Kimyəvi kəşfiyyat cihazları
Kimyəvi maddələrin aşkarlanması üçün əsas istifadə olunan 4 metod vardır: -Lüminesensiya; İonlaşdırıcı; Kimyəvi; Biokimyəvi. Lüminesensiya metodu zamanı tədqiq olunan maddənin (məsələn, tədqiq olunan qazların parı) işıqlanması və ya həmin maddə ilə qatışdırılan xüsusi lüminoforların işıqlanması müşahidə olunur. Lüminesensiya analizi üçün tətbiq olunan aparatda lüminesensiyanın həyəcanlanma mənbəyi və qeydiyyat qurğusu vardır. İşıq mənbəyi olaraq analizdə ksenon lampalar, havada qığılcım və ya lazerlərdən istifadə olunur. Lüminesensiyanın qeydiyyatı əsasən vizual olaraq və ya analizin dəqiqliyini artıran fotoelektron cihazlar vasitəsilə həyata keçirilir. İonlaşdırma metodu zamanı hər hansı bir şüalanma və ya zərrəciklər seli ilə maddəyə təsir göstərilir. Bu zaman kimyəvi maddənin molekulları ionlaşır və onlardan yeni zərrəcilər seli yaranır ki, bunlar da öz növbəsində analizə göndərilir. Məsələn, mass-spektrometriyada təsir göstərən sel elektronlar seli, ultrabənövşəyi şüalanma ola bilər ki, bunlar da, tədqiq edilən maddənin ilkin molekulyar ionlarının dağılması nəticəsində yeni molekulyar ion selini yaradır. Bu metod vasitəsilə moleklyar kütləni aşkar etmək, maddəni müəyyən etmək, onun kimyəvi quruluşunu təyin etmək və s. mümkündür. Kimyəvi metod zəhərləyici kimyəvi maddə ilə reaktivin reaksiyası nəticəsində onun rənginin dəyişməsinin qeydiyyatına əsaslanmışdır. Biokimyəvi metod zəhərləyici kimyəvi maddələrdə asetilxolinin hidrolizini həyata keçirən aktiv ferment – xolinesterazın sinir iflic edici təsirini zəiflədilməsinə əsaslanmışdır. Zəhərləyici və adi kimyəvi maddələri aşkar etmək üçün daha çox kimyəvi kəşfiyyat cihazlarından istifadə olunur ki, bunlar da kimyəvi və biokimyəvi metodlara əsaslanmışlar. Havada, ərazida, texnikanın və başqa obyektlərin səthlərindəki zəhərləyici maddələri (ZM), adətən, kimyəvi kəşfiyyat cihazları və qaz siqnalizatoru vasitəsilə, yaxud nümunə götürüb onları kimya laboratoriyasında təhlildən (analizdən) keçirməklə aşkar edirlər. Müasir zəhərləyici maddələri hiss orqanları vasitəsilə (orqanolektik üsulla) aşkar etmək heç də həmişə mümkün deyil. Onların bir çoxunun heç bir iyi, rəngi, qıcıqlandırıcı xassələri yoxdur. Başlıcası isə bir sıra ZM-in zəhərliliyi o dərəcədə yüksəkdir ki, onların iyinə və ya qıcıqlandırıcı təsirinə görə aşkar edilməsi cəhdi ciddi zəhərlənmələrlə nəticələnə bilər. Müşahidə yolu ilə, yəni əşyanın səthindəki ZM damcılarına və ləkələrinə, ZM-in yaratdığı buludun və zəhərlənmış bitki yarpaqlarının rənginin dəyişməsinə görə bəzi zəhərləyici maddələri təxmini olaraq aşkar etmək mümkündür.
Dostları ilə paylaş: |