Tərbiyənin xüsusiyyətləri. Tərbiyə işi özünəməxsus xüsusiyyətlərə malikdir. Onun düzgün idarə olunması və yüksək səmərə verməsi üçün həmin xüsusiyyətləri yaxşı bilmək və tərbiyə işində nəzərə almaq lazımdır. Bu xüsusiyyətlər aşağıdakılardan ibarətdir:
1. Tərbiyə çoxamilli prosesdir.
2. Tərbiyə uzun sürən və fasiləsiz prosesdir.
3. Tərbiyə çoxcəhətli, eyni zamanda bütöv prosesdir.
4. Tərbiyədə xırda məsələ yoxdur; hər bir “xırda” məsələ şəxsiyyətə müəyyən təsir göstərir.
5. Tərbiyə özünütərbiyə və yenidəntərbiyə ilə dialektik vəhdət təşkil edir.
Özünütərbiyə insanın özünü təkmilləşdirmək üçün öz üzərində şüurlu, məqsədyönlü işləməsi prosesidir. Özünütərbiyənin əsas vasitələrinə özünümüşahidə, özünütəhlil, özünütərbiyə planı və ya proqramının müəyyən edilməsi, özünüinandırma (özünütəlqin), özünənəzarət, özünəhesabat, özünütərif, özünütənqid, özünüqiymətləndirmə daxildir. Gəncləri özünütərbiyə vasitələri ilə tanış etmək, bu işə həvəsləndirmək lazımdır. Tərbiyə prosesi, bir qayda olaraq, yenidəntərbiyə ilə müşayiət olunur. Yenidəntərbiyənin əsas şərtləri mənfi keyfiyyətləri doğuran səbəbləri aradan qaldırmaqdan, insanın münasibətlər sistemini dəyişməkdən, kollektivin tərbiyəvi rolunu gücləndirməkdən, insanda özünə inam yaratmaqdan, stimullaşdırıcı tərbiyə metodlarına istinad etməkdən, insanı özünütərbiyə işinə qoşmaqdan ibarətdir.
Tərbiyə prosesinin əsas mərhələləri. Tərbiyə prosesi aşağıdakı mərhələlərdə qurulur: - düzgün davranış normaları və tələbləri ilə tanışlıq;
- həmin norma və tələblərə münasibətin formalaşdırılması;
- düzgün davranış motivlərinin və arzusunun aşılanması;
- ictimai davranış normalarına baxış və əqidənin formalaşdırılması;
- düzgün davranış təcrübəsinin, adətlərinin yaradılması;
- tərbiyənin özünütərbiyəyə keçməsi, insanda özünütərbiyə tələbatının yaranması. Tərbiyə prosesi bu mərhələlərlə qurulduqda şəxsiyyətin formalaşması və inkişafını planlı və mütəşəkkil qaydada həyata keçirmək mümkündür.