Ədəbiyyat siyahısı:
Əbdülhəsənli T., Hüseynova A. İşgüzar Azərbaycan dili. (dərs vəsaiti). Bakı,2006
Hüseynov S. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı,2009
Cəfərov V. Diplomatik etiket və nitq mədəniyyəti. Bakı, 2009
Həsənova S. Nitq mədəniyyəti və üslubiyyat ( dərslik) Bakı, 2005
Fakültə: Pedaqoji İxtisas: Azərbaycan dili və ədəbiyyat müəllimliyi Kurs: I Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Müəllim: Xuraman Hacizadə Mövzu: Azərbaycan dilinin orfoqrafiyası və orfoepiyası
Azərbaycan dilinin orfoqrafiyası və orfoepiyası
Plan: 1.Orfoqrafiya haqqında 2.Orfoqrafiyanın prinsipləri 3. Şəkilçilərin yazılışı 4.Sözlərin bitişik, yarımbitişik(defislə)və ayrı yazılması 5.Sözlərin baş hərflərinin böyük yazılması 6.İxtisar edilən sözlərin və qısaltmaların yazılışı 7.İxtisar olunmuş sözlər və qisaltmalara aid qaydalar 8.Azərbaycan orfoqrafiyasının tarixinə dair. Orfoqrafiya yazılı nitqin normalarıdır. Bu normaların konkret dil vahidlərinə görə qanuniləşdirilmiş müxtəlif təzahürləri isə orfoqrafiyanın qaydalarını təşkil edir. Ədəbi dil normalaşdırılmış dil olduğundan onun istər şifahi, istərsə də yazılı növlərində müəyyən normalardan, qaydalardan istifadə olunur. Buna görə də ümumiləşdirilmiş halda orfoqrafiyaya belə tərif vermək olar: Ədəbi dilin yazılı növündən istifadə olunan orfoqrafik qaydaların məcmuyuna orfoqrafiya deyilir. Orfoqrafiya-mənşəcə yunan sözü olub iki hissədən ibarətdir. Birinci hissə orthos-düzgün, ikinci hissə grafho-yazıram deməkdir. Yazılı ədəbi dilin inkişafında orfoqrafiya xüsusi rol oynayır. Belə ki, ümumxalq tərəfindən qəbul edilmiş düzgün və vahid orfoqrafik qaydalar yazını sabitləşdirir, onun imkanlarını artırır və bunun da əsasında yazılı ədəbi dil inkişaf edir. Orfoqrafiya ədəbi dil ilə danışıq dili arasındakı fərqlərin azalmasına xidmət edir. Orfoqrafiyanın bir sıra xüsusiyyətləri, vacib əlamətləri vardır. Bu əlamətlər əsasən aşağıdakılardan ibarətdir:
1.Yazıda orfoqrafiya qaydalarına riayət etmək hamı üçün məcburidir. Orfoqrafiya qaydalarını dəyişmək, ona əlavələr etmək üçün heç kəsə hüquq verilmir. Hamı orfoqrafik qaydalara eyni dərəcədə riayət etməli, onun qaydalarını pozmamalıdır.
2.Orfoqrafiya nitqin məzmununu aydın və düzgün əks etdirir. Yazılı ünsiyyət üçün fikrin düzgün yazılmasına xidmət edir.
3.Orfoqrafiya qaydaları vahid olur. Orfoqrafiya bir sözün, yaxud ünsürün iki formada yazılıb dolaşıqlıq əmələ gətirməsinə imkan vermir.
4.Orfoqrafiya qaydaları mümkün qədər sabit olmalıdır.
5.Orfoqrafiya daima dilin inkişafını izləyir, köhnəlmiş qaydaları atıb, yenilərini qəbul etmək yolu ilə təkmilləşir, inkişaf edir. Dildəki dəyişikliklər müntəzəm olaraq qanunauyğun surətdə orfoqrafiyada öz əksini tapır.
Orfoqrafiya qrafika ilə əlaqədardır. Qrafikada olan bu və ya başqa dəyişiklik, eyni zamanda, orfoqrafiyada da özünü göstərir. Orfoqrafiya qrafika ilə əlaqədar olduğu kimi, həm də ondan fərqlənir. Belə ki, qrafikada dilin ayrı-ayrı səslərinin yazıda hansı vasıtələrlə və necə əks olunması imkanları tələb olunur. Orfoqrafiyada isə sözlərin və onların hissələrinin yazılışı müəyyənləşdirilir.
Yazılı nitqin normaları və onun müxtəlif təzahürləri sayılan qaydalar isə müəyyən prinsiplər əsasında müəyyənləşdirilir. Bu prinsiplər bir çox xalqların yazı-orfoqrafiya normalarının müəyyənləşdirilməsində istifadə olunmasına görə, ümumi prinsiplər kimi nəzərə çarpsa da, hər bir dilin öz daxili qanunları və həmin dildə danışanların ümumiləşdirilmiş tələffüz zövqləri ilə uzlaşdırıldığı üçün xüsusiləşdirilmiş prinsiplər kimi də tanınır.
Bir sözlə, orfoqrafiya ümumxalq dilinin, vahid milli dilin, xüsusən bizim dövrümüzdə mədəniyyətimizin ən vacib vasitələrdən biri sayılan yazılı nitqin qanuniləşmiş normalarıdır.