İdeya-mənəvi tərbiyə. İdeya-mənəvi tərbiyə ahəngdar inkişaf etmiş şəxsiyyət tərbiyəsinin əsas istiqamətini təşkil edir. İdeya-mənəvi tərbiyənin nəzəri əsasını dialektik materializm təlimi, mütərəqqi bəşəri və milli ideyalar, sosial-əxlaqi normalar təşkil edir. İdeya-mənəvi tərbiyənin psixoloji əsası kimi bilik, əqidə, hiss və əməli fəaliyyətin vəhdəti prinsipi çıxış edir. Ağılla və ürəklə dərk olunmuş ideyalar insanın davranış və fəaliyyət motivinə çevrilir, siyasi və ictimai fəallığını artırır. Gənc qəlbdə mənəvi gözəlliyə, yüksək ideyaya heyranlıq, əxlaqi igidlik qarşısında təəccüb, iftixar hissləri yarandıqda siyasi və əxlaqi ideyalar insanın inamına, əqidəsinə daha tez çevrilir, onda həmin ideyalarla yaşamaq arzusu və həvəsi doğurur. K.D.Uşinskinin dediyi kimi, insanın xarakteri gənclik alovunda yaranır. Çalışmaq lazımdır ki, gənclərin qəlbində əxlaqi nəciblikdən doğan alov həmişə yansın, onları xeyirin təntənəsinə, şərə qarşı mübarizəyə yönəltsin. İdeya-mənəvi tərbiyə qarşısında bir sıra vəzifələr durur: - gənc nəsli yüksək ideyalılıq və siyasi şüurluluq, habelə xalqımızın inqilabi, döyüş və əmək ənənələri ruhunda tərbiyə etmək; - gəncləri mütərəqqi bəşəri və milli ideyalar, siyasi normalar və münasibətlər haqqında təsəvvürlərlə, biliklərlə silahlandırmaq; - böyüyən nəslin ictimai-siyasi fəallığını artırmaq, bunun üçün zəruri bacarıq və vərdişlər aşılamaq. İdeya-mənəvi tərbiyə işi ilk növbədə təlim prosesində həyata keçirilir. Ayrı-ayrı fənlərin tədrisində ictimai-siyasi baxışlar, ideya inamı formalaşdırmaq üçün geniş imkanlar vardır. Müəllim bu imkanlardan istifadə edib gənclərdə ideya-siyasi təsəvvür və anlayışlar, siyasi şüur və mövqe, ictimai və siyasi həyat hadisələrinə şəxsi münasibət formalaşdırmağa çalışmalıdır. İdeya-mənəvi tərbiyənin mühüm bir istiqaməti gənclərin ictimai-siyasi fəaliyyətini təşkil etməkdən ibarətdir.
Əxlaq tərbiyəsi şəxsiyyətin ahəngdar inkişafının mühüm tərkib hissəsini təşkil edir. Əxlaq tərbiyəsi insanın əxlaqi şüur və hisslərinin, davranış təcrübəsinin formalaşmasına yönələn məqsədyönlü prosesdir. Əxlaq tərbiyəsinin nəzəri əsasını etika elmi təşkil edir. Etika əxlaq, mənəviyyat haqqında elmdir. Əxlaq ictimai şüur formalarından biri olub insanın cəmiyyətə, başqa adamlara və özünə münasibətini müəyyən edən davranış normalarının məcmusudur. Əxlaqi əməl, davranış insanın şüur, hiss, iradə və hərəkətlərinin nəticəsi kimi özünü göstərir. Nəcib əxlaqi ideyalardan təsirlənən gənclərdə nəcib hisslər oyanır və bunlardan nəcib arzular yaranır. Bu arzular insanı nəcib hərəkətlərə, əməllərə sövq edir. Əxlaq tərbiyəsinin vəzifələri cəmiyyətin şəxsiyyətə əxlaqi tələblərini əks etdirir. Həmin vəzifələr aşağıdakılardan ibarətdir:
- insanda əxlaqi şüur, inam və əqidə formalaşdırmaq;
- nəcib əxlaqi hisslər aşılamaq;
- düzgün davranış təcrübəsi formalaşdırmaq;
- əxlaqi eybəcərliyə, haqsızlığa, şərə qarşı barışmazlıq, mübarizə əzmi, fəal həyat mövqeyi tərbiyə etmək.
Əxlaq tərbiyəsinin məzmunu geniş və çoxcəhətlidir; əxlaqi keyfiyyətlər iki mindən artıqdır. Onları bir neçə qrupda birləşdirmək olar:
1. İnsanın Vətənə, cəmiyyətə, xalqa münasibətini ifadə edən əxlaqi keyfiyyətlər: vətənpərvərlik, beynəlmiləlçilik, ictimai borcun dərk edilməsi, ictimai mənafeyin şəxsi mənafedən üstün tutulması və s.
2. Əməyə münasibəti ifadə edən əxlaqi keyfiyyətlər: əməksevərlik, işgüzarlıq, qənaətçillik, səliqəlilik, əməyə vicdanlı münasibət, əmək adamlarına hörmət və s.
3. İnsanın başqa adamlara, kollektivə münasibətini ifadə edən əxlaqi keyfiyyətlər: hümanizm, xeyirxahlıq, düzlük, doğruçuluq, yoldaşlıq, dostluq, kollektivçilik, diqqətlilik, mədənilik və s.
4. İnsanın özünə, davranışına münasibətini ifadə edən əxlaqi keyfiyyətlər: təvazökarlıq, vicdanlılıq, intizamlılıq, utancaqlıq, şəxsi ləyaqət hissi və b. Vətənpərvərlik insanın əxlaqi keyfiyyətləri içərisində aparıcı yer tutur. O, əxlaqın əsasıdır. Tərbiyə işində çalışmaq lazımdır ki, gənclər daim Vətən ideyası ilə, vətəndaşlıq hissləri və həyəcanları ilə yaşasın, bu nəcib hisslər öz ifadəsini vətən üçün, xalq üçün nəcib əməllərdə tapsın. Əxlaqi keyfiyyətlər içərisində insanpərvərlik, humanizm çox mühüm yer tutur. İnsanpərvərlik insana məhəbbət və qayğı deməkdir. Başqalarının daxili aləmini duymaq, sevincinə və kədərinə şərik olmaq, insanı sevmək, ona lazımi kömək göstərmək insaniyyətin, əxlaqi mədəniyyətin ilkin şərtidir. Çalışmaq lazımdır ki, humanizm, xeyirxahlıq gənclərin mənəvi tələbatına çevrilsin. Əxlaq tərbiyəsinin əsası gənclərdə mənəvi tələbat tərbiyə etməkdən ibarətdir. Gəncləri mənəvi fəaliyyət sahəsinə – başqa adamlar üçün xeyirxah əməllərə, nəcib məqsədlərlə ruhlandırılan yaradıcı əməyə, qaynar ictimai fəaliyyətə cəlb etmək tərbiyənin vacib şərtidir. Gənc hər dəfə adamlar üçün, kollektiv üçün faydalı işlər gördükdə onda xeyirxahlıq hissi dərinləşir və tədricən tələbata çevrilir: o, nəcib davranışa mənəvi ehtiyac duyur. Əxlaq tərbiyəsinin əsas mənbəyini davranış mədəniyyəti, müsbət əxlaqi adətlər təşkil edir. Əxlaqi adətlər tərbiyəsi üçün gəncləri müxtəlif fəaliyyət növlərinə - əməyə, oyuna, təlimə, bədii, elmi-texniki və ictimai fəaliyyətə cəlb etmək lazımdır. İnsanın dəyərli əxlaqi sifətlərindən biri də intizamdır.