Kabel sistemlərinin qorunması
Kabel sistemi lokal kompüter şəbəkələri üçün informasiya təhlükəsizliyi baxımından əsas elementlərdən biridir. Belə ki, kompüter şəbəkələrində sıradançıxma hallarının yarıdan çoxunun səbəbi kabel sistemləri ilə bağlı olur. Bununla əlaqədar olaraq, şəbəkələrin layihələndirilməsi mərhələsindən başlayaraq kabel sistemləri və onların qorunması mexanizmləri xüsusi ilə diqqətdə saxlanılmalıdır.
Kabel sisteminin düzgün quraşdırılmaması səbəbindən yaranan problemlərin aradan qaldırılmasının ən yaxşı yolu son vaxtlarda daha geniş yayılmağa başlayan strukturlaşdırılmış kabel sistemlərinin istifadə olunmasıdır. Strukturlaşdırılmış kabel sistemləri lokal kompüter şəbəkələrində, lokal telefon şəbəkələrində məlumatların ötürülməsi, habelə yanğın təhlükəsizliyi və mühafızə sistemlərində video məlumatların və ya digər siqnalların verilməsi üçün tətbiq edilir. Belə kabel sistemlərinə AT&T şirkətinin SYSTI-MAX SCS, Digital şirkətinin OPEN DEC connect, IBM şirkətinin kabel sistemini aid etmək olar.
Strukturlaşdırılmış kabel sistemlərinə əsasən binada qurulan kabel sistemlərinin onun komponentlərinin təyinatından və yerləşdiyi yerdən asılı olaraq, onların bir neçə səviyyəyə bölünməsi nəzərdə tutulur.
AT&T şirkəti kabel sisteminin aşağıdakı altsistemlər (səviyyələr) şəklində reallaşdırılmasını təklif edir:
xarici kabelləşdirmə altsistemi (campus subsystem);
aparat altsistemi (equipment room);
idarəetmə altsistemi (administrative subsystem);
magistral kabelləşdirmə altsistemi (backbone cabling);
üfüqi kabelləşdirmə altsistemi (horizontal subsystem);
iş yerlərinin kabelləşdirilməsi altsistemi (work location subsystem).
Xarici kabelləşdimıə altsistemi mis və ya optik kabeldən, elektrik qoruma və torpaqlama (torpağa birləşdirmə) qurğularından ibarət olub, binada (və ya bir neçə binada kompleks şəklində) olan kommunikasiya və emaletmə avadanlıqlarını birləşdirir. Bundan əlavə, bu altsistemə xarici kabel xətlərinin daxili kabel xətləri ilə uzlaşmasını həyata keçirən qurğular daxil olur.
Aparat altsistemləri idarəetmə altsisteminin işini təmin etmək üçün nəzərdə tutulmuş müxtəlif kommnikasiya avadanlıqlarının yerləşdirilməsinə xidmət edir.
İdarəetmə altsistemi xidməti personalın və ya şöbələrin yerləşdirilməsi planında dəyişikliklər aparılan zaman kabel sisteminin tez və asan idarə olunması üçün nəzərdə tutulmuşdur. Onun tərkibinə daxili kabel altsistemi (ekranlaşdırılmamış burulmuş naqillər cütü və ya optik kabel), magistralın üfüqi altsistemlə kommutasiyası və uzlaşdırılması qurğuları, birləşdirici naqillər, təsbitedici vasitələr və s. daxil olur.
Magistral kabelləşdirmə altsistemi mis kabeldən və ya mis və optik kabellərin kombinasiyasından, eləcə də yardımçı avadanlıqlardan ibarət olur. O, binanın mərtəbələrinin və ya eyni mərtəbənin böyük sahələrini öz aralarında birləşdirir.
Üfüqi kabelləşdirmə altsistemi burulmuş mis məftil vasitəsilə əsas magistralın mərtəbənin administrasiya sisteminin giriş nöqtəsindən iş yerlərinə qədər çatdırılmasına xidmət edir.
Nəhayət, iş yerlərinin kabelləşdirilməsi altsistemi özündə birləşdirici naqilləri, adapterləri, uzlaşdırma qurğularını birləşdirir. Bu altsistem iş yerlərində olan avadanlıqlarla üfüqi kabelləşdirmə altsistemi arasında mexaniki və elektrik birləşmələrini təmin edir.
Kabellərin fıziki (bəzən temperatur və ya kimyəvi təsirlərdən) qorunmasının ən yaxşı üsulu müxtəlif qoruma dərəcələrinə malik olan novlardan (qutulardan) istifadə olunmasıdır.
Elektromaqnit şüalanmaları olan mənbələrin yanından kompüter şəbəkəsi kabeli çəkilən zaman aşağıdakı tələblərin yerinə yetirilməsi nəzərə alınmalıdır:
ekranlaşdırılmamış burulmuş naqillər cütü elektrik xəttindən, rozetkalardan, transfomıatorlardan və s. azı 15-30 sm. aralı olmalıdır;
koaksial kabellər elektrik xətlərindən və cihazlarından azı 10-15 sm. aralı keçməlidir.
Bundan əlavə, kabel sisteminin düzgün quraşdırılması və kəsilməz fəaliyyət göstərməsini təmin etmək üçün onun bütün komponentlərinin qəbul olunmuş beynəlxalq standartların tələblərinə uyğun qurulması (quraşdırılması) və istismar edilməsi ən vacib məsələlərdən biridir.
Dostları ilə paylaş: |