Mühazirə Memarlıq irsinin qorunması ilə bağlı fundamental elmin son problemləri 2 saat


Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən qoruqlar



Yüklə 33,55 Kb.
səhifə3/6
tarix03.03.2023
ölçüsü33,55 Kb.
#86516
növüMühazirə
1   2   3   4   5   6
muhazirə-1 (1)

Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən qoruqlar
24. Culfa rayonundakı “Gülüstan” Dövlət tarix-mədəniyyət qoruğu Azərbaycan Respublikası Nazirlər Sovetinin 30.06.1990-ci il tarixli, 294 saylı qərarı ilə yaradılmışdır.
25. “Gəmiqaya” Tarix-Bədii qoruğu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 6 avqust 2002-ci il tarixli 259 №-li əmrinə əsasən yaradılmışdır.
26. Ordubad Dövlət tarix-memarlıq qoruğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.08.77-ci il tarixli, 280 saylı qərarı ilə yaradılmışdır.
27. Şərur rayonu “Arpaçay vadisi” tarix-mədəniyyət qoruğu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 262 nömrəli 06.08.02-ci il tarixli əmrinə əsasən yaradılmışdır.
28. Babək rayonundakı “Əşhad-ül Kəhf ziyarətğahı” dini mədəni Abidə Kompleksi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 17 aprel 2006-cı il tarixli 30 №-li Qərarı ilə yaradılmışdır.


Mühazirə 2. Tədqiqatın nəzəri aspektləri - 2 saat.
İrsin qorunması sahəsində əsas fəaliyyətlər. Memarlıq abidələrinin tədqiqat növləri. İrsi qorunmasından məsul olan dünya təşkilatları.
Abidələrin konservasiyası fiziki-mexaniki və fiziki-kimyəvi mühit təsirlərindən korlanmaması üçün onların açıq qalan səthində etibarlı qoruyucu təbəqələr qurmaq, abidələri yeraltı suların dağıdıcı təsirindən qorumaq məqsədilə tədbirlər görmək, abidələrin toxunulmazlığını və çəpərlənməsini təmin etməkdən ibarətdir.
Abidələrin təmiri və bərpası onların zədələnmiş və itirilmiş hissələrinin abidənin konstruksiyasına, həcm-planlaşma həllinə, xarici və daxili görünüşünə xələl gətirmədən təmir edib ilkin halına gətirməkdir. Abidələrin bərpasına dair layihə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildikdən sonra aparılır.
Abidələrin rekonstruksiyası dövrümüzə gəlib çatmayan abidələrin rəvayətlərə, rəsmlərə, qravürlərə əsasən tərtib olunmuş layihələri üzrə zərurət olduqda abidənin yenidən qurulmasıdır.
Abidələrin regenerasiyası onların daxili və xarici görünüşünü dəyişmədən konstruksiyaların daxilində müasir inşaat materiallarından və üsullarından istifadə etməklə abidələrin ilkin həcm-plan həllinin bərpasıdır. Abidənin istismarında müasir avadanlıqlardan və mühəndis kommunikasiyalarından istifadə edilə bilər.
Avropa ölkələrində və Rusiyada tarixi-memarlıq irsin qorunması və bərpası üzrə iki əsrə yaxındır ki, işlər aparılır. XVIII əsrdə ilk dəfə olaraq abidələrin qorunması sahəsində mühüm addımlar atılmağa başlanıldı. Həmin dövrlərdə mövcud istifadə olunan tikililərlə yanaşı, antik dövrlərə aid dağılmış tikililər də bərpa olunacaq abidə kimi siyahıya alınırdı. Hansı tikilidə bərpa işlərinin aparılması onun dəyərindən asılı idi.
Bərpaçıların bəziləri abidələri olduğu kimi bərpa etməyə çalışsalar da, bəziləri isə abidələrə əlavələr edir, yeniliklər aparırdılar. İlk dövrlər bərpa işləri aparılan ölkələrdə - İtaliya, İngiltərə, Fransa, Rusiya və Almaniyada abidələrə yanaşmalar fərqli idi. Bu sahədə ümumi prinsiplər olmadığından abidələr dağılır, ilkin görkəmini itirirdilər.
Fransada 1793-cü ildə Konvent abidələrin dağıdılmasına qadağa qoyan dekret dərc edərək, abidələr üzrə xüsusi komissiya yaratdı. Abidələrin qorunması üzrə yaranan bu komissiya tarixdə ilk dövlət qurumu idi.
İlk dəfə bərpa işləri Kolizeydə memar Rafael Stern tərəfindən aparılmışdır. 1821-ci ildə Tit tağının bərpasını aparmış Cuzeppe Valadye də ilk bərpaçılardan olmuşdur. Valadye tağın ilkin formasını tədqiq edərək onu bərpa etməklə yanaşı, rekonstruksiya işləri zamanı yeni hissələri özəl hissələrdən fərqləndirmək üçün mərmər əvəzinə travertin işlətmişdir.
O dövr bərpasının tənqidçilərindən olan ingilis yazıçısı və tənqidçisi Con Ryöskin deyirdi: “Bərpa binanın məruz qala biləcəyi ən total dağılmadır: elə dağılma ki, ondan sonra heç bir sübutu əldə etmək mümkün deyil, məhv edilmişin yalançı təsvirlə əvəz olunmasıdır”. Vite yazırdı: “Bərpa olunan hər şeyin, bunları yaratmış rəssamların, həmin zamanda yaşamış insanların müasiri olmaq üçün müasir ideyaları inkar etmək, yaşadığın zamanı unutmaq lazımdır. Əsas dövrlərin bütün bədii metodlarını fərziyyə və kaprizlərə görə deyil, ciddi induksiyaya görə, sadə fraqmentlərin qalıqlarına əsasən bərpa etmək üçün hər bir əsri dövrbədövr bilmək lazımdır”.
XIX əsrdə bərpa nəzəriyyəsinin inkişafında Ejen Emmanuel Violle-le-Dükun adını xüsusi qeyd etmək lazımdır. Yazıçı, rəssam, memar-tarixçi, bərpaçı olan Violle-le-Dükun memarlığın idealını qotika sənətində görərək, bu üslubun yalnız ilk qotik məbədlərə şamil edilə biləcəyini qeyd edirdi. O, qotikaya müraciəti keçmişə qayıdış kimi saymır, kilsələrin inşasında özünü qotik üslubda sınayırdı. O, memarlığın zamana və məkana uyğunluğunu tələb edirdi. Qotik əlavələrə və bir sıra dəyişikliklərə məruz qalan, roman üslubunda tikilən, XIX əsrin ortalarında dağılmaq təhlükəsində olan Vezledəki Sent Madelen kilsəsi onun bərpa etdiyi tikililərdən biridir. Bərpa işləri zamanı o, abidəyə sonralar edilmiş əlavələrin aradan götürülməsinə, onun mümkün qədər ilkin vəziyyətə gətirilməsinə nail oldu. Onun gördüyü işlərdən memar Lassü ilə birlikdə Paris Notr-Damm kilsəsinin, həmçinin orta əsr Karkasson şəhərinin və Pyerfon qəsrinin tamamilə dağılmış qalıqlarının bərpası xüsusi əhəmiyyətə malik idi. O öz mövqeyini belə qeyd edirdi: “Binanı bərpa etmək onu mühafizə, təmir və ya onun dayanıqlığını bərpa etmək demək deyildir, bərpa-binanı bəlkə də əvvəllər real mövcud olmamış şəkildə tamamlamaqdır”. Violle-le-Dükun daha bir müddəasına əsasən mütəxəssislərin diqqətinin mövcud abidəyə deyil, bərpanın ideyasına, abidədən fərz edilən ideal obrazına yönəldirdi. Bu prinsip abidənin dəyərliliyinin əhəmiyyətini heçə endirir, tikilinin hər hansı zədələnmiş hissəsinin yeni sürətlə əvəz olunmasını təqdir edir və əvəz olunan elementləri əsil kimi qələmə verirdi. Abidə sanki zədəsiz, zaman daxilində mövcud olmamış, yeni yaradılmış kimi baxılmalıydı. Bundan başqa görülən işlərin davamı kimi memar tərəfindən verilən, lakin müəyyən səbəblərdən həyata keçirilməyən ideyalar sonrakı memar tərəfindən həyata keçirilməliydi. Bu şəkildə olan konsepsiya “üslub bərpası” adlanırdı.
XVIII əsrdə Rusiyada da orta əsr tikililəri yenidən qurulurdu. Rusiyada həmin illərdə abidələrin qorunması və bərpası sahəsində məsələlərin həlli 1846-1889-cu illərdə mövcud olan “İmperator rus arxeoloji cəmiyyəti”nin və “İmperator rus arxeoloji komissiyası”nın (1859-cu ildə yaradılmışdır), həmçinin 1864-cü ildə yaradılmış “Moskva arxeoloji cəmiyyəti”nin əsas fəaliyyəti sayəsində daha da təkmilləşirdi. XIX əsrin sonlarında “üslub bərpası” ilə bağlı narazılıqların sayı çoxalırdı. Bu üslubla bərpa işləri aparılarkən abidələr ilkin görkəmini tamamilə itirirdilər. Əsas problem isə bərpa işlərindən qabaq tədqiqat işlərinin aparılmaması idi.
Rusiyada ilk dəfə memar, arxeoloq P.P.Pokrışkin tərəfindən 1902-1908-ci illərdə Novqorodda Spas kilsəsinin bərpası zamanı dəqiq tədqiqat və fiksasiya işləri aparıldı. Avropada ilk dəfə olaraq, 1893-1911-ci illərdə Milandakı Sforsa qəsrinin bərpası məhz dəqiq tədqiqat işinin nəticəsi əsasında aparıldı. Tanınmış italyan incəsənət tarixçisi Luka Beltrami qəsrin dağılmamışdan öncəki təsvirləri əsasında tikilini rekonstruksiya etmişdir.
Bərpa nəzəriyyəsi və təcrübəsinin inkişafına 1898-1917-ci illərdə aparılan işlər böyük təsir göstərdi. Yunan memar N. Balanos tərəfindən, Afina Akropolunda Parthenon, Erechtheion, Propylaea'nın bərpası; İtaliyada K.Boito və G. Giovannoni, Belçikada S. Buls, L.Cloquet və daha sonra Fransada P.Leon, Avstriya-Macarıstanda M. Dvorak və A. Rigl, K. Gurlitt, G. Almaniyada Hager və s.
Məşhur İtaliyan memarı və tənqidçisi Kamillo Boyto da “üslub bərpası”nı tənqid edirdi. Onun fikrincə “üslub bərpası”nda köhnə və yeni elementlər fərqlənmədiyindən, abidəni dəqiq tədqiq etmək çətin olur. Boyto abidələrin növünə görə bərpanın təsnifatını verməyə cəhd göstərmişdir.
XX əsrin əvvəllərində aparılan bərpa işləri onların kateqoriyalarından asılı olmayaraq “arxeoloji bərpa” adlanırdı. Həmin dövrlərdə abidənin tarixi baxımdan dəyərli tikili kimi qəbul edilməsi artıq onun tədqiqini tələb edirdi. Çünki abidənin arxeoloji obyekt kimi naturada dəqiq tədqiqi bərpanın əsasını təşkil edirdi. Həmin dövrlərdə arxeoloji işlərin aparılması inkişaf etdiyindən, “arxeoloji bərpa” dövrün tələbi idi.
“Arxeoloji bərpa”nın metodları ilk dəfə italiyan memarlıq tarixçisi Qustav Jovannoni tərəfindən verilmişdir. 1931-ci ildə hazırlanmış, İtaliyada bərpa işlərinin aparılması üçün əsas sənəd kimi qəbul edilən “Bərpa xartiyası”nda onun tərtib etdiyi metodlar əsas götürülmüşdür. “Bərpa xartiyası”nda təkcə İtaliyaya deyil, digər Avropa ölkələrinə məxsus tendensiyalar da öz əksini tapmışdır. 1931-ci ildə Afinada bərpaçıların beynəlxalq konfransı keçirildi. Konfransın qərarlarında İtaliya “Bərpa xartiyası”nın əsas müddəalarıyla oxşarlıq təşkil edən bir sıra bəndlər vardır. Belə ki, “xüsusi həllər tələb edən spesifik xüsusiyyətlərin çoxluğu hallarında, konfransda iştirak edən dövlətlərin bəzilərində ümumi tendensiya əsas götürülür – tam bərpa aparılmamalıdır”. Sonra qeyd edilir: – “köhnəlik və ya dağılma səbəblərindən bərpanın qaçılmaz olduğu hallarda keçmişin bədii və tarixi əsərinə hörmətlə yanaşılması tövsiyyə olunur”. Konfransın qərarlarına “arxeoloji bərpa”nın əsas tezisləri də daxil edilmişdir. Abidələrin ömrünün uzadılması üçün onların müasir istifadəsi və abidələrin tədris proqramlarına daxil edilməsi də konfransın tezislərində yer almışdır.
Afina konfransının qərarları II Dünya müharibəsindən sonra təşəkkül tapmış yeni tendensiyaların yaranması üçün yaxşı baza idi. İkinci dünya müharibəsindən sonra dağıntıların çox olması ilə bağlı bərpa işləri çox olduğundan təbii ki, mübahisələr də çox olurdu. Bununla əlaqədar yeni bərpa nəzəriyyəsinin meydana çıxması labüd idi. P.Qatsola və R.Pane 1931-ci il “Bərpa xartiyası”nın mətnində bəzi dəyişikliklərin edilməsi təklifini verdilər. Bu təkliflərin verilməsi və icra olunması abidənin dəyərini daha da artırırdı. Bu dövrə kimi əsasən istifadə olunan “üslub bərpası” zamanı abidə istənilən əlavələrə məruz qalırdısa, “arxeoloji bərpa” ciddi elmi yanaşmaya əsaslanırdı. 1933-cü ildə Dünya memarlar Birliyinin Konqresində görkəmli memar Le Kobuzye tərəfindən hazırlanan şərtnamə qəbul edildi.
“Arxeoloji bərpa”nın təkzibolunmaz əsas prinsipləri tarixi abidələr üzrə mütəxəssislərin 1964-cü ildə Venesiyada keçirilmiş II Beynəlxalq konqresin qərarları ilə təsdiqləndi. Bu qərar “Venesiya xartiyası” adlandırıldı.
Azərbaycanda bu prinsipə uyğun işlər əsasən 1952-ci ildə “Xüsusi Elmi-Bərpa İstehsalat Emalatxanası” yaradıldıqdan sonra başlanıldı. İlk illər Azərbaycan SSR Tikinti Komitəsinin nəzdində fəaliyyət göstərmiş emalatxananın yaranması çox vacib bir addım idi. Məhz bu dövrdən Azərbaycan tarixi-memarlıq irsinin bərpası sahəsində sistemli fəaliyyətə başlanıldı. Həmin müddətdə qarşıda duran əsas məsələlərdən biri bərpa ediləcək abidələrin müəyyənləşdirilməsi oldu. Respublikada bərpa işlərinin yeniliyi, bu sahədə təcrübəli memar və bərpaçı sənətkarların çatışmaması, abidələrin qəza vəziyyətində olması, zəruri material və maddi bazanın olmaması kimi çətinliklər ilk dövrlərdə emalatxananın fəaliyyətində bir sıra çətinliklər yaradırdı. Emalatxana hər hansı bir abidə üzərində işə başlayarkən abidəni yerində tədqiq etmək üçün ixtisaslaşdırılmış memarlar, peşəkar bərpaçılar, mühəndis konstruktorlar, arxeoloqlar, fotoqraf və s. sənətkarlardan ibarət kompleks ekspedisiya həmin yerə göndərilirdi.
“Xüsusi Elmi-Bərpa İstehsalat Emalatxanası” bərpa işləri görülən yerdə arxeoloji və elmi tədqiqat işləri aparır, abidənin və kompleksin o vaxta qədər məlum olmayan detallarını aşkara çıxarır, inşaat konstruksiyalarının vəziyyətini müəyyənləşdirirdi. Abidənin tədqiqi bərpa işləri zamanı fasiləsiz olaraq davam etdirilirdi. Aparılan arxeoloji və elmi-tədqiqat işləri zamanı abidənin konstruksiyası müəyyən olunur, onların həmin vaxta qədər məlum olmayan memarlıq xüsusiyyətləri aşkarlanırdı.
1991-ci ildə Bakı şəhər Baş Memarlıq və Şəhərsalma İdarəsi nəzdində Elmi-Layihə Bürosu və Mədəniyyət Nazirliyinin “Azərbərpa” tresti yanında “Xüsusi Elmi-Bərpa Layihə Emalatxanası” bazasında “Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi” sistemində “Abidələrin bərpası Elmi-Tədqiqat Layihə İnstitutu” yaradıldı.
Hazırda Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən və respublikada memarlıq və şəhərsalma abidələrinin elmi-bərpa layihələrini hazırlayan yeganə təşkilat olan “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun arxivində uzun illər ərzində tədqiq edilmiş yüzlərlə memarlıq abidəsinin dəqiq ölçü cizgiləri, bərpa layihələri, pasportları, maketləri və fotoları saxlanılır. Böyük elmi-praktik dəyəri olan institutun arxivinin elektron bazası qurulmuşdur. Hal-hazırda bu işlər davam etdirilir.
Azərbaycan 1991-ci ildən İSESKO (Təhsil, elm və mədəniyyət məsələləri üzrə islam təşkilatı, Marokko, may 1979-cu il), 03 iyun 1992-ci ildən YUNESKO (Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatı, 16 noyabr 1945-ci il), 03 fevral 2002-ci ildən İCCROM (Beynəlxalq Bərpa Mərkəzi, İtaliya 1958-ci il)-un üzvüdür. Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında Haaqa Konvensiyasının (14 may 1954-cü il) birinci protokolu Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 1993-cü ildə, ikinci protokolu isə 2000-ci ildə qəbul edilmişdir. 18 aprel 2014-cü il tarixində Beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə İCOMOS Azərbaycan Milli Komitəsinin təsisi üzrə Təşəbbüs Toplantısı keçirildi.
2000-ci ildə “İçərişəhər” DTMQ (Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi ilə birlikdə), 2007-ci ildə isə “Qobustan” Milli Tarix-Bədii Qoruğu, 2019-cu ildə Şəkinin tarixi hissəsi (Şəki Xan Sarayı ilə birlikdə) YUNESKO-nun Dünya İrsi Siyahısına salınmışdır.



Yüklə 33,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin