Kriptoqrafik sistemlərin inkişaf tarixi Cəmiyyətdə yazının meydana gəlməsi və yayılması yazılı məlumatların və məktubların mübadiləsinə tələbat yaratdı ki, bu da onların məzmununun kənar şəxslərdən gizlədilməsi zərurətini doğurdu. Məhz bu səbəbdən kriptoqrafiyanın tarixi insanların yazı tarixi ilə yaşıd hesab olunur.
Kriptoqrafıyanın inkişaf tarixini dörd əsas mərhələyə bölmək olar:
sadə kriptoqrafiya;
formal kriptoqrafiya;
elmi kriptoqrafiya;
kompüter kriptoqrafiyası.
Sadə kriptoqrafiya XIV əsrə qədərki dövrü əhatə edir və gizlədilən mətnlərin məzmununun rəqibin başa düşməməsi üçün istənilən sadə, primitiv üsul və vasitələrin istifadəsini nəzərdə tutur. Bu mərhələdə informasiyanın qorunması üçün kodlaşdırma və steqanoqrafık üsullarından istifadə olunurdu.
Həmin dövrün əksər şifrləmə üsulları yerdəyişmə və ya əvəzetmə prinsiplərinə əsaslanırdı. İlk belə şifrlərdən biri Sezar şifridir. Bu şifrdə ilkin mətnin hər bir hərfi əlifbada sıraca ondan müəyyən olunmuş sayda sonrakı mövqedə duran hərflə əvəz olunurdu.
Qədim dövrə aid şifrləmə üsullarından biri də yunan yazıçısı Polibiyə məxsusdur. Onun şifri çox əlifbalı əvəzetmə prinsipinə əsaslanır. Belə ki, yunan əlifbası əvvəlcədə 5x5 ölçülü kvadrat cədvələ yazılır, sonra isə ilkin mətnin hər bir hərfı bu kvadratda tapılır və ondan aşağıdakı sətirdə (eyni sütunda) yerləşən hərflə əvəz olunur.
15–ci əsrin sonundan 20–ci əsrin əvvəlinə qədərki dövrü əhatə edən formal kriptoqrafiya formallaşdırılmış və nisbətən davamlı şifrləmə üsullarının yaranması ilə xarakterizə olunur. Bu dövrdə yaranan şifrlərə Vijiner, Trisemus, Pleyfer və s. üsullar göstərmək olar.
Bununla yanaşı, həmin dövrdə şifrləmənin avtomatlaşdırılması (mexaniki vasitələrin köməyi ilə) istiqamətində müəyyən addımlar atılmışdır. Belə ki, əsasını rotor sistemləri təşkil edən mexaniki maşınlar, o cümlədən T.Cefersonun maşını (ABŞ), B.Xebemin Enigma maşını (Almaniya), Sigaba (ABŞ), Typex (Böyük Britaniya), Red Orange və Purple (Yaponiya) işlənib hazırlanmış və istifadə olunmuşdur.
Formal kriptoqrafiyanın ən yüksək nailiyyəti olan rotor sistemləri çox davamlı şifrləri reallaşdırmağa imkan vermişdi. Bu şifrlərə hücumlar, onların sındırılması yalnız elektron hesablama maşınları meydana gəldikdən sonra ötən əsrin 40-cı illərində mümkün olmuşdur.
Elmi kriptoqrafiya kriptodavamlılıq baxımından ciddi riyazi təminata malik kriptoqrafik sistemlərin yaranması ilə bağlıdır. O, təxminən 20–ci əsrin 30–60-cı illərini əhatə edir. Belə ki, 30–cu illərin əvvəllərinə riyaziyyatın kriptoqrafiyanın elmi əsaslarını təşkil edən bölmələri formalaşmışdı. Bura, riyazi statistikanı, ümumi cəbri, ehtimallar və ədədlər nəzəriyyələrini və s. aid etmək olar. Bununla yanaşı, həmin dövrdə alqoritmlər nəzəriyyəsi, informasiya nəzəriyyəsi, kibernetika elmi inkişaf etməyə başlamışdı.
Ötən əsrin 40–cı illərində K.Şennon “Məxfı sistemlərdə rabitə nəzəriyyəsi” əsərində informasiyanın kriptoqrafik qorunmasının nəzəri əsaslarını formalaşdırdı, “səpələnmə” və “qarışdırma” anlayışlarını daxil edərək istənilən qədər davamlı kriptoqrafik sistemlərin yaradılmasının mümkünlüyünü əsaslandırdı.
60-cı illərdə rotorla şifrləməyə nisbətən daha davamlı blokla şifrləmə üsullarının yaradılmasının əsası qoyuldu. Lakin bu üsulların yalnız rəqəmli elektron qurğular şəklində reallaşdırılması mümkün idi.
Kompüter kriptoqrafiyası ötən əsrin 70-ci illərindən sonrakı dövrü əhatə edir və hesablama sistemlərinin, o cümlədən kompüter texnikasınm yaranması ilə formalaşmışdır. Kompüter kriptoqrafiyası “əllə” və ya mexaniki şifrləmə üsullarına nisbətən dəfələrlə yüksək kriptoqrafik davamlılığı və sürəti təmin edir.
O dövrdə DES Amerika şifrləmə standartı (1978-ci il), SSRİ–nin dövlət şifrləmə standartı ГOCT 28147-89 (hazırda Rusiya Federasiyasında standart kimi istifadə edilir) işlənib hazırlanmışdır. 70-ci illərin ortalarında ənənəvi kriptoqrafik şifrləmə üsullarından köklü surətdə fərqlənən yeni istiqamətin asimmetrik kriptoqrafik sistemlərin yaranması bu sahədə çox böyük imkanlar yaratdı. Ənənəvi (simmetrik biraçarlı) üsullardan istifadə zamanı şifrmətnlə yanaşı şifrləmə açarının ötürülməsi lazım gəlirdisə, asimmetrik (ikiaçarlı) şifrləmə üsulları isə şifrləmə açarının ötürülməsini tələb etmirdi.
Asimmetrik kriptosistemlərin elmi əsası ilk olaraq U.Diffi və M.Helman tərəfındən 1976-cı ildə çap olunan “Müasir kriptoqrafiyanm yeni istiqamətləri” əsərində verilmişdi. Bundan bir qədər sonra R.Rivest, A.Şamir və L.Adleman praktikada ilk asimmetrik kriptoqrafik sistemi böyük sadə ədədlərin hasilinə əsaslanan RSA sistemini işləyib hazırlamışdılar.
Asimmetrik kriptoqrafiya bu gün böyük əhəmiyyət kəsb edən elektron rəqəm imza texnologiyasının əsasını təşkil edir.