7.2. Dəyər, Dəyərlilik və faydalılıq XVIII və XIX əsrlər ərzində iqtisadçıların əmtəənin dəyəri məsələsi haqqında əsas konsepsiyaları formalaşdı. A.Smit dəyəri əmtəənin istehsalına sərf olunmuş əməyə, alınan əməyə (əmək haqqına), əmək haqqının, mənfəət və torpaq rentasının cəminə bərabər tuturdu. D.Rikardo və D.R.Mak-Kullox onu istehsal xərcləri, J.B.Sey istehsalın üç amili, D.Loderdel təklif və tələblə müəyyən edirdilər. K.Marks və F.Engels onların mübahisələrini nəzərdən keçirərək belə bir nəticə çıxartdılar ki, dəyər ictimai mücərrəd əmək məsrəflərinin maddi formasıdır və istehsal xərclərinin faydalılığa nisbətini ifadə edir. İqtisadiyyat elmində həm əmtəənin dəyər kəmiyyəti, həm də müvafiq olaraq qiyməti ilə bağlı mübahisələr davam etməkdədir. A.Smit dəyərin ölçüsü kimi bəzən əmtəənin istehsalı üçün zəruri olan iş vaxtını, bəzən isə əməyin dəyərini, D. Rikardo nisbətən pis istehsal şəraitində aşağı düşdüyü hallarda əmtəə istehsalına sərf olunan iş vaxtını götürürdü. S.Sismondi dəyərin kəmiyyətini bütün cəmiyyətin tələbatı ilə bu tələbatı ödəməyə kifayət edən əməyin miqdarı arasındakı nisbəti kimi izah edirdi. P.Samuelson, B.Klark və digərlərinin əsərlərində qiymətin formalaşmasına əlavə əmtəə (və ya əlavə miqdarda əmtəə) vahidlərininistehsalı ilə bağlı əlavə xərclər olan son hədd xərclərinin təsiri nəzərə alınaraq baxılır. Onlar faktiki olaraq qiymətin dəyişməsini təkrar istehsal şəraitində nəzərdən keçirirlər. Bu baxışların təhlili «dəyər» və «dəyərlilik » kateqoriyalarının əlaqəsini göstərməyə imkan verir. Hər şeydən əvvəl qeyd edək ki, əmtəənin dəyəri müəyyən konkret tarixi şəraitdə iqtisadi sərvətin təzahürünün xüsusi halıdır. Bəşəriyyət iqtisadi fəaliyyət, iqtisadi fəaliyyət isə məqsəd və vasitənin vəhdəti kimi iqtisadi sərvət olmadan mövcud ola bilməz. Əmtəə istehsalı şəraitində iqtisadi sərvətlər dəyər formasını alırlar. İqtisadi sərvət dəyərə nəzərən başlanğıc kateqoriya olmaqla dəyərin əsası kimi qəbul edilir. Sərvətin mahiyyəti, onun substansiyası, məqsədi (nəticəsi) və vəsaiti (məsrəfi) özündə ehtiva edən müəyyən iqtisadi fəaliyyətdir. İqtisadi sərvət öz növbəsində nəticənin (faydalılığın) və məsrəflərin vəhdətidir. İqtisadi dəyərlilik nemətin iqtisadi faydalılığı və onun istehsalına sərf olan iqtisadi məsrəflərin vəhdətidir. Yalnız məhdud nemətlər dəyərliliyə malikdir. Ona görə də nemətin nadirliyi (məhdudluğu) dəyərliliyin ünsürüdür. Məlum olduğu kimi, nadirlik iki əlamətlə şərtlənir: nemətin təbiətdə az miqdarda ehtiyatı və bununla əlaqədar olaraq onların əldə edilməsi üçün əmək məsrəfinin zəruriliyi ilə. Artıq XIV əsrdə nemətlərin dəyərliliyinin onların nadirliyin- dən asılı olması göstərilirdi, ona görə də su və hava (daha faydalı olmalarına baxmayara) qızıldan az qiymətləndirilir. Nemətlərin iqtisadi faydalılığı onların məhdudluğu, tələbatların təmin edilmə dərəcəsindən asılı olduğu üçün nemətlərin istehsalının artması onların iqtisadi faydalılığı- nın artmasına düz mütənasib deyil, belə ki, bu nemətlərin mövcud miqdarının artması ilə onlar qiymətdən düşür, məhdudluğunu itirir, nisbətən az faydalı olurlar. Adları çəkilmiş hər iki prosesin qarşılıqlı məhdudlaşdırma mexanizmi faydalılıq və məsrəflər arasındakı funksional əlaqəyə əsaslanır: nemətin istehsalının eyni qaydada artması (onlarla bərabər resursların məsrəfinin də) eyni zamanda həm nemətin iqtisadi faydalılığının artmasını ləngidir, həm də iqtisadi məsrəflərin artmasınısürətləndirir. İqtisadi məsrəflər və iqtisadi faydalılıq birlikdə dəyərlilik yaradaraq, məqsədəuyğun fəaliyyətə, xüsusilə də iqtisadi fəaliyyətə xas olan özünütənzimetmə prinsipini həyata keçirir. Dəyər, dəyərlilik, faydalılıq, qiymət, tələb və təklif kateqoriyalarının qarşılıqlı əlaqəsini aydın və aşkar dərk etmək üçün şəkil 9.2-də verilmiş sxemi nəzərdən keçirmək lazımdır.