MÜHABRİBƏNİN SON, HƏLLEDİCİ DÖVRÜNDƏ. 1944-cü ilin iyununda Avropada ikinci cəbhənin açılmasına baxmayaraq, Vermaxtın əsas qüvvələri alman-sovet cəbhəsində yerləşmişdi. Almanlar Moskvada qalmaq üçün öz qruplaşmalarının birinci cinahını möhkəmləndirməyə çalışırdılar. Son dərəcə gərgin gedən bu döyüşlərdə Azərbaycan diviziyaları da iştirak edirdi.1944-cü il oktyabrın 20-də sovet və yuqoslav qoşunlarının birgə gücü ilə almanların 20 minlik Belqrad qruplaşması məhv edildi və Yuqoslaviyanın paytaxtı azad olundu.
Həmin il noyabrın sonunda Yuqoslaviya Xalq Azadlıq Ordusunun hissələri ilə birgə qədim Krakov şəhəri yaxınlığında çox ağır hərbi əməliyyatlar başlandı. 223-cü diviziyanın 1041-ci alayının komandiri mayor Baxış Mehdiyev 1037-ci alayın iki batalyonu ilə birlikdə şəhəri alman faşistlərindən təmizlədilər. Düşmən döyüş meydanında 1000-ə qədər əsgər və zabit itirdi. 223-cü Azərbaycan diviziyasının döyüşçüləri Belqradın sakinlərinin alqışları altında qələbə bayrağı ilə qürurla addımladılar. 223-cü diviziyaya "Belqrad" fəxri adı verildi. Bu münasibətlə marşal İosip Broz Tito diviziyanın komandirinə təbrik məktubu göndərmişdi.
1944-cü il avqustun 25-də 223-cü diviziya 3-cü Ukrayna cəbhəsi komandanının əmri ilə Sarata-Qalebna rayonunda mühasirəyə alınmış düşmən qruplaşmasını parçalamaq məqsədilə döyüşə başladı. Alman faşist diviziyaları güclü hücumlarla mühasirədən çıxmağa çalışdığı zaman mayor Baxış Mehdiyevin 1041-ci alayı özü düşmənin mühasirəsinə düşdü, lakin iki günlük mühasirə şəraitində B.Mehdiyevin alayı igidlik göstərərək 1500 alman faşistini məhv etmiş, 1000 nəfəri isə əsir götürmüşdü.223-cü diviziyanın adı iki dəfə Ali Baş Komandanın əmrində çəkilmiş və almanların Dnepr çayı sahilindəki müdafiəsini yardığına, Benzeranı hücumla aldığına görə ona iki dəfə təşəkkürnamə göndərilmişdi.
1945-ci il yanvarın 12-də sovet ordusunun Visla-Oder əməliyyatı başlandı. Bu əməliyyatın aparılmasında məqsəd alman-faşist qruplaşmalarını dağıtmaq, Polşanın azad edilməsini başa çatdırmaq, Berlinə həlledici zərbə endirilməsi üçün münasib şərait yaradılmasını təmin etmək idi. Bu əməliyyatda 416-cı Taqanroq və 223-cü Belqrad diviziyaları fəal iştirak etdilər. Visla sahillərində gedən döyüşlərdə leytenant Bəhyəddin Mirzəyev şöhrət qazandı. Yanvarın 14-dən 15-ə keçən gecə onun rotası Vislanı keçib sağ sahildə möhkəmləndi. Cəsur döyüşçülər tutduqları mövqeyi əldən vermədilər. Əməliyyat B.Mirzəyevin göstərdiyi şəxsi qəhrəmanlıq və döyüş ustalığı sayəsində qələbə ilə başa çatdı. 1945-ci ilin yanvarında düşmənin Visladakı müdafiə istehkamlarının keçilməsində 416-cı diviziyanın batalyonu yüksək döyüş məharəti nümayiş etdirmişdi. Batalyon düşməni birinci və ikinci müdafiə xətlərindən çıxararaq, diviziyanın hərəkətinə imkan yaratdı.
Varşavanın cənubunda düşmən müdafiəsinin yarılması və Visla-Oder arasındakı döyüşlərdə yüksək hərbi nailiyyətlərinə görə 416-cı diviziyanın 1368-ci alayı Qırmızı Bayraq, 1054-cü artilleriya alayı III dərəcəli Suvorov, 444-cü topçu divizionu III dərəcəli Boqdan Xmelnitski, 348-ci sanitar batalyonu Qırmızı Ulduz ordenləri ilə təltif olunmuşdu. 1945-ci il yanvarın 19-da 416-cı diviziya Visladan Polşanın içərilərinə doğru 180 km irəlilədi, fevralın 1-də isə Oder çayının qərb sahilinə çıxdı. Almanlarla bir həftə ağır döyüşlər nəticəsində kapitan Mirzəyevin batareyası tutduğu mövqelərini saxlaya bildi. Bəhyəddin Mirzəyev igidliyinə görə SSRİ Ali Soveti Rəyasət heyətinin Fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Bu, 416-cı və 295-ci diviziyaların birgə zərbələri altında düşmənin Berlinə gedən yol üzərində yerləşən və müdafiə xətti rolunu oynayan Küstrin şəhər-qalanın alınması üçün böyük strateji əhəmiyyət kəsb edirdi. Yolayrıcında yerləşən binada mövqe tutmuş düşmən pulemyotçusu sovet döyüşçülərinin irəliləməsinə imkan vermirdi. Gənc zabit Məmmədnəbi İsmayılov sürünərək binaya yaxınlaşdı, pulemyot nöqtəsini məhv etdi və hücum üçün yol açıldı. Fevralın 19-da 1373-cü atıcı alay Küstrinin şimalında düşmənin altı əks-hücumunu dəf etmiş, 13 tankı, 650 əsgər və zabiti məhv etmişdi. 1945-ci il martın 12-də Birinci Belorus cəbhəsi qoşunları tərəfindən azad olunmuş Küstrinin alınması şərəfinə Moskvada 224 topdan 20 yaylım atəşi açıldı. Ali Baş Komandanın əmrində 416-cı diviziyanın döyüşçülərinin qəhrəmanlığı xüsusi qeyd olunurdu. Diviziyanın 1054-cü topçu alayı Qırmızı Bayraq, 1374-cü atıcı alayı Boqdan Xmelnitski, 1368-ci atıcı alayı III dərəcəli Suvorov, 444-cü top divizionu və 345-ci sanitar batalyonu Aleksandr Nevski ordenlərinə layiq görüldü. 1945-ci ilin yanvar-mart aylarındakı döyüşlər ərzində 416-cı diviziyanın 1388 döyüşçüsü orden və medallarla təltif olunmuşdu.
Budapeşt rayonu istiqamətində hərəkət edən 223-cü diviziya Yuqoslaviya-Macarıstan sərhədini keçərək, 4-cü qvardiya ordusunun tərkibində Budapeşt şəhəri uğrunda döyüşlərə başladı. Diviziyanın döyüşçüləri iki ay yarım ərzində Budapeşt yaxınlığında almanların 50-dən çox ağır hücumunu dəf etmişdi. 75-ci atıcı Belqrad-Budapeşt korpusunun tərkibində iştirak edən 223-cü diviziya aprelin 13-də Avstriyanın paytaxtı Vyananı azad etdi. Vyana istiqamətində hazırlanan hücum əməliyyatlarından bir ay əvvəl 223-cü diviziya Avstriyanın 44 yaşayış məntəqəsi və 4 şəhərini alman işğalçılarından azad etmişdi. Bu döyüşlərdə diviziya düşmənin 4500 əsgər və zabitini məhv etmiş, çoxlu texnika və döyüş sursatını qənimət götürmüşdü. Ali Baş Komandanlığın əmri ilə diviziyaya təşəkkür elan edilmişdi. Vyana yaxınlığında uğurlu əməliyyatlara görə 223-cü diviziya SSRİ Ali Soveti Rəyasət heyətinin Fərmanı ilə Qırmızı Bayraq ordeni ilə təltif olunmuşdu. 223-cü diviziya Mərkəzi və Cənubi Avropanın altı ölkəsinin - Rumıniyanın, Bolqarıstanın, Yuqoslaviyanın, Avstriyanın, Çexoslovakiyanın azad olunmasında fəal iştirak etmişdi. Ümumiyyətlə, müharibə illərində diviziya 10 min kv.km ərazini, 400 yaşayış məntəqəsini, o cümlədən 19 şəhəri düşməndən təmizləmişdi.
Alman faşistləri ilə döyüşlərdə 223-cü diviziyanın döyüşçüləri 45 mindən çox alman faşistini məhv etmiş və 43800 nəfər əsgər və zabiti əsir almışdılar. Diviziyanın döyüşçüləri düşmənin 28 təyyarəsini, 113 tank və döyüş maşınını, 549 səhra topunu, 311 minaatan qurğusunu, 1152 pulemyotunu, 25 mindən çox avtomaşınını məhv etmişdi. Yüksək döyüş məharətinə və igidliyə görə 20 nəfər azərbaycanlı döyüşçüyə, o cümlədən A.Vəzirov, M.Vəliyev, A.Quliyev, M.Abdullayev, B.Mirzəyev, M.Cəbiyev, X.Məmmədova Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi.
1945-ci ilin yanvarında sovet ordusunun Polşaya hücumu zamanı Ziya Bünyadovun başçılıq etdiyi bölüyün bütün döyüşçüləri Plitsa çayı üstündəki körpü uğrunda qeyri-bərabər döyüşdə göstərdiyi igidliyə görə təltif edildilər. Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verildi.
Sovet qoşunları 1945-ci ilin aprelində Berlinin alınması və faşistlərin son iqamətgahının darmadağın edilməsi əməliyyatına başladı. Aprelin 17-də 416-cı diviziyanın iki piyada batalyonu 295-ci diviziyanın hissələri ilə birlikdə Nou-Hardenberqi faşistlərdən azad etdi. Aprelin 20-də diviziya Klossordorfu, 21-də Ştrausberqi tutaraq Berlinə yaxınlaşdı, aprelin 26-da şəhərin cənub-şərqindən Sileziya vağzalı və Reyxstaq istiqamətində hücuma keçdi. 73-cü atıcı alay amansız döyüşlərdə faşistlərin müqavimətini qıraraq, mayın 1-də gündüz saat 3-də Kayzer sarayını tutdu və üzərinə Qırmızı bayraq sancdı. Berlindəki küçə döyüşlərində göstərdikləri qəhrəmanlığa görə baş leytenant Vaqif Osmanov, Q.İsmayılov, azərbaycanlı qızlar R.Əhmədova, S.Bayramova, N.Yəhyayeva, T.Tahirova, S.Ağayeva, S.Xəlilova, L.Nəzirova yüksək mükafatlara layiq görüldülər. Mayın 2-də səhər 416-cı diviziyanın bir qrup döyüşçüsü leytenant A.Məcidovun başçılığı altında Brandenburq qapıları üzərində qələbə bayrağı qaldırdı.
Azərbaycan xalqının fəxri olan Qırmızı Bayraqlı, II dərəcəli Suvorov ordenli Taqanroq diviziyası Böyük Vətən müharibəsi dövründə Qafqazdan Berlinə qədər şanlı döyüş yolu keçmiş, 23 minə qədər hitlerçini məhv etmiş, 5474 nəfəri əsir almış, düşmənin 21 tankını, 195 topunu, habelə minlərlə silah və sursatını sıradan çıxarmışdı. Diviziyanın 8 döyüşçüsü Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 11 döyüşçü Lenin ordeni ilə təltif edilmiş, ümumiyyətlə, 14369 əsgər və zabiti SSRİ orden və medallarına layiq görülmüşdü.
Berlin uğrunda döyüşdə azərbaycanlılar qızıl ordunun digər birləşmələrində də fəal iştirak edirdilər. Sovet İttifaqı Qəhrəmanı Əvəz Verdiyevin komandanlıq etdiyi rota Potsdam vağzalı yaxınlığında faşistləri müdafiə istehkamlarından vurub çıxarmışdı. Aprelin 26-da Berlin uğrunda iki saatlıq döyüşdə 8 tank və 204 hitlerçi məhv edərək, düşmən hücumunu pozmuşdu. Başından ağır yaralanmış komandir Yusif Sadıxov son nəfəsinədək döyüş meydanını tərk etmədi. O, Berlin uğrunda döyüşlərdə xüsusilə fərqləndiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
Hitlerçiləri Berlində sıx halqaya alan I Belorus və I Ukrayna cəbhələrinin qoşunları alman faşizminin darmadağın edilməsini başa çatdırdı. Aprelin 30-da sovet qoşunları hitlerçilərin son müqavimətini qırıb Reyxstaqı ələ keçirdi və üzərinə Qələbə bayrağı sancdı.1945-ci il mayın 8-də faşist Almaniyası Berlində qeyd-şərtsiz təslim aktına qol çəkdi. 1945-ci il mayın 9-u tarixə sovet xalqının Qələbə bayramı kimi daxil oldu.1945-ci il iyunun 24-də Moskvada, Qızıl meydanda Azərbaycan döyüşçüləri nümayəndələrinin də iştirak etdiyi sovet ordusunun Qələbə paradı keçirildi.
Sovet İttifaqı 1945-ci il avqustun 9-da Yaponiyaya müharibə elan etdi. Avqustun 10-da Sovet Hərbi Qüvvələri Mancuriya və Koreyada yerləşən yapon qoşunlarına qarşı döyüşlərə başladı. 24 gün davam edən döyüşlərdə Azərbaycan xalqının nümayəndələri də vuruşurdu. 223-cü Azərbaycan diviziyası Uzaq Şərqə göndərilmişdi. Ayrı-ayrı hərbi hissələrin tərkibində də azərbaycanlılar döyüşürdülər. Göstərdikləri əsgəri rəşadətə görə Qara Sarıyev, Aslan Aslanov, Hacı Hacıyev, Niyaz Hüseynov, Hacı Rzayev, Ələkbər Səfərov və başqaları SSRİ Ali Sovetinin 1945-ci il sentyabrın 30-da təsis etdiyi "Yaponiya üzərində qələbəyə görə" medalı ilə təltif olunmuşdular. Minomyotçu Q.Sarıyev 1945-ci il avqustun 8-də 6-cı Qvardiya tank ordusunun tərkibində Monqolustanın Qobu səhrasından keçərək Xinqan aşırımının alınmasında, Mancuriyada Lyubey, Xaylar, Çan-Çun, Xarbin və digər şəhərlərin Kvantun ordusundan təmizlənməsində iştirak etmiş, Ali Baş Komandanın imzası ilə 1945-ci il 23 avqust tarixli əmrlə Fəxri Fərmanla təltif olunmuşdur.
Sovet qoşunları Kvantun ordusunu darmadağın etdi, beləliklə, SSRİ Yaponiya üzərində qələbədə mühüm rol oynadı. 1945-ci il scntyabrın 2-də Yaponiya hökuməti ABŞ-ın "Missuri" xətt gəmisində təslim aktına qol çəkdi. Bununla da İkinci Dünya müharibəsi başa çatdı.Müharibədə Sovet İttifaqı xalqları 27 milyon nəfərdən artıq şəhid vermişdi. Azərbaycan SSR-dən cəbhəyə getmiş 700000 nəfərə qədər döyüşçüdən 300000 nəfəri həlak olmuşdu.
Böyük Vətən müharibəsi cəbhələrində H.Aslanov, S.Qəniyev, M.Əbilov, H.Hüseynov, A.Abdullayev, Y.Abduldayev, A.Abasov, Q.Zeynalov, Heybətov, T.Əliyarbəyov, A.Vəzirov, A.Qazızadə, B.Mehdiyev, D.Nəcəfov, N.Kərimov kimi bacarıqlı sərkərdə və komandirlər qələbəyə böyük töhfələr vermişdilər. Hərbi rəşadətə görə Azərbaycandan olan 120 nəfərdən çox döyüşçü Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. 30 nəfər azərbaycanlı döyüşçü "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə, 170 mindən artıq əsgər və zabit ölkənin müxtəlif orden və medalları ilə təltif olunmuşdu.
SSRİ müharibədən qalib çıxdı. Bunun başlıca səbəbi ölkənin, xalqın gücünün qələbəyə uğurla səfərbər olunması idi. Ölkənin rəhbərliyi inzibati idarəçilik metodlarını daha da möhkəmləndirib, iqtisadiyyatı qısa bir zamanda hərbin tələbləri əsasında yenidən qura bildi. Xalqların iqtisadi, hərbi və mənəvi qüvvələri birləşdirildi. Azərbaycan xalqı İkinci Dünya müharibəsində SSRİ-nin qalib çıxmasına öz layiqli töhfəsini vermiş, adı XX əsrdə qəsbkarlığa və mürtəce qüvvələrə qarşı mütərəqqi qüvvələrin tarixi salnaməsinə qızıl hərflərlə əbədi həkk olunmuşdur.
Böyük Vətən müharibəsi İkinci Dünya müharibəsinin həlledici, mühüm tərkib hissəsi idi. Sovet İttifaqı xalqları, o cümlədən Azərbaycan xalqı, əsasən, bu müharibənin ağır yükünü öz çiyinlərində daşımış və faşizm üzərində tarixi qələbə qazanılmasında mühüm rol oynamışdır.
Dostları ilə paylaş: |