Mühazirənin quruluşu. Mühazirə öz quruluşuna görə bir çox aspektləri – tədris, elmi, tərbiyə, psixoloji və sosial aspektləri yaradıcı şəkildə özündə birləşdirən bitkin elmi-pedaqoji əsər səciyyəsi daşıyır. Mühazirənin quruluşunda bir neçə mərhələ ayırd edilir:
Hazırlıq mərhələsi: mühazirənin səmərə və keyfiyyəti ona hazırlıq səviyyəsindən çox aslıdır. Bu mərhələnin məqsədi mühazirənin lazimi nəzəri, didaktik-metodik təminatını həyata keçirməkdən ibarətdir.
Mühazirənin giriş hissəsi: müəllim auditoriyada qayda-qanuna, davamiyyətə diqqət yetirdikdən sonra mövzunu, onun planını və ədəbiyyatı tələbələrə çatdırır. Mühazirədə mövzunu öyrənməyin vacibliyi, elmi və həyati əhəmiyyəti qeyd edilir, mümkün olduqda problem situasiya yaradılır.
Mühazirənin əsas hissəsində mövzu sistemlə (plan maddələri üzrə) şərh olunur.
Mühazirənin yekun hissəsində müəllim əsas nəticələri qeyd edir, tələbələrin suallarına cavab verir, mövzu üzərində müstəqil işləmək üçün istiqamət, metodik tövsiyələr verir. Mühazirənin yüksək şəkildə keçirilməsi digər təlim formalarının da təşklinə müsbət təşir göstərir.
3.Praktik məşğələlər Praktik məşğələlərə seminar və laborator məşğələlər, praktik işlər daxildir. Onların ümumi cəhətləri ilə yanaşı, hər birinin özünəməxsus funksiyaları və təşkilati cəhətləri vardır. Bu formaları ayrılıqda nəzərdən keçirək.
Seminar məşğələləri. Seminar məşğələləri praktik məşğələlərin əsas və geniş yayılmış formalarındandır. Seminar latınca “seminarium” sözündən götürülərək “əkmək”, məcazi mənada isə “ocaq”, “mənbə”, “məktəb” mənalarını verir. Bu məşğələlər bir neçə funksiyanı yerinə yetirir:
a) mühazirədə keçilən nəzəri biliklərin dərindən öyrənilməsini və konkretləşdirilməsini təmin etmək;
b) nəzəriyyə və təcrübəni əlaqələndirmək, bacarıq və vərdişlər formalaşdırmaq;
c) tələbələri təlim-idrak və elmi-tədqiqat fəaliyyətinə cəlb etmək;
ç) elmi təhlil, müzakirə və mübahisə mədəniyyəti, öz fikirlərini ifadə etmək və əsaslandırmaq, başqalarını dinləmək, tənqid etmək bacarığını tərbiyə etmək;
d) təlim materiallarının mənimsənilməsinə nəzarət etmək.
Seminar məşğələlərinin tipləri müxtəlifidr: a) seminar-sorğu; b) seminar-diskussiya (disput); c) referativ seminarlar; d) problematik seminarlar; f) proseminarlar; e) seminar-işgüzar oyunlar; ə) seminar- “dəyirmi masa”; g) seminar-yoxlama işi və s.
Seminar məşğələlərinin quruluşu: Seminar məşəğələləri üçün səciyyəvi struktur ünsürləri vardır: müəllimin giriş sözü (məqsəd qoyuluşu, motivasiya, tələbələrin məşğələyə səfərbər edilməsi), əsas hissə (qoyulmuş məsələlərin müzakirəsi, tələbələrin müzakirəyə cəlb edilməsi, zəruri olduqda müəllimin müzakirəyə müdaxiləsi), müəllimin yekun sözü (çıxışların təhlili, səhvlərin düzəldilməsi, qiymətləndirmə, növbəti məşğələnin mövzusu, məqsədi, ona hazırlıqla bağlı metodik tövsiyələrin verilməsi). Müəllim tələbələrin çıxışlarını təhlil edib qiymət verərkən, tənqidi qeydlərini bildirərkən diqqətli olmalı, pedaqoji takt gözləməlidir (tələbəni ələ salmaq, kinayə etmək, yol verilən səhvə görə onu utandırmaq, ləyaqətinə toxunmaq, gülüş obyektinə çevirmək yolverilməzdir).