Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 209,22 Kb.
səhifə55/80
tarix05.05.2023
ölçüsü209,22 Kb.
#108280
növüMühazirə
1   ...   51   52   53   54   55   56   57   58   ...   80
Ali mekteb Pedaqoqikasi

Estetik tərbiyə. Estetik tərbiyə ahəngdar inkişaf etmiş şəxsiyyət tərbiyəsinin tərkib hissələrindən biridir. “Estetika” yunanca hiss etmək, qavramaq deməkdir. Estetik tərbiyə dedikdə, incəsənət və həyatdakı gözəlliklərin qavranmasına, estetik zövq və qabiliyyətlərin inkişafına yönələn təsirlərin məcmusu nəzərdə tutulur. Estetik tərbiyə şəxsiyyət tərbiyəsində böyük rol oynayır. O, insan əxlaqına güclü təsir göstərir: gözəllik hissi insan qəlbini təmizləyir, saflaşdırır, onu yaxşı əməllərə yönəldir. Gözəl qəlbə malik insan pisliyə, bədxahlığa, qəddarlığa yol verməz. Bu mənada “Dünyanı gözəllik xilas edəcək” fikrinə haqq qazandırmaq olar. Estetik tərbiyə nəzəri-metodoloji əsas kimi estetika elminə istinad edir. Estetika gözəllik haqqında elmdir. Gözəllik mütənasiblik, forma və məzmun vəhdəti, ahəngdarlıqdır. İnsanın gözəlliyi daxili və zahiri gözəlliyin vəhdətindədir. Estetik tərbiyə bir neçə vəzifəni həyata keçirir:
1. Gənc nəsildə estetik baxış və təsəvvürlər, estetik şüur aşılamaq;
2. Estetik hisslər və bu əsasda varlığa və incəsənətə estetik tələbat formalaşdırmaq;
3. Estetik zövq və mühakimə bacarığı formalaşdırmaq;
4. Bədii yaradıcılıq bacarıq və vərdişləri, bədii-estetik qabiliyyətləri inkişaf etdirmək.
Ali məktəbdə estetik tərbiyə müəyyən sistemdə aparılır: tədris prosesində, auditoriyadankənar tədbirlərdə, elmi-tədqiqat fəaliyyətində, insan münasibətlərində, əməkdə, gəncləri əhatə edən mühitdə, təbiətə münasibətdə, ədəbiyyat və incəsənətdə, geyim və davranışda estetik tərbiyə işləri bu sistemə daxildir. Tədris prosesi estetik tərbiyənin çox mühüm vasitəsi olub gənclərin estetik şüurunun inkişafında böyük rol oynayır. Tədris etdiyi fəndən asılı olmayaraq müəllim öz gözəl nitqi, davranışı, münasibəti, geyimi ilə tələbələrin zövqünü tərbiyə edir: “Hər bir fənn müəllimi estetik tərbiyə müəllimi olmalıdır” (M.Cəfər). Təlimdə aparılan estetik tərbiyə auditoriyadankənar işlərdə daha da dərinləşdirilir və genişləndirilir. Bədii yaradıcılıq və incəsənət dərnəkləri estetik tərbiyə üzrə auditoriyadankənar işlərin geniş yayılmış formalarındandır. Belə dərnəklərə musiqi, xor, rəqs, ədəbiyyat, dram və b. dərnəklər daxildir. Gənclərin estetik tərbiyəsində kütləvi işlərin – teatr və konsertlərə, sərgi və muzeylərə gedişləri, bədii-estetik mövzularda disput və konfransların, bədii əsərlərin müzakirəsinin, ədəbiyyat və incəsənət xadimləri ilə görüşlərin, ədəbi-bədii gecələrin, bayram və tarixi günlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Tələbələrin estetik tərbiyəsi sistemində təbiət gözəllikləri əvəzsiz rol oynayır. Təbiət gözəlliklər mənbəyi, həm də ən yaxşı tərbiyəçidir: o, insanın zövqünü, əxlaqını, ağlını, qəlbini zənginləşdirir, nəcib hisslər və keyfiyyətlər aşılayır. Estetik tərbiyənin mühüm bir vasitəsi insan gözəlliyi, insani münasibətlərdə gözəllikdir. Xeyirxahlıq, humanizm, mədənilik, sadəlik və təvazökarlıq, həssaslıq, başqalarının sevincinə və kədərinə şərik olmaq – insanın estetik mədəniyyətinin, daxili gözəlliyinin mühüm göstəriciləridir. Əksinə, kobudluq, ədalətsizlik gənclərdə emosional və estetik "gönüqalınlıq" (V.A.Suxomlinski) doğurur. Onların qəlbində xeyirxahlıq və insan ləyaqəti hisslərinin kütləşməsinə gətirib çıxarır. Gəzəlliyi görmək üçün insan gözəl qəlbə malik olmalıdır. Estetik tərbiyədə estetik mühitin, gözəllik mühitinin yaradılması böyük əhəmiyyətə malikdir. Təhsil müəssisəsinin təmiz, səliqəli, gözoxşayan həyəti, tədris binasının, otaqların təmizliyi, bədii tərtibi, müəllimlərin geyimi, danışığı, davranışı, müəllim-tələbə münasibətlərinin və ali məktəb həyatının estetik-mənəvi tələblər əsasında qurulması gənclərin estetik zövqünün formalaşmasında mühüm rol oynayır. Ali məktəbdə hər şey, ilk növbədə, insanların qarşılıqlı münasibətlərinin gözəlliyi, insana ən qiymətli sərvət kimi yanaşılması, tələbəyə yüksək qayğı və diqqət göstərilməsi estetik mühitin yaranmasının vacib şərtini təşkil edir. Tələbələrin məişət, geyim, davranış mədəniyyəti də bu sahədə az rol oynamır. Tələbə gənclərin estetik inkişafında ədəbiyyat və incəsənət aparıcı yer tutur. Bədii ədəbiyyat ideya-mənəvi və estetik tərbiyənin qüdrətli vasitəsidir. O, həyatı, insan münasibətlərini, insan gözəlliyini və əzəmətini dərk etməyə kömək göstərir. V.A.Suxomlinskinin sözləri ilə desək, ağıllı kitabla, musiqi və təsviri sənətlə – bu incə vasitələrlə idrakın və emosiyaların bütün həyat boyu tərbiyəsi davam etməsə, neqativ hallara qarşı heç bir mübarizə vasitəsi kömək etməz. Estetik tərbiyə vasitələrinin sistemli və kompleks tətbiqi şəxsiyyətin emosionalestetik və mənəvi inkişafına, həyata və insanlara estetik münasibətin formalaşmasına kömək göstərir.

Yüklə 209,22 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin