PARTİZAN DÖYÜŞLƏRİNDƏ VƏ ANTİFAŞİST MÜQAVİMƏT HƏRƏKATINDA. SSRİ XKS və ÜİK(b)MK-nın 1941-ci il 29 iyun tarixli direktivlərində və ÜİK(b)MK-nın 1941-ci il 19 iyul tarixli "Alman ordularının arxasında mübarizənin təşkili haqqında" qərarında, bir sıra digər qərar və direktivlərində müvəqqəti işğal edilmiş rayonlarda düşmən və onun əlaltıları üçün dözülməz şərait yaratmaq, süvari və piyada partizan dəstələri təşkil etmək, işğalçılara qarşı bütün mübarizə formalarına rəhbərlik etmək üçün gizli partiya təşkilatları şəbəkəsi yaratmaq və genişləndirmək vəzifələri müəyyən olunmuşdu.
Böyük Vətən müharibəsinin ilk aylarında sovet ordusunun bir sıra uğursuzluğu nəticəsində xeyli sovet döyüşçüsü düşmən tərəfindən əsir alınmışdı. Lakin dözülməz əzab və işgəncələr, təbliğat və təxribat onların böyük əksəriyyətinin iradəsini qıra bilməmiş, faşizmə qarşı mübarizədən çəkindirməmişdi. Mükəmməl hərbi təlim və təcrübəyə malik olan bu döyüşçülər əsir düşərgələrindən qaçaraq partizan dəstələrinə qoşulurdular.
Böyük Vətən müharibəsi illərində partizan hərəkatının geniş vüsət aldığı respublikalardan biri də Belorusiya SSR idi. Bu respublikanın ərazisindəki partizan hərəkatında Sovet İttifaqının bütün xalqlarının nümayəndələri ilə birlikdə azərbaycanlı döyüşçülər də yadelli işğalçılara qarşı mətanətlə vuruşurdular. Onlar sadəcə partizan hərəkatının iştirakçısı olmayıb, eyni zamanda xalq intiqamçılarının düşmənə qarşı mübarizəsinin təşkilində fəal çalışırdılar. Brest vilayətindəki partizan hərəkatında Q.A.Abbasov, M.Y.Abdullayev, M.A.Əliyev, İ.M.İsmayılov və başqaları fəal iştirak etmişdilər. Dmitrov adına partizan dəstəsinin tərkibində iki ildən artıq vuruşan Qurban Abbas oğlu Abbasov Belorusiya partizanları ilə birlikdə faşistlərin cəbhəyə canlı qüvvə, texnika və hərbi sursat aparan beş qatarının qəzaya uğradılmasında, iki avtomobilinin yandırılmasında, 40 kilometr rabitə xəttinin sıradan çıxarılmasında, iki körpünün və bir zavodun partladılmasında fərqlənmişdi.
1942-1943-cü illərdə Brest vilayətinin Jabinsk rayonunda fəaliyyət göstərən M.Çernyak adına partizan dəstəsinin vzvod və rota komandiri kommunist M.A.Əliyev öz döyüşçüləri ilə 20 dəfə faşist qarnizonu ilə döyüşə girmiş, hitlerçilərin yaşadığı 7 binanı dağıtmış, 6 avtomobili yandırmış, 1000 nəfərdən çox əsgər və zabiti məhv etmiş və əsir tutmuş, 50 qatarı qəzaya uğratmışdı.
Baranoviçi vilayətində fəaliyyət göstərən partizan dəstələrinin tərkibində respublikamızın bir çox nümayəndəsi faşistlərlə döyüşlərdə fərqlənmişdir. "Pobeda" partizan dəstəsinin bölmə komandiri Z. M.Qədimovun döyüşçüləri faşistlərin 5 qatarını qəzaya uğratmışdı. Qəza nəticəsində düşmənin 4 parovozu, əsgər və hərbi sursat olan 60 vaqonu məhv edilmiş, 900 hitlerçi ölmüş və yaralanmışdı. Baranoviçi vilayətindəki müxtəlif partizan dəstələrində düşmənə qarşı bir sıra çətin və mürəkkəb əməliyyatların həyata keçirilməsində fərqlənən H.Ə.Əliyev, M.A.İbrahimov, A.H.Məmmədov, Q.M.Musayev, Cabbar Pirağa oğlu və başqalarının rəşadəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdi.
1943-cü ilin iyununda Belorusiya K(b)P MK-sı işğal olunmuş ərazilərdə, eyni vaxtda düşmənin dəmir yol relslərini məhv etmək planını irəli sürdü. Mərkəzi Partizan Qərargahı tərəfindən genişləndirilən bu planın həyata keçirilməsinə Leninqrad, Kalinin, Smolensk, Oryol və qismən Ukrayna partizanları da cəlb olundular. 1943-cü il avqustun 3-də başlanan "rels müharibəsi"nin həyata keçirilməsində 73853 nəfər Belorusiya partizanı iştirak etmişdi. "Rels müharibəsi"nin həyata keçirilməsində Azərbaycandan olan bir çox döyüşçülər belorus partizanları ilə birlikdə fəaliyyət göstərmişlər. Həmin döyüşçülərdən Q.A.Abbasov, R.P.Babayev, İ.N.Qocayev, M.M.İsayev, E.Q.İsmayılov, M.B.Hənifəyev, Q.Q.Məmmədov, S.B.Mamin, N.M.Monaxov Belorusiya Mərkəzi Partizan Qərargahının rəisi P.K.Ponomarenkodan şəxsən təşəkkür almış, SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilmişlər.
Minsk vilayətində də sovet xalqlarının digər nümayəndələri ilə yanaşı, Azərbaycan döyüşçüləri də düşmənə qarşı amansız mübarizə aparırdılar. 1942-ci ilin oktyabrında Borisov şəhər gizli partiya komitəsinin sərəncamı ilə mayor Ələkbər Əliyev "Dyadya Kolya" Partizan birləşməsindəki Suvorov adına dəstənin qərargah rəisi, sonralar isə komandiri təyin edilmişdi. Onun rəhbərlik etdiyi partizan dəstəsi düşmənin 11 qatarını, 13 parovozunu, 84 vaqonunu, 9 avtomobilini, bir tankını partlatmış, üç təyyarəsini vurmuş, 7,9 km rabitə xəttini sıradan çıxarmış, Almaniyaya zorla aparılan 400 sovet vətəndaşını azad etmiş, 28 dəfə cəbhə-Berlin xəttini kəsmişdir. Minsk vilayətində Azərbaycandan olan döyüşçülər partizan hərəkatında daha fəal iştirak etmişdilər. Burada Azərbaycan övladları belorus partizanları ilə birlikdə faşistlərin 3000 əsgər və zabitini öldürmüş və yaralamış, 50 qatarını, 63 parovozunu, 230 vaqonunu, 40 avtomobilini, 15 tank və zirehli maşınını, 1500 dəmiryol relsini, 10 körpüsünü partlatmış, 15 rabitə xəttini kəsmiş, 10 km dəmiryol relsini sökmüş və xeyli qənimət ələ keçirmişdilər.
Faşist işğalının ilk günlərində Ukrayna SSR ərazisini partizan hərəkatı bürüdü. Müharibənin ilk ayında Ukrayna K(b)P MK-sı və respublika hökuməti işğal olunmuş rayonlarda 583 partizan dəstəsi, 1700 təxribatçı-qırıcı qrup təşkil etmişdilər. 1941-ci ilin axırlarında respublikada 13 vilayət, 111-dən artıq mahal, şəhər, rayon komitəsi və başqa gizli partiya orqanları düşmən tərəfindən işğal olunmuş ərazilərdə partizan hərəkatına başçılıq edirdilər.
Xarkov vilayəti ərazisində alman faşist işğalçılarına qarşı partizan hərəkatının təşkilində Azərbaycan K(b)P MK-nın üzvü, respublika Ali Sovetinin deputatı V.H.Axundovun böyük xidmətləri olmuşdur. O, Xarkov yaxınlığında faşist qoşunları ilə döyüş zamanı mühasirədən çıxıb gizli partiya təşkilatları ilə əlaqə yarada bilmişdi. V.Axundov 1942-1943-cü illərdə Xarkov vilayətinin Bliznetsk və Lazovoy rayonları ərazisində gizli partizan qruplarının təşkilatçısı və rəhbəri olmuşdur. Onun partizanları əhali arasında antifaşist vərəqələri yayır, düşmənə qarşı mübarizə aparmaq üçün xüsusi zərbə qrupları yaradır, rabitə xətlərini sıradan çıxarır, tez-tez parovoz və vaqonları, dəmiryol körpülərini partladırdılar. V.Axundov 1943-cü ilin yayında Ukrayna uğrunda gedən döyüşlərdə həlak olmuşdu.
Böyük Vətən müharibəsi illərində Ukrayna ərazisində fəaliyyət göstərən bütün partizan dəstə və birləşmələrində Azərbaycan döyüşçüləri faşistlərə qarşı amansız olmuşlar. Ukraynada partizan hərəkatının görkəmli təşkilatçılarından birinin S.A.Kovpakın partizan birləşməsində 20 nəfərdən çox Azərbaycan döyüşçüsü düşmənə qarşı fədakarlıqla vuruşmuşdu. Onlardan Aslan Əliyev, Müslüm Bağırov, Babaş Dadaşov, Vladimir Korastılyov bir sıra çətin və məsul tapşırıqları uğurla yerinə yetirmişlər. Komsomolçu A.Əliyevin kəşfiyyatçılar bölməsi düşmənin 250 əsgər və zabitini məhv etmişdi ki, onların 70 nəfəri igid komandirin payına düşür. Bakı neftçisi V.Korastılyov on beş ay düşmən arxasında vuruşmuş, 53 dəfə faşistlərlə döyüşə girmişdi. Pulemyotçu Bağırov bir il düşmən arxasında mübarizə aparmış, faşistlərin 40 əsgərini öldürmüş və 13 atəş nöqtəsini dağıtmışdı. M.Q.Bağırov II dərəcəli Vətən müharibəsi, "Qırmızı Ulduz" ordenləri və I dərəcəli "Vətən müharibəsi partizanı" medalı ilə təltif olunmuşdu.
Böyük Vətən müharibəsi illərində düşmən arxasında fəaliyyət göstərən sovet partizanları faşistlərə qarşı mübarizədə müxtəlif üsullardan istifadə edirdilər. Bu üsullardan biri də alman əsgəri forması geyib, leqal şəkildə faşistlər arasında kəşfiyyat-təxribat işləri aparmaqdan ibarət idi. X.S.Babanlının rəhbərliyi altında Dnepropetrovsk vilayətində fəaliyyət göstərən azərbaycanlılardan ibarət partizan qrupu da bu mübarizə üsulundan məharətlə istifadə etmiş, nəticədə düşmən xeyli itki vermişdi. Bu qrup sovet-alman cəbhəsindəki həqiqi vəziyyət haqqında 5000 nüsxədən çox vərəqə yaymış, düşmənin bir neçə qatarını qəzaya uğratmış, hərbi sursat saxlanılan anbarlarını, 17 elektrik motorunu partlatmış, Krivoy-Roqun "Oktyabr" mədənindəki kömür şaxtasını su ilə doldurmuşdular.
Müxtəlif vaxtlarda İ.İ.Şitovun, A.K.Nikolayçukun və B.Q.Şanginin komandası altında fəaliyyət göstərən Ternopol partizan birləşməsində 40 nəfərdən çox, M.Naumovun partizan birləşməsindəki dəstəsində 80, N.N.Popudrenkonun rəhbərliyi altında fəaliyyət göstərən "Çerniqov" partizan birləşməsində 70 nəfərədək azərbaycanlı döyüşçü alman işğalçılarına qarşı cəsarətlə vuruşmuşdu. Onlar düşmən əsarətinin məhrumiyyətlərinə dözərək, hitlerçilərə qarşı mübarizəni mətanətlə davam etdirir, əsir düşərgələrində yaradılmış gizli antifaşist təşkilatlarında hərbi əsirlərin qaçıb partizan dəstələrinə qoşulmasına yaxından köməklik göstərirdilər. Aslan İbadov hərbi əsir düşərgəsindən 15 nəfərin qaçmasını təşkil etmiş və əsasən Jitomir vilayətində fəaliyyət göstərən A.M.Qrabçakın partizan birləşməsinə qoşulmuşdu. Onun rəhbərlik etdiyi rota düşmənin bir körpüsünü, 22 qatarını partlatmış, faşistlərin 64 avtomobilini, 500-ə yaxın əsgər və zabitini məhv etmişdi. Partizan birləşməsində bacarıqlı komandir və mahir kəşfiyyatçı kimi tanınan A.İbadov şəxsən 34 hitlerçini öldürmüş, 17-sini əsir almış, iki düşmən avtomobilini və bir dəmir yol körpüsünü partlatmışdı.
Ukraynada xalq intiqamçıları sırasında Azərbaycan respublikasının qadınları da kişilərlə çiyin-çiyinə cəsarətlə vuruşurdular. Hərbi həkim Sara İbrahimova, təxribatçı Alfa Şirazi, Fəridə Nəsrullayeva, Lidiya Drozdova partizan dəstəsində döyüş məharəti nümayiş etdirmişdilər.Ukrayna ərazisində fəaliyyət göstərən "Şors" partizan dəstəsi Azərbaycan döyüşçülərindən ibarət ən böyük partizan dəstəsi idi. Bu dəstə Ukraynanın Zdolbunov rayonundakı düşərgədən qaçmış hərbi əsirlərdən təşkil edilmişdi. Onlar 1943-cü ilin avqustunda faşist gözətçilərini məhv edərək Slavuta meşələrinə çəkilmiş və xalq intiqamçıları ilə birgə düşmənə qarşı mübarizə aparmışdılar. Dəstə 18 ay ərzində düşmən arxasında 6000 kilometr yol keçmiş, 27 faşist qarnizonu dağıtmış, 2500 hitlerçini öldürmüş, 500 nəfəri əsir almış, 11 şose, dəmir yol körpüsü, 80 avtomobil, 70 neft buruğu, 5 neftayıran zavod, 20 neft anbarı, 8 hərbi yüklü qatar, 22 təyyarə, 2 hərbi anbar, 1 qənd zavodu, 120 hərbi araba məhv etmiş və xeyli qənimət ələ keçirmişdi.
Partizan hərəkatının geniş yayıldığı rayonlardan biri də Krım MSSR idi. Krımda partizan müharibəsi aparmaq böyük çətinlik törədirdi. Burada güclü düşmən hissələrinin mərkəzləşməsi, geniş yol şəbəkəsi, partizan bazalarının faşist qarnizonları tərəfindən aşkar edilməsi, sovet ordusu hissələri ilə müntəzəm əlaqənin olmaması xalq intiqamçılarının fəaliyyətini mürəkkəbləşdirirdi. Bu çətinliklərə baxmayaraq, 1941-1944-cü illərdə Krım partizanları düşmənin 29 min əsgər və zabitini qırmış, dörd min nəfərini əsir almış, 38 parovozunu, 947 vaqonunu, 2 zirehli qatarını, 13 tankını, 211 topunu, 1940 avtomobilini məhv etmiş və xeyli qənimət ələ keçirmişdilər. Bu əməliyyatlarda digər sovet xalqlarının nümayəndələri ilə birlikdə Azərbaycan döyüşçüləri də fəal iştirak etmişlər. Nurməmməd Əzimov, Hacı Əliyev, Saleh Əsgərov, Əli Məmmədov, Hacı Hüseynov, Mixail Sepatov, Qafur Əyyubov və başqaları partizan dəstələrində düşmənə qarşı fədakarlıqla vuruşurdular.
1942-1943-cü illərdə sovet ordusunun güclü zərbələri altında faşistlərin bütün cəbhə boyu geri çəkilməsi düşmən arxasında partizan hərəkatının daha da genişlənməsinə səbəb olmuşdu. Bu dövrdə yüzlərlə Azərbaycan döyüşçüsü partizan dəstələrində düşmənə qarşı fədakarlıqla vuruşurdu. Z.B.Həbibov, Ə.A.Nağıyev, İ.N.Nəcəfəliyev, V.B.Xəlilov, M.V.Zalov, Q.Ə.Cabbarov, V.Q.Rəcəbov, M.Ə.Çerov, A.Ə.Səfərəliyev əməliyyatlarda xüsusilə fərqlənmişlər.
1943-1944-cü illərdə Krımda 11700 nəfər xalq intiqamçısını özündə birləşdirən 33 partizan dəstəsi faşist işğalçılarına qarşı cəsarətlə vuruşurdu. Bunlardan biri də döyüşçülərinin 90 faizi azərbaycanlılardan ibarət olan 8-ci Azərbaycan partizan dəstəsi idi. Bu dəstə yeddi ay faşistlərə qarşı mübarizədə 32 dəfə faşist qarnizonuna və nəqliyyat vasitələrinə hücum etmiş, düşmənin 1225 əsgər və zabitini məhv etmiş, 451 nəfərini əsir almış, 23 avtomobilini partlatmış, 9700 metr rabitə xəttini kəsmiş, qənimət olaraq 7 topunu, 11 minomyotunu, 60 pulemyotunu, 3500 avtomat və tüfəngini, 11000 patronunu ələ keçirmişdi.
Azərbaycan döyüşçüləri Leninqrad vilayətində də partizan hərəkatının fəal iştirakçıları olmuşlar. N.C.Allahverdiyev, H.C.Axundzadə, H.Ə.Əliyev, R.Z.Əliyev, D.V.Yeretev və başqaları partizan qrupu və dəstələrinə rəhbərlik etmişdilər. 1942-ci ilin iyun ayında Leninqrad vilayətinin Dedeviçsk, Oredensk, Olutsk rayonlarında fəaliyyət göstərən partizan dəstəsinə mayor N.Allahverdiyev rəhbərlik etmişdir. Həmin dəstənin tərkibində K.M.Eyvazov, Ə.Ə.Məmmədov, R.Rzayev, İ.S.Süleymanov, N.Ş.Məmmədov, Ə.N.Cəfərov və başqaları vuruşmuşdular. K.M.Eyvazov şəxsən düşmənin iki avtomobilini partlatmış, dəmiryol relsini dağıtmış, rabitə xəttini sıradan çıxarmış və Qrefiya kəndindəki faşist qarnizonunun darmadağın edilməsində fərqlənmişdir. Leninqrad vilayətində partizan hərəkatının fəal iştirakçılarından Q.Q.Qasımov, V.İ.Lukyançenko, Y.V.Novruzov, C.A.Novruzov, M.V.Süleymanov, D.M.Tanrıverdiyev igidlik göstərmişlər.
1942-ci ilin sentyabrında Krasnodon şəhərinin gəncləri "Gənc qvardiya" adlı gizli komsomol təşkilatı yaratmışdılar. "Gənc qvardiya"nın fəal üzvlərindən biri Əli Nəsrulla oğlu Dadaşov Sergey Tüleninin rəhbərlik etdiyi "beşliyə" daxil idi, çoxlu əməliyyatda iştirak etmişdi. 1942-ci il noyabrın 6-da gecə Tülenin, Valya Borts, Senya Ostapenko, Radik Yurkin və Əli Dadaşov faşist gözətçilərindən məharətlə yayınaraq, Krasnodon şəhərindəki ən uca binanın üzərinə al bayraq sancmışdılar. 1942-ci il noyabrın axırlarında Ə.Dadaşov bir dəstə gənc qvardiyaçı ilə birlikdə 22 saylı kömür mədənində faşist gözətçisini öldürmüş və hitlerçilərin orada saxladıqları hərbi sursatı aparıb gizli təşkilatın anbarına yığmışdı. 1943-cü il yanvarın 5-də Ə.N.Dadaşov gənc qvardiyaçılarla birlikdə həbs edilmiş, 15 gün gestaponun işgəncələrindən sonra öz rəhbərləri ilə birlikdə vəhşicəsinə güllələnmişdi. Ə.N.Dadaşov ölümündən sonra I dərəcəli Vətən müharibəsi ordeni ilə təltif edilmişdi.
Azərbaycan döyüşçüləri Pskov, Tula, Krasnodar, Kalinin və Rusiyanın başqa işğal olunmuş vilayətlərində gedən partizan hərəkatında da iştirak etmişlər. Kalinin vilayətindəki Liza Çaykina adına partizan briqadasının qərargah rəisi İsmayıl Əlibala oğlu Əliyevin rəhbərliyi altında 1942-ci ilin dekabrında partizanlar Çernoyarovo kəndində düşmən qarnizonunu darmadağın etmiş və satqınlardan təşkil edilmiş polis dəstəsini, xeyli hərbi sursat ələ keçirmişdi. Quduzlaşmış faşist komandanlığı 1943-cü ilin mart-aprel aylarında Kalinin partizanlarına divan tutmaqdan ötrü güclü cəza dəstələri ayırmışdı. Aprelin 16-dan 23-ə kimi İ.Əliyevin rəhbərliyi altında xalq intiqamçıları qeyri-bərabər döyüşə girmiş, düşmənin xeyli canlı qüvvəsini məhv etmişdilər. Lakin aprelin 23-də İ.Ə.Əliyev Kudeveri kəndi ətrafında düşmən mühasirəsini yarıb çıxarkən qəhrəmanlıqla həlak olmuşdu.
Azərbaycan partizanları Baltika respublikaları ərazisində də fəaliyyətdə olublar. Baş serjant Qəzənfər Şabanov Latviya SSR-də A.S.Poçonun rəhbərlik etdiyi partizan dəstəsində bir ildən çox vuruşmuş və şəxsən 25 faşist məhv etmişdi.
Litva SSR Trakay rayonunda fəaliyyət göstərən "Azad Litva" partizan dəstəsinin döyüşçüsü İ.H.Alxasov silah yoldaşı Pranas Koşatla birlikdə faşistlərlə qeyri-bərabər döyüşə girərək öz canları bahasına xalq intiqamçılarının həyatını xilas etmişdilər.
Estoniya SSR ərazisinə reydə çıxan A.Kozlovun partizan dəstəsinin döyüşçüsü İ.B.Dadaşov 1941-ci il noyabrın 6-da beş nəfər partizanla birlikdə Rakvere şəhəri yaxınlığındakı təyyarə meydanında faşistlərin 16 təyyarəsini yandırmışdı.
Azərbaycandan olan hərbi əsirlər Almaniya, İtaliya, Fransa, Polşa və digər ölkələrin ərazilərində yerləşən hərbi düşərgələrdə düşmənə qarşı müxtəlif mübarizə formalarından istifadə etmişdilər. Onlar gizli təşkilatlar yaradır, faşistlərə işləyən müxtəlif hərbi obyektlərdə təxribat işləri aparır və əsirlərin qaçıb antifaşist müqavimət hərəkatına qoşulmasını təşkil edirdilər.
Hərbi əsirlərin saxlanıldığı ən böyük əsir düşərgələrindən biri Polşanın Yedlina şəhərində idi. 1942-ci ilin yazında Hadi Qiyasbəyov, Mirzəxan Məmmədov, Xələf Hacıyev, Əşrəf Süleymanov və başqalarının rəhbərliyi altında Yedlina hərbi əsir düşərgəsində gizli təşkilat yaradılmışdı. Təşkilatın fəal üzvü Əli Əliyev polyak partizanları ilə əlaqə yaradıb, onlardan parol almışdı. B.Hacıyevin rəhbərliyi altında bir dəstə hərbi əsir qaçıb bu parol vasitəsilə müqavimət hərəkatına qoşulmuşdu. Həmin döyüşçülər əsasən Polşa ərazisində fəaliyyət göstərən T.Novakın partizan briqadasında bir ildən çox vuruşmuş, öz cəsarəti ilə xalq intiqamçılarının rəğbətini qazanmışdılar.
Zeynal Zeynalov və Həsən Novruzov P.Karloviçin partizan dəstəsi tərkibində faşistlərə qarşı qəhrəmanlıqla vuruşaraq polyak xalqının azadlığı naminə gedən mübarizədə şəhid olmuşlar. Polşa qoşununun briqada generalı Z.Duşinski azərbaycanlı partizanlar haqqında xatirələrində yazır: "Onlar öz vətənlərinin və bizim Polşanın azadlığı uğrunda mübarizə aparmış, bu azadlıq yolunda canlarını fəda etmişlər".
Polşa ərazisində fəaliyyət göstərən "Avanqard" partizan dəstəsinin tərkibində 12 azərbaycanlı partizan 1944-cü il noyabrın 28-də A.Bubnovun rəhbərliyi ilə alman generalı Ernest Rostu əsir almışdılar. Qəzəblənmiş faşist qərargahı xalq intiqamçılarına qarşı hücuma 3 piyada batalyonu göndərmişdi. Bu döyüşdə son patronadək qəhrəmanlıqla vuruşan azərbaycanlı partizanlardan Kərim Doşqan oğlu və Əli Qarabala həlak oldular. Polşa ərazisində fəaliyyət göstərən müxtəlif partizan dəstələrində Vahab Əmirov, Surxay Hacızadə, Əli Əliyev, Həsən Rəsulov, Xəlil Məlikov, Ənvər Səfərəliyev, Şamil Muxtarov, Məmməd Həsənzadə və onlarca başqaları polyak vətənpərvərləri ilə birgə faşist işğalçılarına qarşı amansız mübarizə aparmışdılar.
Çexoslovakiya ərazisində fəaliyyət göstərən müxtəlif partizan dəstələrinin tərkibində 500-ə qədər Azərbaycan döyüşçüsü vuruşurdu. Xüsusi desant dəstələrinin tərkibində düşmən arxasına göndərilən M.Abışov, A.İbadov, H.Məmmədov, müxtəlif əsir düşərgələrindən qaçıb müqavimət hərəkatına qoşulan A.Kastryulin, Ə.Baxışov və başqaları döyüşlərdə xüsusilə fərqlənmişdilər. Ə.Əlimərdanov Çexoslovakiyanın beş orden və medalı ilə təltif edilmişdi.Çexoslovakiya ərazisində fəaliyyət göstərən "Fakel", "Qrom", "Yan Qus" və başqa partizan dəstələrində çoxlu azərbaycanlı döyüşçü vardı. M.İ.Şukayevin partizan birləşməsindəki azərbaycanlılardan ibarət Uritski adına partizan dəstəsi Çexoslovakiya ərazisində fəaliyyət göstərdiyi müddətdə faşistlərlə 25 dəfə döyüşə girmiş, 7 dəfə düşmən qarnizonuna hücum edib, hitlerçilərdən 246 nəfərini öldürmüş, 49 nəfərini əsir almış, 41 parovoz, 85 avtomobil, 21 təyyarə məhv etmiş və xeyli qənimət ələ keçirmişdi.
Hələ müharibənin əvvəllərindən faşist komandanlığı hərbi əsirlərdən öz məqsədi üçün istifadə etməyə çalışırdı. Moskva ətrafında məğlubiyyətdən sonra alman-faşist hökuməti əsirlərdən köməkçi hərbi hissələr təşkil etməyə başlamışdı. 1941-ci il dekabrın 22-də Hitler əsirlərdən xüsusi hərbi hissələr yaradılması haqqında əmr verdi.Başqa milli hissələrlə yanaşı, azərbaycanlılar da daxil olmaqla, Qafqaz müsəlmanlarından ibarət legion yaradıldı.Bu məqsədlə vətənlərindən xaricdə, mühacirətdə yaşamağa məcbur olan Azərbaycanın nüfuzlu şəxsləri, o cümlədən Məmməd Əmin Rəsulzadə Berlinə dəvət edilmişdi. Azərbaycanlı siyasi mühacirlərin əsas məqsədi Almaniya qalib gələrsə, onun Azərbaycanı müstəqil dövlət kimi tanımasına, habelə hərbi əsirlər arasından azərbaycanlıların tapılıb ölümdən xilas edilməsinə (faşistlər onları bəzən yəhudi hesab edərək öldürürdülər) nail olmaq idi. Alman rəhbərliyi ilə danışıqlarda siyasi mühacirlər öz əsas məqsədlərinə nail ola bilmədilər. Doğrudur, 1942-ci ilin axırlarında Berlində başqa xalqlarla bərabər, azərbaycanlıların xaricdəki nümayəndələrinin də yığıncağı keçirildi. 1943-cü ilin baharında Berlində Milli Azərbaycan Komitəsi təşkil edildi. Lakin Hitler hökuməti əməkdaşlıq üçün gələcəkdə Azərbaycanın müstəqilliyinin tanınmasını əsas şərt kimi irəli sürən bu komitəni tanımadı. M.Ə.Rəsulzadə ölkəni tərk etməyə məcbur oldu. Lakin azərbaycanlı əsirlərin bir hissəsi ölümdən xilas olundu və əsirlərdən ibarət hərbi hissədə birləşdirildi.
Qafqaz müsəlmanlarının hərbi hissəsində azərbaycanlılardan ibarət "Boz qurd", "Aslan", "Vətən", "Dönməz" və s. bölmələr vardı.Onlarca alman hərbi qərargahı arasında "Əlaqə heyəti"nə Fətəlibəyli-Düdənginski (əvvəllər sovet ordusunun mayoru olub), Fuad Əmircan, Abbas bəy Ataməlibəyov daxil idilər. Başqa milli hissələr kimi, bu hissələr də pis silahlandırılır, onlara kifayət qədər hərbi təlim keçirilmirdi. Alman hərbçiləri bu hissələrin döyüşçülərini həqarətlə "ikinci növ" əsgər adlandırırdı. Qafqaz xalqlarından təşkil edilmiş milli legionlardan Qafqaz döyüşlərində istifadə olunmuşdu. Azərbaycanlılar hərbi əsir düşərgələrində və bir çox hallarda öz iradəsi əksinə cəlb olunduqları hərbi hissələrdə gizli antifaşist təşkilatları yaradır, mübarizəni davam etdirirdilər. Hələ Almaniyanın "Ştrans" düşərgəsində saxlanılarkən Mehdi Hüseynzadə, Rza Ağazadə, Cavad Həkimli, Mirdamət Seyidov, Mikayıl Qulubəyov, Firudin Hüseynov, Cəmil İsmayılov və başqalarının rəhbərliyi altında antifaşist təşkilatı yaradılmışdı.
1943-cü ildən başlayaraq faşist komandanlığı sovet hərbi əsirlərindən və onlardan təşkil olunmuş hərbi hissələrdən Avropanın müxtəlif ölkələrində partizanlara qarşı mübarizədə istifadə etməyə çalışdı. Bu məqsədlə 1943-cü ilin ortalarında onların bir hissəsi Şimal-Şərqi İtaliya ilə Triyestin sərhədinə gətirildi.Hərbi əsirlər, hərbi hissələrdəki gizli antifaşist təşkilatların üzvləri qaçaraq Yuqoslaviya partizanlarına qoşulurdu.
1943-cü ilin axırlarında Tolmino kəndi yaxınlığında 30 nəfər azərbaycanlı Qədir İsgəndərov və Mixail Arşanovun rəhbərliyi altında faşist gözətçilərini sakitcə aradan götürmüş və qaçıb partizanlara qoşulmuşdular. Bir neçə gün sonra Cabbar Əliyev, Qulamhüseyn Əliyev və Novruz Məmmədovun rəhbərliyi altında başqa bir dəstə qaçaraq partizanlarla birləşmişdi.
Azərbaycanlı partizanlar əvvəl Yuqoslaviya Xalq Azadlıq Ordusunun 31-ci diviziyası tərkibində olan İvan Qradnik adına 3-cü zərbə briqadasında döyüşürdülər. Sonralar isə xüsusi sovet partizan bölüyü yaradılmış, Cavad Həkimli onun komandiri, Miryaqub Ağalarov isə komissarı təyin olunmuşdu. 1944-cü ilin yazında sovet partizanları İtaliya və Slaven partizanları ilə birlikdə Otlitsa, Sepovan, Çernı Verx, Serkino və Qodoviç kəndlərinin faşistlərdən təmizlənməsində fəal iştirak etmişdilər. 1944-cü ilin əvvəlində Yuqoslaviya Xalq Azadlıq Ordusunun 9-cu korpusu qərargahında xüsusi kəşfiyyatçılar qrupu yaradıldı. Onun tərkibinə slovak partizanları ilə yanaşı, azərbaycanlı partizanlardan Mirdamət Seyidov, Tağı Əliyev, Ənvər Məmmədov da daxil edildilər. Kəşfiyyat qrupuna Mehdi Hüseynzadə başçılıq edirdi. Bu kəşfiyyat qrupu, xüsusilə onun komandiri M.Hüseynzadə - "Mixaylo" özünün əfsanəvi qəhrəmanlıqları ilə Yuqoslaviyanın Adriatik dənizi sahillərində yaşayan bütün əhalinin dərin rəğbətini qazanmışdı.1944-cü ilin yazında partizanlar, xüsusilə də yaralılar tibbi ləvazimat, silah və ərzağın çatışmazlığı üzündən çətin vəziyyətə düşdükləri bir zamanda Mehdi çox cəsarətli bir əməliyyat keçirməyi təklif edir. Bir neçə partizan alman əsgər və zabiti formasını geyərək Triyest şəhərinin ticarət bankına daxil olur və Mehdi gözətçinin telefon xəttini kəsərək, 5 milyon italyan lirəsinin bankdan çıxarılıb partizanlara verilməsinə imkan yaradır.Mehdi Hüseynzadə tez-tez alman zabiti hərbi formasında hərəkət edirdi. Bəzən də onu kəndli, rəssam və mətbəə işçisi paltarında görürdülər.Alman faşistləri Hitlerin ad gününü qeyd edən zaman "Mixaylo" hərbi təyyarə meydanına daxil olaraq üç təyyarəni, benzin anbarını minaladı və baş verən partlayış nəticəsində təyyarə meydanı alovlandı. İyirmiyə yaxın faşist məhv oldu.
1944-cü ilin martında M.Hüseynzadənin döyüş dostları ilə birlikdə Triyestdə partlatdığı zabit yeməkxanasında 150 faşist məhv olmuş, 354 nəfər isə yaralanmışdı. Həmin il aprelin 2-də onun qrupunun Optçina şəhəri kinoteatrında törətdiyi partlayış nəticəsində 80 alman əsgəri və zabiti ölmüşdü.1944-cü ilin yayında M.Hüseynzadə alman əsgəri formasında faşistlərin kazarmasına daxil olmuş, yanğın əleyhinə avadanlığa mina qoyaraq üçmərtəbəli binanı yerlə - yeksan etmişdi. Onun fəaliyyəti nəticəsində min faşist öldürülmüşdü.
1944-cü il noyabrın 2-də Qoritsa şəhəri yaxınlığında almanların hərbi sursat anbarının partladılmasında iştirak edən Mehdi Hüseynzadə dəstəyə qayıdan zaman casuslarla qarşılaşmış, yayınmaq üçün Vitovle kəndinə gəlmişdi. Lakin o, faşistlərin bu kənddə keçirdiyi əməliyyat nəticəsində qəhrəmanlıqla həlak olmuşdu. Sovet hökuməti azərbaycanlı partizanların əsgəri igidliklərini yüksək qiymətləndirərək onlardan bir çoxunu SSRİ orden və medalları ilə təltif etmişdir. SSRİ Ali Soveti Reyasət Heyətinin 1957-ci il 11 aprel tarixli Fərmanı ilə Böyük Vətən müharibəsi illərində müqavimət hərəkatında alman faşist işğalçılarına qarşı mübarizədə göstərdiyi rəşadətə görə M.Hüseynzadəyə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi.M.Hüseynzadə ilə bərabər onun döyüş dostları - M.Seyidov, T. Əliyev, Ə.Məmmədov, K.Məmmədov, Ə.Babayev və b. da faşizmə qarşı amansız mübarizə aparmış, xalqımızın tarixinə şanlı səhifələr yazmışlar. 50 nəfərdən çox azərbaycanlı partizan yüksək döyüş xidmətlərinə görə Yuqoslaviyanın müxtəlif orden və medalları ilə təltif edilmişdi.
1944-cü ildə sovet döyüşçüləri İtaliya hərbi düşərgələrindən kütləvi surətdə qaçaraq partizan dəstələrinə qoşulurdular. Onlardan Əvəz Mirzəyev, Şahbaba Məcidov, Məhərrəm Nəcəfov, İsa Məmmədov, Məmməd Xəlilov, Həmzə Əsgərov, Mikayıl Abdullayev, Süleyman Vəliyev, Şərif Şərifov, Həsən Quliyev, Hilal Cavadov, Vilayət Hüseynov, Cəlil Rəfiyev və bir çox başqaları İtaliya müqavimət hərəkatında faşistlərə qarşı qəhrəmanlıqla vuruşmuşlar. Mussolinini həbs edən partizanlar arasında Vilayət Hüseynov da vardı. Ümumiyyətlə, Şimali İtaliyada 300-dən çox azərbaycanlı döyüşçünün müqavimət hərəkatında vuruşduğu müəyyən edilmişdir.
1943-cü ilin axırlarında Fransada faşist işğalına və mürtəce Peten üsuli-idarəsinə qarşı xalq müharibəsi gündən-günə yeni qüvvə ilə alovlanırdı. Faşist komandanlığı partizan hərəkatına qarşı mübarizə aparmaq və ölkə daxilində asayişi qorumaq üçün xeyli silahlı qüvvə saxlamağa məcbur olmuşdu.
1944-cü ilin əvvəllərində Fransa ərazisində 25 mindən çox döyüşçünü birləşdirən 30-dan çox partizan dəstəsi fəaliyyətdə idi. Döyüşçüləri əsasən sovet vətəndaşlarından ibarət olan "Çapayev", "Azadlıq", "Vətən", "Donbas", "Kotovski" və digər partizan dəstələrinin şöhrəti hələ o dövrdə bütün Fransaya yayılmışdı. Bu partizan dəstələrinin tərkibində Azərbaycan xalqının oğulları da qəhrəmanlıqla vuruşmuş və fransız xalqının rəğbətini qazanmışdılar.
1943-cü ilin axırlarında Rodez əsir düşərgəsində toplanmış azərbaycanlılar fransız kommunistləri ilə əlaqə yaratdılar və 1944-cü ildə bu əlaqələr daha da genişləndi. B.Məmmədov Averyon vilayəti müqavimət hərəkatının rəhbəri, kommunist polkovnik Rişardla görüşmüş və azərbaycanlı əsirlərin qaçıb partizanlara qoşulması üçün "Azrodez" - Rodezdəki azərbaycanlılar parolunu müəyyənləşdirmişdi. Bundan sonra gizli təşkilat azərbaycanlı əsirlərin dəstə-dəstə düşərgədən qaçıb, fransız partizanları ilə birləşməsi işinə başladı. Düşərgədən qaçan hərbi əsirlər fransız vətənpərvərlərinin köməyi ilə Aveyron dağlarında yerləşən "Sovet vətənpərvərlərinin hərbi komitəsi" adlanan təşkilatla birləşirdilər. Antifaşist təşkilat əsirlərin kütləvi surətdə qaçmasını təmin etmək üçün 1944-cü il avqustun 15-nə keçən gecə saat 12-də üsyan qaldırmağı qərara aldı. Lakin casus üsyanın başlamasına iki saat qalmış düşərgənin komandanlığına xəbər çatdırmış, üsyanın rəhbərləri dərhal həbs edilmiş, əsir düşərgəsi isə mühasirəyə alınmışdı. Yalnız gizli təşkilatın bir qrup üzvü meşəyə qaçıb fransız partizanlarına qoşula bilmişdi. Faşistlər həbsə alınanları ölüm cəzasına məhkum etmiş, 50 nəfərdən çoxunu diri-diri yandırmışdılar. Lakin bu hadisədən iki gün sonra fransız və azərbaycanlı partizanlar tərəfindən Rodez şəhəri faşistlərdən azad edilmişdi.
Fransa zəhmətkeşləri onların faşizm əsarətindən xilas edilməsi uğrunda qəhrəmanlıqla vuruşan azərbaycanlı partizanları unutmurlar. Rodez qəbiristanlığındakı matəm mitinqində çıxış edən polkovnik Rişard fransız xalqının Azərbaycan xalqına qarşı məhəbbətini belə ifadə etmişdi: "Fransızlar azərbaycanlı hərbi əsirlərin igidliyini unutmayacaqdır. Övladlarımız, nəvə və nəticələrimiz də biləcəkdir ki, bu yerlərdən uzaqda olan, lakin hər bir fransızın qəlbinə yaxın olan azərbaycanlı dostlarımız da Fransanın faşizmdən azad edilməsi yolunda canlarını əsirgəməmişlər. Azərbaycanlı əsgərlərin qəbirləri bizim üçün müqəddəs ziyarətgah olacaqdır. Həlak olanların qəhrəman obrazı əbədi olaraq qəlbimizdə yaşayacaqdır".
Larzak şəhəri yaxınlığında faşist əsarətindən azad olunmuş azərbaycanlı hərbi əsirlərdən ibarət Azərbaycan partizan alayı təşkil edildi. Alayın komandiri gizli antifaşist təşkilatın üzvü H.Məmmədov idi. Alay Larzak, Kursaq, Mand, Nim və Rodez rayonlarının faşistlərdən azad edilməsində qəhrəmancasına vuruşmuşdu. Ümumiyyətlə, 1943-1945-ci illərdə Fransa antifaşist müqavimət hərəkatında 2000 nəfərə yaxın azərbaycanlı iştirak etmişdi. Bunlardan Ə.Cəbrayılov, X.Hacıyev, D.Abdullayev, N.Abdullayev, R.Rzayev, Ə.Möhsümov, M.Məhərrəmov və başqaları cəsur partizan kimi tanınmış, bir neçə ali fransız hərbi orden və medalları ilə təltif edilmişdilər. Əhmədiyyə Cəbrayılov "Armed Mişel" adı ilə bu ölkənin azadlıq hərəkatında fəal iştirak etmiş, şəxsi igidliyə görə paradda əsgərə generaldan irəlidə getmək kimi şərəfli hüquq verən yüksək mükafatla - Hərbi medalla təltif olunmuşdu.
Azərbaycanlı hərbi əsirlər Berlində yaradılmış gizli antifaşist təşkilatının işində də yaxından iştirak edirdilər. Cümşüd Məmmədov, Bəxtiyar Paşayev, Səttar Kərimov, Seyidəli Seyidov və bu gizli təşkilatın digər üzvləri çalışdıqları sənaye müəssisələrində düşmənə qarşı təxribatlar törədirdilər. Azərbaycan döyüşçülərindən M.Seyidov, Ə.Əlimərdanov faşistlərin Buhenvald, Mauthauzen, Daxau, Zaksenhauzen ölüm düşərgələrində Avropa ölkələrindən olan antifaşistlərlə birgə fəal iş aparırdılar. Ə.S.Ağayev Buhenvald ölüm düşərgəsində antifaşist təşkilatın fəal üzvlərindən biri olmuşdur.
Dostları ilə paylaş: |