Əmtəənin insanın bu və ya digər tələbatını ödəmək qabiliyyəti onun istehlak dəyərini təşkil edir. İstənilən əmtəə istehlak dəyərinə malikdir. Tələbatın xarakteri bu zaman ən müxtəlif (fiziki, mənəvi) ola bilər. Onların Ödənilməsi yolları da müxtəlif ola bilər. Bəzi şeylər tələbatı istehlak şeyi (çörək, geyim və s.) kimi bilavasitə, digərləri isə istehsal vasitələri (dəzgah, xammal) kimi dolayısı ilə ödəyə bilir. Bir çox istehlak dəyərləri bir deyil, bir sıra ictimai tələbatları (məsələn, oduncaq kimyəvi xammal, yanacaq kimi, mebel istehsalı üçün istifadə olunur) ödəyə bilir.
Əmtəə şəklində xidmətlər çıxış edir. Onların xüsusiliyi nədədir?
Xidmətin istehlak dəyəri maddi formaya malik deyil.
Xidmətin istehlak dəyəri fəaliyyətin, canlı əməyin faydalı səmərəsidir.
Xidmətin maddi forması yoxdur, onu bilavasitə yığmaq olmaz, o yalnız istehsal anında istifadə oluna bilər.
İstehlak dəyərləri hər bir cəmiyyətin sərvətinin məzmununu təşkil edir.
İstehlak dəyərinin üç təzahür forması var; miqdar, natural forma, keyfiyyət. Keyfiyyət verilmiş istehlak dəyərinin faydalılığının, tələbata müvafiqliyinin, istehlakm konkret şəraitində tələbatı ödəməyə yararlılığının dərəcəsidir. Natural təsərrüfatda məhsulun istehlak dəyərini əmtəənin istehlak dəyərindən fərqləndirmək lazımdır. Natural təsərrüfatda əmək məhsulları istehsalçıların özləri üçün istehlak dəyəridir, əmtəələr isə başqaları üçün istehlak dəyəridir, yəni ictimai istehlak dəyəridir. Əmtəənin istehlak dəyəri bilavasitə istehlakçıya yalnız mübadilə yolu ilə keçir. Əmtəə yalnız insan tələbatlarını ödəmək xassəsinə deyil, həm də digər əmtəələrlə əlaqəyə girmək, başqa əmtəələrə mübadilə olunmaq xassəsinə malikdir. Əmtəənin müəyyən miqdarı nisbətlərində mübadilə olunmaq qabiliyyəti mübadilə dəyəridir. İstehlak dəyəri əmtəəni keyfiyyət baxımından səciyyələndirirsə, mübadilə dəyəri kəmiyyət baxımından səciyyələndirir. Əmtəənin məhz axırıncı xüsusiyyəti onu müqayisəyə gələn edir. Rikardo yazırdı: «Əmtəələrin mübadilə dəyəri onlarda təcəssüm olunan əməyin miqdarına əsasən müəyyən edilir».
Nemətin əmtəə olması üçün o həm istehlak, həm də mübadilə dəyərinə malik olmalıdır. Beləliklə, əmtəənin iki xassəsi əksliklərin vəhdətini yaradır:
əmtəələr istehlak dəyərləri kimi müqayisəyə gəlməyəndir, mübadilə dəyərləri kimi eyni növlüdür və keyfiyyətcə müqayisəyə gələndirlər;
eyni əmtəə bazarda eyni təsərrüfat subyekti üçün həm mübadilə, həm də istehlak dəyəri ola bilməz; satıcını mübadilə dəyəri, alıcını isə istehlak dəyəri maraqlandırır.
istehlak dəyəri reallaşdırılmazdan əvvəl əmtəənin mübadilə dəyəri reallaşdırılmalıdır. Bunun üçün ayrı-ayrı əmtəələrin istehlak dəyəri cəmiyyət tərəfindən tanınmalıdır. Əgər bu olmasa, əmtəə mübadilə dəyəri və deməli, istehlak dəyəri kimi də realizə oluna bilməz.
Əmtəənin vəhdəti və ziddiyyətliliyi bundadır (K. Marksa görə).
İctimai zəruri əmək məsrəfləri (İZƏM) istehsalın normal şəraitində, qabiliyyətin və əməyin intensivliyinin orta səviyyəsində, məhsulun orta keyfiyyətində və ictimai tələbatın müvafiqliyində verilmiş əmtəə növünün əsas kütləsinin istehsalına sərf olunan məsrəflərdir. Dəyər və mübadilə dəyəri öz aralarında biri-biri ilə sıx bağlı olan, lakin eyniyyət təşkil etməyən iki kateqoriyadır. Dəyər əmtəənin immanent (daxilən xas olan) xassəsidir, mübadilə dəyəri isə mahiyyətin mübadilə prosesində zahiri təzahürüdür. D.Rikardo qeyd edirdi ki, iqtisadi nəzəriyyədə məhz «də- yər» sözünün mənasındakı qeyri-dəqiqlik və qeyri-müəyyənlik kimi heç nə bu qədər çox yanlışlıq və fikir ayrılığı yaratmamışdır. Dünya iqtisadi ədəbiyyatı indiyə qədər də dəyər, faydalılıq, dəyərlilik kimi məfhumları müxtəlif şəkildə izah etməkdədir.