IX mühazirə
Ali məktəbdə tərbiyənin məqsədi, məzmunu, yolları və vasitələri
Plan:
1. Ali məktəbdə tərbiyənin məqsədi və məzmunu
2. Tələbə gənclərin elmi dünyagörüşünün formalaşması, əqli, ideya-mənəvi və əmək tərbiyəsi
3. Tələbələrin estetik, fiziki, ekoloji, hüquq və iqtisadi tərbiyəsi
4. Tələbə kollektivinin şəxsiyyətə təsiri
5. Pedaqoji ünsiyyət və tələbə şəxsiyyətinin inkişafında onun rolu
1.Ali məktəbdə tərbiyənin məqsədi və məzmunu
Tərbiyənin məqsədi dedikdə, pedaqoji fəaliyyətin son nəticəsi, yəni insan şəxsiyyətinin layihəsi başa düşülür. Ali məktəbdə tərbiyənin başlıca məqsədi ahəngdar inkişaf etmiş şəxsiyyət – Vətəndaş yetişdirməkdir. Belə şəxsiyyət birtərəfli yox, bir çox cəhətdən (zehni, fiziki, mənəvi və s. cəhətdən) inkişaf etməlidir. Ahəngdar inkişaf etmiş şəxsiyyətin keyfiyyətləri çoxdur. Hər bir keyfiyyətin formalaşmasında tərbiyənin ayrı-ayrı tərkib hissələri aparıcı (dominant) rol oynayır. Bunu cədvəl şəklində nəzərdən keçirək.
Ahəngdar inkişaf etmiş şəxsiyyətin əsas keyfiyyətləri
|
Tərbiyənin tərkib hissələri
|
1. İntellektual keyfiyyətlər
2. İdeya-mənəvi yetkinlik
3. Əmək və peşə hazırlığı
4. Estetik zövq
5. Fiziki sağlamlıq, gümrahlıq
6. Ekoloji, hüquq və iqtisadi mədəniyyət
|
1. Zehni (əqli) tərbiyə
2. İdeya-mənəvi tərbiyə
3. Əmək tərbiyəsi
4. Estetik tərbiyə
5. Fiziki tərbiyə
6. Ekoloji, hüquq və iqtisadi tərbiyə
|
Şəxsiyyətin ahəngdar inkişafı üçün göstərilən tərbiyə sahələri kompleks şəkildə həyata keçirilməlidir. Tərbiyənin məzmunu. Məqsəd – pedaqoji prosesin birinci ünsürüdür. O, fəaliyyətin digər ünsürlərini – məzmun, vasitə və metodları müəyyən edir. Tərbiyənin məzmunu gənc nəslə aşılanacaq tərbiyə keyfiyyətlərinin məcmusudur. O, ahəngdar şəxsiyyət tərbiyəsinin bütün tərkib hissələrini özündə birləşdirir. Buraya elmi dünyagörüşünün formalaşması, əqli tərbiyə, ideya-mənəvi tərbiyə, estetik tərbiyə, əmək tərbiyəsi, fiziki tərbiyə, ekoloji, hüquq və iqtisadi tərbiyə daxildir. Bu tərbiyə sahələri tərbiyənin ümumi məqsədinin həyata keçirilməsində mühüm rol oynayır. Tərbiyənin tərkib hissələri birlikdə ümumi məqsədin – ahəngdar şəxsiyyət tərbiyəsinin həyata keçirilməsində iştirak etsə də, onların hər biri özünə məxsus aparıcı (dominant) funksiyanı yerinə yetirir. Bütövlükdə tərbiyə prosesini səmərəli qurmaq üçün onun ayrı-ayrı tərkib hissələrinin xüsusiyyətlərini, vəzifələrini, məzmun və formalarını qısaca nəzərdən keçirək.
Dostları ilə paylaş: |