Mühazirə I mövzu.ŞİMali azərbaycan II dünya mühariBƏSİnin son həllediCİ DÖVRÜNDƏ


BÖYÜK VƏTƏN MÜHARİBƏSİ GEDİŞİNDƏ ƏSASLI DÖNÜŞ MƏRHƏLƏSİ



Yüklə 55,13 Kb.
səhifə2/4
tarix02.01.2022
ölçüsü55,13 Kb.
#46611
növüMühazirə
1   2   3   4
muhazire2 (2)

BÖYÜK VƏTƏN MÜHARİBƏSİ GEDİŞİNDƏ ƏSASLI DÖNÜŞ MƏRHƏLƏSİ. Stalinqrad cəbhəsində tarixi qələbəsindən sonra qızıl ordunun Leninqraddan Qara dənizə kimi ərazidə düşmənə qarşı əks-hücumu başlandı. Hücumda bütün cəbhələr iştirak edirdi.Leninqrad və Volxov cəbhələrinin qoşunları Leninqradın mühasirəsini yarmaq məqsədilə 1943-cü ilin yanvarında geniş hərbi əməliyyata başladılar. Şlisselburq düşməndən təmizləndi, Leninqrad ölkə ilə birbaşa quru yol əlaqəsi əldə etdi. Leninqrad və Volxov cəbhələrindəki döyüşlərdə bir çox Azərbaycan əsgəri fərqlənmiş, onlardan 10 azərbaycanlı snayper SSRİ orden və medalları ilə təltif olunmuşdu. Şimal Donanmasının məşhur snayperi Məmmədəli Abbasov hitlerçilərin qəniminə çevrilmişdi, 1943-cü ildə onun şəxsi hesabında 166 məhv edilmiş faşist var idi.

Süvari kəşfiyyat vzvodunun komandiri Pirəli Səlimov Kareliya cəbhəsində 1943-cü ildə 14 dəfə düşmən arxasına kəşfiyyata getmiş və mühüm məlumatlar əldə etmiş, faşist qarnizonunu sıradan çıxarmışdı. P.Səlimovun vzvodu hitlerçilərin mühasirəsinə düşmüş, qeyri-bərabər döyüşdə 50 faşisti məhv etmiş, 6 pulemyot və bir neçə minomyot ələ keçirərək mühasirəni yarmışdı. İgid komandir "Qırmızı Bayraq" ordeni ilə təltif olunmuşdu.

Leninqrad uğrunda döyüşlərdə vzvod komandiri Əmir Əfəndiyev bir qrup avtomatçı ilə sürünərək xəlvətcə düşmən səngərlərinə yaxınlaşıb atəş nöqtələrini susdurmuşdu. O başqa bir döyüşdə üzərinə yeriyən tankı qumbaralarla məhv etmişdi.

Azərbaycan şahinləri Leninqrad səmasında faşistlərlə mərdlik və rəşadətlə döyüşürdülər. 1942-ci ilin axırlarında qəhrəmanlıqla həlak olmuş qorxmaz təyyarəçi Əli Səmədovun yerini qardaşı Asəf Səmədov tutmuşdu. Bombardmançı təyyarənin komandiri A.Səmədov qısa müddətdə ondan artıq düşmən obyektini yerlə yeksan etmişdi. Leninqrad üzərindəki hava döyüşlərində Hüseyn Bağırov mahir qırıcı təyyarəçi və kəşfiyyatçı kimi şöhrət qazanmışdı. O, 3 düşmən təyyarəsini vurmuşdu. H.Bağırov 1944-cü ilin yayında Pribaltika səmasındakı hava döyüşündə qəhrəmanlıqla həlak olmuşdu. Ölümündən sonra o, I dərəcəli Vətən müharibəsi ordeni ilə təltif edilmişdi.

Adil Quliyev 1943-cü ilin yanvarında Staraya Rus məntəqəsi uğrunda qeyri-bərabər döyüşdə faşist təyyarəsini vurmuş və "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdu. İgid şahin A.Quliyev müharibə illəri ərzində düşmənin 18 təyyarəsini məhv etdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.

1943-cü ilin əvvəlində Həzi Aslanovun komandanlıq etdiyi 55-ci qvardiya tank briqadası hücum əməliyyatlarında Mamayev Kurqan ətrafında düşməni darmadağın etmişdi. Mius cəbhəsinin məhv edilməsi tapşırığını nümunəvi yerinə yetirdiyinə görə H.Aslanov Aleksandr Nevski ordeni almışdı.



1943-cü ilin yayında Hitler Almaniyası sarsılmış vəziyyətini düzəltmək üçün ümumi səfərbərlik etmiş və hərbi iqtisadiyyatını qüvvətləndirmək məqsədilə fövqəladə tədbirlər görmüş, Qərbdə ikinci cəbhənin olmamasından istifadə edərək Şərq cəbhəsində qəti hücuma başlamaq qərarına gəlmişdi. "Sitadel" adlanan bu əməliyyatda düşmənin məqsədi cəbhənin dar hissəsi - Kursk çıxıntısına cənubdan və şimaldan hücum edərək, Mərkəz və Voronej cəbhələrinin qoşunlarını mühasirəyə salıb dağıtmaq, sonra isə Cənub-qərb cəbhəsinə arxadan zərbə endirmək idi. Niyyətini yerinə yetirmək üçün Hitler 900 min əsgər və zabitdən ibarət güclü qoşun qruplaşması yaratmışdı.

1943-cü il iyulun 5-də hitlerçilər 50 texnika, o cümlədən l6 tank və motorlaşdırılmış diviziyalarla Oryol, Belqorod və Kursk ətrafında hücuma başladılar. Qızıl ordu düşmənin hücumunu dəf edərək, iyulun 12-də əks-hücuma keçdi. İkinci Dünya müharibəsinin ən irimiqyaslı döyüşlərindən olan Kursk qövsü müharibənin gedişində əsaslı dönüş yaratdı. Təşəbbüsü öz əlinə alan qızıl ordu faşistlərin tam məğlubiyyətinə qədər onu əldən vermədi.

Kursk qövsü döyüşündə sovet qoşunları tərkibində Azərbaycanın oğulları da mərdliklə döyüşürdülər. Qvardiya kapitanı İvan İlyasov rota ilə birlikdə Kursk vilayətinin Krutoy Luq ətrafında düşmənin tank hücumunun qarşısını almışdı. İlyasovun rotasının təhkim olunduğu batalyona qarşı düşmən 50 tank və bir alaydan artıq piyada göndərdi. 10 tank itirməsinə baxmayaraq, faşistlər hücumu davam etdirirdilər. Batalyon komandirinin həlak olduğunu görən İ.İlyasov komandanlığı əlinə alıb döyüşçüləri əks-hücuma qaldırdı. Döyüşün qızğın çağında düşmənin ağır tankı İlyasovun olduğu səngərin üzərini örtdü. Lakin komandir özünü itirmədi, son nəfəsinədək döyüşü telefonla idarə edə bildi. 23 saat davam edən bu döyüşdə 40 düşmən tankı yandırılmış, 800 faşist məhv edilmişdi. İ.İlyasova ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi.

Oryol istiqamətindəki vuruşlarda gənc döyüşçü Davud Quliyev 4 əsgərlə birlikdə gecə kəşfiyyatı zamanı kəndlərdən birində düşmən qarnizonunu - 30 əsgər və zabiti məhv etmişdi.

Kursk qövsü döyüşündə qızıl ordu yeni bir mühüm qələbə çaldı.

Ukrayna ərazisinin faşist işğalçılarından azad olunması uğrunda döyüşlərdə Azərbaycan diviziyaları fəal iştirak etmişlər.

1943-cü il avqustun 27-də 416-cı diviziya düşmən müdafiəsini yararaq 20 km irəliləmiş və Cənub cəbhəsinin əsas qüvvələrinin hücumuna şərait yaratmışdı.

Taqanroq ətrafında alman-faşist ordu qruplaşmasının mühasirəyə alınması və darmadağın edilməsində, habelə şəhərin azad olunmasında göstərdiyi qəhrəmanlığa görə Ali Baş Komandanın əmri ilə 416-cı diviziyaya fəxri "Taqanroq" adı verilmişdi. Ölkənin paytaxtı Moskva Azərbaycan diviziyasını artilleriya yaylım atəşləri ilə salamlamışdı.

.416-cı diviziya 1943-cü ilin oktyabrında düşməni Konstantinovka ətrafında darmadağın edib, tank hissələrinin köməyi ilə Melitopolu azad etmişdi. Diviziya "Qırmızı Bayraq" ordeni ilə təltif olunmuşdu.

Melitopol uğrunda döyüşlərdə pulemyotçu Ağaşirin Cəfərov xüsusən fərqlənmişdi. O, 1943-cü il ərzində 500-dən artıq faşist öldürmüşdü. A.Cəfərov SSRİ Ali Soveti Rəyasət Heyətinin 1943-cü il 1 noyabr tarixli Fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı fəxri adı almışdı.

Kursk qövsündəki sovet qoşunları qarşısında əsas vəzifə Dnepr çayını keçib geri çəkilən düşmənin hərbi hissələrini darmadağın etmək idi. Vermaxt komandanlığı güman edirdi ki, eni bir kilometr olan çayı asanlıqla keçmək mümkün deyil. Dnepr çayının sağ sahilində faşistlər möhkəm istehkamlar yaratmışdı. Lakin qələbə ilə ruhlanmış sovet əsgərləri, bütün çətinliklərə baxmayaraq, 1943-cü ilin sentyabrında Dnepr çayını müvəffəqiyyətlə keçdilər. Onlar arasında Azərbaycan oğulları da vardı. 1943-cü ilin mart ayının 28-də 416-cı Taqanroq Azərbaycan atıcı diviziyası Nikolayev şəhərini də düşməndən azad etdi.

Ukrayna ərazisinin alman-faşist istilaçılarından azad olunmasında 223-cü Azərbaycan atıcı diviziyası fəal iştirak etmişdi. 1943-cü ilin sentyabrında diviziya 16 yaşayış məntəqəsini azad etmiş, düşmənin 4300 əsgər və zabitini, 45 top və tankını, çoxlu minomyot və pulemyotunu, habelə digər silahlarını sıradan çıxarmışdı. 1943-cü ilin noyabr-dekabr aylarında 223-cü diviziya 6 yaşayış məntəqəsini faşistlərdən təmizləmiş, düşmənin 4500 əsgər və zabiti, 20 tankı, 68 minomyot və digər hərbi sursatı məhv edilmiş, bir tank, 18 pulemyot, başqa hərbi ləvazimat qənimət götürülmüş, 82 faşist əsir alınmışdı.

Taman yarımadasının alman-faşist işğalçılarından azad edilməsində fərqləndiyinə görə, şəxsi heyətinin 60-70 faizini azərbaycanlı döyüşçülər təşkil edən 227-ci atıcı diviziya fəxri "Temyurq" diviziyası adını almışdı. Düşmənlə döyüşlərdə diviziya 3000 faşisti məhv etmişdi. Taman yarımadasının azad olunması uğrunda döyüşlərə görə diviziyanın 2007 əsgər və zabiti, o cümlədən 600 azərbaycanlı orden və medallarla təltif edilmişdi.

1943-cü ilin sentyabrında "Donetsk" əməliyyatında göstərdiyi rəşadətə görə 271-ci diviziyaya fəxri "Qorlovka" adı verilmişdi. Həmin ilin payızında bu diviziya Rusiya və Ukraynanın faşistlərdən azad olunmasında iştirak etmişdi. Azərbaycan oğulları başqa cəbhələrdə də rəşadət göstərmişdilər. 1943-cü ilin oktyabrında Kerç boğazına çıxmaq əməliyyatında 20 yaşlı pulemyotçu Mehdi Quliyev misilsiz əsgəri şücaət göstərərək, 300-ə yaxın hitlerçini məhv etmişdi. Kerç yarımadasının azad olunmasında igidliyinə görə, M.Quliyev SSRİ Ali Soveti Rəyasət Heyətinin 1943-cü il 17 noyabr tarixli Fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.

Krım və Ukraynanın azad olunmasında göstərdiyi igidliyə görə B.Mustafayev SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 16 may tarixli Fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adı almışdı.

Sumı vilayətində gedən döyüşlərdən birində leytenant Müseyib Bağırov şəxsən 100 faşist öldürmüşdü. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 22 fevral tarixli Fərmanı ilə M.Bağırova Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi.

Mikayıl Ələkbərov Dnepri keçmək əməliyyatında igidlik göstərmişdi. Cəsur əsgər bu döyüşlərdə aldığı ağır yaralardan qəhrəmancasına həlak olmuşdu. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1943-cü il 26 oktyabr tarixli Fərmanı ilə M.Ələkbərov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.

Ukraynanın azad edilməsi salnaməsinə leytenant Məlik Məhərrəmovun komandanlıq etdiyi qvardiya rotasının igidliyi əbədi daxil olmuşdur. Məlik Məlik oğlu Məhərrəmova və onun 17 silahdaşına Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi. Qvardiyaçı qəhrəmanlara Lenin ordenini və "Qızıl Ulduz" medalını şəxsən təqdim edən cəbhə komandanı K.K.Rokossovski qeyd etmişdi ki, bir rotanın tərkibində 17 Sovet İttifaqı Qəhrəmanı olması fərəhli və müstəsna haldır.

Baş leytenant Səlahəddin Kazımovun topçuları 1943-cü il oktyabrın 8-də Kiyevin şimalında Dneprin sağ sahilinə çıxmış, döyüş mövqelərini məharətlə dəyişərək, ciddi müqavimət göstərən düşmənə gözlənilməz nöqtələrdən zərbələr endirmişlər. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1943-cü il 16 oktyabr tarixli Fərmanı ilə S.Kazımova Sovet İttifaqı Qəhrəmanı adı verildi. Dneprin keçilməsi uğrundakı döyüşlərdə igidliyinə görə Məmməd Məhərrəmov da SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 22 fevral tarixli Fərmanı ilə bu yüksək ada layiq görüldü.

Leninqrad şəhəri Mərkəzi Hərbi-Dəniz Muzeyində eksponat kimi 86 düyün vurulmuş bir qaytan qoyulmuşdur. Bu, Şimal donanması snayperi Məmmədəli Abbasovun üç ay ərzində qırdığı faşistlərin sayını bildirir. Abbasov hər faşisti vuran kimi dərhal cibində gəzdirdiyi bu qaytana bir düyün vurardı. Ağcabədili müəllim M.Abbasov elə bir gün olmazdı ki, faşist öldürməsin. Onun məharətindən müntəzəm yazan Şimal donanmasının "Krasnı flotes" qəzeti qeyd etmişdi ki, Məmmədəli Abbasov 35 gündə 63 hitlerçi qırmışdır. Şimal donanması komandanlığı onu "Qırmızı Bayraq" ordeni ilə təltif etmişdi.



1944-cü ilin əvvəlində qızıl ordunun bütün cəbhə boyu hücumu başlandı. Yanvarın 14-dən iki həftə davam edən döyüşlərdə Leninqrad və Volxov cəbhəsinin, habelə Baltik donanmasının qoşunları Leninqrad ətrafında düşmənə ağır zərbə endirərək, onu 70-100 km geriyə oturtdu, Leninqradın blokadasına son qoyuldu.

Sağ sahil Ukraynasının azad edilməsi üçün fəal hərbi əməliyyatlar genişləndi. Ukraynanın cənubundakı şəhərlərin azad edilməsində azərbaycanlılar igidliklə vuruşurdular.

Sağ sahil Ukraynasını alman-faşist işğalçılarından təmizləyən 416-cı Taqanroq diviziyasının əsgərləri çox sürətlə vuruşa-vuruşa Dnepr çayının sağ sahilinə keçərək, Nikolayev şəhəri yaxınlığında düşmənin müqavimətini qırmış, birgünlük qanlı döyüşlərdən sonra şəhəri ələ keçirib Cənubi Buq çayına çıxmışlar. SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Odessanın düşməndən azad edilməsində göstərdiyi döyüş nailiyyətlərinə görə 416-cı Taqanroq diviziyası II dərəcəli Suvorov ordeni, diviziyanın 500-dən artıq döyüşçüsü isə SSRİ orden və medalları ilə təltif olunmuşdu.

Sağ sahil Ukraynasının alman-faşist işğalçılarından azad olunmasında 223-cü diviziya da fəal iştirak etmişdi. Diviziyanın B.Mehdiyevin komandanlıq etdiyi 1041-ci alayı Saratov-Qalbena ətrafındakı döyüşdə sıralarında dörd general olan 2500 hitlerçini məhv etmiş və əsir götürmüşdü.

Ümumiyyətlə, Ukraynanın azad olunması uğrunda döyüşlərdə Azərbaycanın 20 igid oğlu Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, yüzlərlə döyüşçü orden və medallarla təltif olunmuşdu.

Azərbaycanın fəxri olan 416-cı diviziya avqustun 24-də qızıl ordunun digər birləşmələri tərkibində Moldaviya SSR-in paytaxtı Kişinyovu azad etmişdi. 416-cı diviziyanın döyüşçüləri Ali Baş Komandanın təşəkkürünə layiq görülmüşdülər. Kişinyov uğrunda döyüşlərdə 223-cü diviziyanın döyüşçüləri də fərqlənmişdilər.

Faşistlərin Sağ sahil Ukraynasında məğlubiyyəti Krımın azad edilməsini yaxınlaşdırırdı. 1944-cü il aprelin 8-də sovet qoşunları Perekopun şimalından hücuma keçdilər. Krımın azad olunmasında 77-ci və 227-ci diviziyalar əsil qəhrəmanlıq nümayiş etdirdilər. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 24 aprel tarixli Fərmanı ilə 77-ci diviziyaya fəxri "Simferopol" adı verilmişdi.

1944-cü ilin aprelində 227-ci diviziya Feodosiya və Yalta uğrunda vuruşlarda 5 mindən artıq düşmən əsgər və zabitini məhv etdi, 8 min nəfəri əsir aldı, 250 top, 400 avtomaşın və 150 araba qənimət götürdü..1944-cü ilin hücum döyüşlərində Azərbaycan diviziyaları daha da mətinləşmiş, qızıl ordunun zərbə qüvvələrinə çevrilmiş, döyüşlərdə məharət və cəsurluq nümayiş etdirmişlər.

1944-cü ildə Azərbaycan döyüşçüləri başqa cəbhələrdə də alman-faşist işğalçılarına sarsıdıcı zərbələr vurulmasında fəal iştirak edirdilər. Belorusiyanın azad olunması uğrunda döyüşlərdə Sovet İttifaqı Qəhrəmanı, qvardiya general-mayoru Həzi Aslanovun komandanlıq etdiyi tank briqadasının döyüşçüləri böyük uğurlar qazandılar. Minskin azad edilməsi zamanı fərqlənən briqada Baş Komandanın təşəkkürünü aldı. Həzi Aslanovun tankçıları iyulun 7-də birinci olaraq Vilnüsə daxil oldular. Yüksək hərbi ustalığına, tank yürüşlərini məharətlə təşkil etdiyinə və 1944-cü ilin yayında döyüşlərdə göstərdiyi şəxsi igidliyinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə H.Aslanov II dərəcəli Suvorov ordeni ilə təltif olundu. 1944-cü ilin iyulunda Şaulyay şəhərinin azad edilməsi uğrunda döyüşlərdə fəal iştirakına görə H.Aslanovun 35-ci qvardiya tank briqadasına fəxri "Şaulyay" adı verildi. Belorusiyanın və Pribaltikanın azad olunması döyüşlərində Həzi Aslanovun briqadası 8 dəfə Ali Baş Komandanın təşəkkürünə layiq görüldü. Cəbhənin komandanlığı H.Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif olunmasına təqdimat vermişdi. Lakin ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı ona ölümündən sonra -1991-ci il iyunun 21-də verildi.1945-ci il yanvarın 24-də tank qoşunları qvardiya general-mayoru Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov yaralandı və şəhid oldu.

1944-cü ilin avqustunda tank əleyhinə top komandiri, serjant Qəzənfər Əkbərov qeyri-bərabər döyüşdə düşmənin dörd tankını və 60-dan artıq əsgər və zabitini məhv etmişdi. Cəsur Qəzənfər Əkbərova ölümündən sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 26 oktyabr tarixli Fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi.

1944-cü ilin payızında Pribaltikanın azad olunması uğrunda döyüşlərdə 77-ci atıcı diviziyasının şəxsi heyəti xüsusilə fərqlənmişdi. 1944-cü ilin avqustunda bu diviziya 51-ci ordunun tərkibində Debele ətrafında düşməni ciddi məğlubiyyətə uğratmışdı. İki həftəlik müdafiə döyüşləri müddətində diviziya hitlerçilərin 12 tank diviziyasının 31 əks-hücumunu dəf edərək, onun 178 tank və özüyeriyən topunu, 2 alayını sıradan çıxarmışdı. Rəşadətinə görə diviziyanın 587 əsgər və zabiti orden və medallarla təltif olunmuşdu.Azərbaycanın 416-cı diviziyası 1944-cü ilin avqustunda Moldaviyanın azad olunmasında iştirak etmişdi.

1944-cü ildə sovet qoşunları SSRİ ərazisini alman-faşist işğalçılarından azad etdi, Barents dənizindən Qara dənizə qədər sovet sərhədi bərpa olundu. Bu tarixi qələbədə Sovet İttifaqının bütün xalqları kimi, Azərbaycan xalqının oğul və qızları da şücaət, rəşadət və mərdlik göstərdilər.




Yüklə 55,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin