyada müstəqil iş (mühazirə və məşğələlərdə tələbələrin mühakimə yürütməsi, plan və icmal tərtibi, çalışmaların icrası və s.), auditordankənar müstəqil işlər (referat, kurs işi, tədris-tədqiqat işi, elmi-tədqiqat işi, klub və dərnək işləri, kitabla iş, internetlə iş, özünütəhsil və s.);
- müstəqil işin funksional cəhətinə görə: biliklərin mənimsənilməsi, möhkəmləndirilməsi, tətbiqi və yoxlanılması məqsədi güdən işlər;
- zehni fəaliyyətin xarakterinə görə: nümunə üzrə, yenidənqurma xarakterli işlər, evristik (qismən-axtarış tipli) müstəqil işlər, tədqiqatçılıq işləri. Bu qəbildən olan digər təsnifatlar da vardır: reproduktiv-bərpaedici müstəqil işlər (biliklərin təkrarını, onlar üzərində əməliyyat aparmağı nəzərdə tutur); idrak-axtarıcılıq (evristik) işləri (yeni biliklərin mənimsənilməsi); yaradıcı müstəqil işlər (biliklərin yeni hallara yaradıcı tətbiqi);
- fəlsəfi-qnoseoloji əsasa görə: hissi-perseptiv xarakterli müstəqil işlər (müşahidə, keçmiş təcrübə və biliklərin bərpası, yeni hallara tətbiqi); zehni xarakterli müstəqil işlər (təfəkkür əməliyyatları, zehni məsələ ‒ problem həlli, zehni-tətbiqi və zehni təşkilati işlər); praktik xarakterli müstəqil işlər (əməli, təcrübi-eksperimental, layihə-konstruksiya və bədii-qrafik işlər).
Göstərilən müstəqil iş növləri və tiplərindən təlimin müxtəlif formalarında geniş istifadə edilməlidir. Müstəqil işlərin səmərəli təşkili üçün bəzi şərtləri gözləmək lazımdır:
1. Tələbə müstəqil işləri bütün fənlərdə və təlim formalarında sistemli və ardıcıl şəkildə tətbiq olunmalıdır;
2. Auditoriya və auditoriyadankənar müstəqil işlər sıx əlaqələndirilməli, yaradıcı işlərə diqqət artırılmalıdır;
3. Tələbələrə müstəqil işin səmərəli yolları (priyomları) öyrədilməlidir;
4. Müstəqil işlərə keyfiyyətli pedaqoji rəhbərlik həyata keçirilməli (məsləhət, nəzarət, kömək, uçot və qiymətləndirmə), müəllimlər müstəqil iş nəzəriyyə və metodikasına yiyələnməlidirlər.
Tələbələrin müstəqil işinin bir istiqaməti də elmi işlərdir. Tələbə elmi işləri ali təhsildə iki başlıca fəaliyyətə ‒ tədris və elmi fəaliyyətə əsaslanır. Gələcək mütəxəssis həm dərin elmi biliklərə yiyələnməli, həm də yaradıcı fəaliyyətə hazırlanmalıdır. Buna görə də tələbələri hələ aşağı kurslardan elmi fəaliyyətə cəlb etmək lazımdır. Vaxtilə Zaqafqaziya Müəllimlər Seminariyasında bu sahədə müsbət təcrübə əldə edilmişdir. F.B.Köçərli, U.Hacıbəyli, R.B.Əfəndiyev və başqaları hələ tələbə ikən ciddi elmi-tədqiqat işi ilə məşğul olmuş, bir çox əsərlərini seminariyada oxuyarkən yazmağa başlamışlar. Müasir şəraitdə tələbələrin elmi fəaliyyəti iki yolla həyata keçirilir:
a) auditoriya məşğələləri ilə bağlı işlər;
b) auditoriyadankənar elmi işlər.
Birinci halda tələbənin elmi fəaliyyəti tədris prosesinin tərkib hissəsi kimi özünü göstərir. Belə elmi axtarıcılıq işləri tələbə tədris tədqiqat işləri (TTTİ) adlanır. Buraya kurs işləri və layihəsi, diplom işləri və layihəsi, buraxılış işləri, habelə mühazirə, seminar, laborator və praktik məşğələlərlə, istehsalat və pedaqoji təcrübə ilə əlaqədar, habelə xüsusi kurs və seminarlar üzrə tədqiqat xarakterli tapşırıqların icrası və s. daxildir. Tədrislə bağlı tədqiqat işləri fənn və mövzudan, qarşıya qoyulan təlim məqsədindən asılı olaraq tələbələri çox müxtəlif elmi fəaliyyətə cəlb etməyi nəzərdə tutur. Məsələn, müəyyən bir problem üzrə müxtəlif mənbələri oxuyub təhlil etmək, ümumiləşdirmək, təsnifat aparmaq, eyni problemlə bağlı müxtəlif konsepsiyaları müqayisə etmək, qruplaşdırmaq, onlara tənqidi münasibət göstərmək və s. Kurs, buraxılış və diplom işləri, elmi-tədqiqat xarakterli iş formaları mümkün qədər nəzəri və təcrübi eksperimental səciyyə daşımalıdır.
Ali məktəbdə tələbələri elmi işə cəlb etməyin ikinci yolu auditoriyadankənar elmi fəaliyyətin təşkilidir. Bu cür elmi işlər tələbə elmi-tədqiqat işləri (TETİ) şəklində özünü göstərir. Hazırda universitetlərdə TETİ-nin müxtəlif formaları fəaliyyət göstərir: tələbə elmi dərnəkləri, elmi klublar; tələbə elmi laboratoriyaları; elmi konfranslar, seminar və simpoziumlar; fənn olimpiadaları; tələbə elmi işlərinin müsabiqəsi; yay elmi məktəbləri; tələbə konstruktor bürosu; təsərrüfat müqaviləsi üzrə tədqiqat işləri və s. Elmi fəaliyyətlə məşğul olan tələbələr tələbə elmi cəmiyyətində (TEC) birləşirlər. Tələbə elmi işinə kafedranın rəhbərliyi müxtəlif istiqamətlərdə təmin olunur:
a) kafedra nəzdində tələbə elmi dərnəklərinin təşkili;
b) kafedra və laboratoriyaların elmi-tədqiqat mövzularının işlənməsində tələbələrin iştirakı;
c) istehsalat və pedaqoji təcrübə dövründə tələbələrin elmi-tədqiqat xarakterli tapşırıqları yerinə yetirmələri;
ç) ümumi tədqiqat planı və ya xüsusi tematika üzrə kurs, diplom və laborator işlərinin icrası və s. TTTİ və TETİ gələcək mütəxəssislərin yaradıcı şəxsiyyətlər kimi formalaşmasına kömək göstərir.


Yüklə 209,22 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin