İnformasiyanın kompüter viruslarından qorunması. Antiviruslar Kompüter viruslarının sistemə və ya şəbəkəyə daxil olması və yayılması, eləcə də onun sahiblərinə maddi və mənəvi ziyan vura bilməsi təhlükələrinin ciddiliyini nəzərə alaraq, KSŞ nin, eləcə də onlarda olan informasiya resurslarının kompüter viruslarının hücumundan qorunması üçün daim zəruri tədbirlərin görülməsi, xüsusi proqram təminatlarının (antivirusların) işlənib hazırlanması, tətbiq olunması və nəzarətdə saxlanması zəruridir. Bu problem istifadəçilər və şəbəkə inzibatçıları tərəfındən daim diqqət mərkəzində saxlanmalıdır.
Kompüter viruslarının aşkarlanmasının yeganə vasitəsi sistemin fəaliyyətini dayandırmadan fasiləsiz şəkildə antivirus profılaktikasının həyata keçirilməsindən və onların qarşısının alınması üçün antivirus proqramların istifadəsindən ibarətdir.
Antivirus proqramları iş prosesində kompüterin yaddaşını, sistemdə olan proqramları, istifadə olunan faylları, emal edilən informasiya resurslarını və s. yoxlayır və nəzarətdə saxlayır. Daim yeni-yeni kompüter viruslarının yaranması, onların təbiətinin əvvəlcədən məlum olmaması səbəbindən universal qabaqlayıcı antivirus proqramlarının yaradılmasının qeyri-mümkünlüyü, sistemin viruslardan qoruma səviyyəsinin qiymətləndirilməsi metodikasının olmaması və s. amillər kompüter virusları probleminin aktuallığının yüksək oldugunu göstərir.
Fəaliyyətlərindən asılı olaraq antivirus proqramları bir neçə sinfə ayrılır:
Filtr – rezident proqram olmaqla, təhlükəli əməliyyatlara nəzarət edir.
Detektorlar – əməli yaddaşda və xarici qurğularda yalnız onlara məlum virusların axtarışını təmin edir və onları tapır.
Həkim proqramlar – antivirus proqramlar virusların aşkar edilməsinə və zərərsizləşdirilməsinə imkan verir.
Müfəttiş proqramlar – proqramların, kataloqların (qovluqların), faylların və sistem sahələrinin məzmununu yadda saxlamaqla, dövri olaraq cari vəziyyətlə ilkin vəziyyəti müqayisə edir.