Tələbələrin müstəqil işlərinin auditoriyada təlim prosesi ilə əlaqələndirilməsi prinsipi. Bu prinsip təlim proqramı tələblərini, elmi biliklərin tam mənimsənilməsini, şüurlu dərk edilməsini və uzun müddət yadda qalmasını təmin edir.
Müasir ali təhsildə tətbiq edilən AKTS sistemi tələbələrin auditoriyadan kənar fəaliyyətinə daha çox üstünlük verilməsini nəzərdə tutur. Bundan başqa, tələbələrin müstəqil tədris-elmi araşdırmalara cəb olunması da əsas tələblərdəndir. Lakin müstəqil təlim fəaliyyəti müəllim tərəfindən mütləq istiqamətləndirməlidir. Bu baxımdan tələbələrin müstəqil çalışmaları onların auditoriyadakı təlim-idrak fəaliyyəti ilə əlaqələndirildikdə daha yüksək səmərə verir.
Bu prinsipin reallaşdırılmasına aşağıdakı qaydalar təsir göstərir:
tələbələrin müstəqil işləri onların yaş və təhsil səviyyələrinə uyğun müəyyənləşməlidir;
tələbələrə müxtəlif istiqamətli müstəqil işlər təklif olunmalıdır;
tələbələrə müstəqil işləmə metodlarına yiyələnməkdə köməklik edilməlidir;
müəllim tərəfindən müstəqil işlərə vaxtaşırı nəzarət edilməlidir.
Təlimin peşə istiqamətliliyi prinsipi. Bu prinsip tələb edir ki, ali məktəbdə öyrənilən təlim fənləri gələcək peşəyə maksimum dərəcədə uyğun olsun, təlimin tərbiyəedici funksiyasını reallaşdırmaq üçün müəllimlər gələcək mütəxəssislərin həm fərdi, həm də peşə keyfiyyətlərinin formalaşdıırlmasına diqqət versinlər, təlimin inkişafetdirici funksiyasının reallaşdırılması təkcə şəxsiyyətin ümumi inkişafına deyil, həm də pedaqoji qabiliyyətlərin inkişafına istiqamətlənmiş olsun.
Bu prinsipin reallaşdırlması üçün didaktik qaydalar bunlardır:
təlim - tərbiyə prosesində müəllim kultuna və pedaqoji fəaliyyətə rəğbət formalaşdırlmasına çalışılmalıdır;
müxtəlif metod və vasitələrdən istifadə edərək tələbələrin təhsilini daha çox peşə istiqamətli etmək lazımdır;
bu prinsip daha çox fənlərarası əlaqə tətbiq edilərək reallaşdırılmalıdır;
təlim prosesini peşə əhəmiyyətli biliklərlə həddən artıq yükləmək olmaz.